Məhkəmə qərarları › İş №2-1(112)-1584/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1584/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1584/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 1249 “a”/T saylı bağ sahəsinə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin AR İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X6 və İstisamarı Birliyinin xx.xx.1995-ci il tarixli, 25966 saylı müqaviləsi ilə Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 1249 “a”/T saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Sonradan BTİ və İB tərəfindən iddiaçı ilə xx.xx.2005-ci il tarixli, 25966 saylı yeni müqavilə bağlanmışdır. Artıq uzun illərdir ki iddiaçı bağ sahəsindən fasiləsiz olaraq istifadə edir. Hal-hazırda iddiaçı torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla əlaqədar olaraq iddiaçı müvafiq sənədləri toplayıb cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina etmişdir. Cavabdeh imtina məktubunda iddiaçıya bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. İddiaçı bununla razı deyil, iddiaçının hal-hazırda istifadə etdiyi bağ sahəsi 1963-cü ildən iddiaçının ailəsinin istifadəsində olmuşdur. İddiaçının bağ sahəsinin yanında anası X2 da 0,12 ha torpaq sahəsindən ibarət olan 1249 A saylı bağ sahəsi yerləşir, orada ev tikilmişdir. Bağ sahələri yan-yanadır. Həmin bağ sahəsini də anasının vəfatından sonra iddiaçı istifadə etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyi qərara almışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtinasında bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1249 saylı bağ sahəsi göstərilən sahədən təqribən 330 m şimalda yerləşməlidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********96 saylı və 11,05.2022-ci il tarixli, **********12 saylı cavab məktubları ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın) (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Bağın icarəyə verilməsi haqqında 26 sentyabr 1995-ci il tarixli 25966 №-li müqavilə ilə xx.xx.1995-ci il sərəncamının 1211 nömrəli protokoluna əsasən İddiaçı Əkbər oğluna 0,12 ha bağ sahəsi təhvil verilmişdir.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı və istismar Birliyi Pirşağı ərazisindəki 1249a/T nömrəli bağın istifadəyə verilməsi haqqında 25966 saylı Müqavilə xx.xx.2005-ci il tarixli İddiaçı Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 1249a/T №-li bağ istifadəyə verilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ilə müayinə aktını məhkəmə təqdim etmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, Pirşağı bağ massivi 1249a/T saylı bağ sahəsinin (1200.0 kv.m) bir tərəfi qonşu hasar üç tərəfi isə şərtidir. Şərti göstərilən 1200.0 kv.m sahədə tikili yoxdur. Ümumi sahədə isə 1 mərtəbəli ev və həyət tikilisi var. Bağ sahəsinin arxiv çizgisində göstərilən ölçüləri ilə faktiki göstərdiyi ölçülər arasında uyğunsuzluq var.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən sözügedən ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından cavabdeh qurum tərəfindən araşdırma aparmaq mümkün olmamışdır.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1249 və 1249a bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar olunmamışdır.

10. Cavabdeh qurum tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsinə (X5) bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan 1249 a/T saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2005-ci il tarixlii 25966 saylı müqavilə arxiv qovluğunda mövcuddur.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin idarəyə ünvanlanmış müraciətin əsasında hazırlanmış müayinə aktının təsdiq olunmuş surətinin təqdim olunması barədə xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1249 T və 1249a/T saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktında bildirilmişdir ki, 1249 T və 1249 a/T saylı bağ sahəsi ümumi hasar daxilindədir. Ara sərhədlərinə 5 daş hündürlüyünə mişar daşı düzülərək ayrılıb. 1249 a/T saylı bağ sahəsində 1 mərtəbəli ev var. 1249/T saylı bağ sahəsinin icarə müqaviləsində və arxiv cizgisində göstərilən ev sökülmüşdür, tikili yoxdur. 1249a/T saylı bağ sahəsi arxiv cizgisində göstərilənlə uyğunsuzluq təşkil edir belə ki, arxiv cizgisinə əsasən 1249 a/T saylı bağ sahəsi 1249/T saylı bağ sahəsinin şimal hissəsində yerləşməlidir, lakin həmin sahə digər vətəndaşın adına başqa bağ sahəsi kimi qeydiyyatdan keçib. Vətəndaşın nümayəndəsi həmin sahəyə iddiası olmadığını bildirdi və faktiki göstərdiyi sahənin 1249 a/T saylı bağ sahəsi kimi qeydiyyata alınmasını istəyir.

12. Məhkəmədə şahid qismində dindirilmiş X5 bildirdi ki, 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işləyib, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olub, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləyib. X4 torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işləyir. Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. Ləhiş bağ massivində torpaqların sürüşməsi olmayıb, bağların zəbt halları çox olub. Belə ki, hər hansı bir şəxsə torpaq sahəsi verilirdi, sonra həmin torpaq sahəsi başqa bir şəxs tərəfindən zəbt olunurdu. Bağların sıralanmasında qeyd edilən “T” abreviaturası “təzə” deməkdir, 1249/t və 1249 nömrəli eyni bağ sahələridir, vaxtilə həmin hərfin əlavə edilməsində məqsəd yeni bağ massivinin fərləndirilməsi idi. Qeyd edilən 1249 (1249t ilə eynilik təşkil edən) və 1249a (1249a/t ilə eynilik təşkil edən) bağ sahələri vahid 0,38 ha torpaq sahəsinin daxilində ayrılıqda hasarı olmaqla yerləşir.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

25. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

28. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçının adına rəsmiləşdirilmiş Pirşağı qəsəbəsindəki sahəsi 0,12 ha olan 1249 a/T saylı bağ sahəsinə dair bağlanmış müqavilənin arxiv nüsxəsi mövcuddur.

29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, həmin torpaq sahəsi 1249T saylı bağ sahəsinin şimal hissəsində yerləşməlidir, lakin həmin sahə digər vətəndaşın adına qeydiyyatdan keçib və iddiaçı hazırda istifadəsində olan sahənin 1249 a/T saylı olduğunu iddia edir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh 1249 a/t saylı bağ sahəsinin 1249T saylı bağ sahəsinin şimal hissəsində yerləşməli olduğunu qeyd etsə də, qeyd edilən dəlili təsdiq edən hər hansı mötəbər əsaslandırma təqdim etməmişdir və hüququn qeydiyyatı zamanı hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqla bağlıdır.

31. Qeyd edilən məsələ “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz ölkəmizdə torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir.

32. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki (qeyd edilən səlahiyyətlər cavabdeh tərəfindən həyata keçirilməlidir): 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

33. Odur ki, məhkəmə araşdırması nəticəsində 1249 a/t saylı bağın faktiki sahəsinin sənəddə olduğu kimi 0,12 ha olduğu və torpağın faktiki istifadə vəziyyətinin digər şəxslərin hüquqlarının pozmadığı müəyyənləşdirilmişdir.

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 1249 a/T saylı bağın ərazisinə uyğun gələn (və hər hansı digər şəxsə ayrıldığı müəyyən edilməyən) bağa dair iddiaçının hüquqları qeydə alınmalıdır.

35. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

36. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

37. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Pirşağı bağ massivində sahəsi 0,12 ha olan 1249 a/T saylı bağa İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar