Məhkəmə qərarları › İş №2-1(112)-15843/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15843/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15843/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində İddiaçı barəsində qəbul edilmiş qərarın ləğv edilməsi, İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin (orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə müəyyən edilmiş əlillik) və onun əsasında ödənilən aylıq müavinətin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması və xx.xx.2024-cü il tarixindən hazırki mübahisəyə dair qərar qanuni qüvvəyə minənədək olan dövr ərzində ödənilməli olan müavinət hesablanaraq İddiaçı ödənilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, ona müddətsiz olaraq İİ qrup əlillik və müavinət təyin edilmişdir. İddiaçıya odlu silahla kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının, qabırğanın zədələnməsi, hemopnevmotoraks, birinci dərəcəli tənəffüs çatışmazlığı, diafraqma gümbəzinin yuxarı hissəsində yad cisim (güllə) diaqnozu qoyulmuşdur. Hal-hazırda iddiaçı bədənində yad cisimlə və həmin yad cismin törətdiyi öskürək, dərin nəfəs aldıqdan sonra qəfil güclənən sinə ağrısı, nəfəs darlığı, taxikardiya, oksigen çatışmazlığı kimi ağır fəsadlarla yaşamağa məcbur olmuşdur. Orqanizmində yad cisimlə yaşaması potensial olaraq onun həyatını təhlükə altına alan bir vəziyyətdir. Lakin bu qədər ağır vəziyyətdə olmasına baxmayaraq ona təyin edilmiş müddətsiz əlillik və müavinət tamamilə əsassız olaraq ləğv edilmişdir. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 2-Q/K-205/1- 31/24 sayh arxiv arayışı ilə də təsdiq edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər Hospitalında), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Əhmədbəyli Hospitalında), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə və xx.xx.1993- cü il tarixdə, xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Ona kontuziya, sağ kürək nahiyyəsindən keçən kor güllə yarası, döş qəfəsinin odlu silah güllə yaralanması, hemopnevmotoraks, sağ döş qəfəsinin 1\2 odlu silah kor güllə yaralanmasından sonrakı vəziyyəti, hemopnevmotoraks, sağ 10-cu qabırğanın sınığı, 1-ci dərəcəli tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdur. Eyni zamanda həmin arayışda qeyd edilmişdir ki, yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Aşağıda qeyd edilən arayışlarla müəyyən olunur ki:

1. 15.06.1995-ci il tarixli, VTE-10 seriyalı, 062428 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1996-cı il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

2. 05.06.1996-cı il tarixli, VTE-7 seriyalı, 038155 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1997-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

3. 04.06.1997-ci il tarixli, VTE-8 seriyalı, 020175 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1998-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

4. 19.05.1998-ci il tarixli, AR seriyalı, 024684 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1999-cu il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

5. 20.05.1999-cu il tarixli, AR seriyalı, 129935 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2000-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

6. 26.05.2000-ci il tarixli, AR seriyalı, 233032 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2001-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

7. 29.05.2001-ci il tarixli, AR seriyalı, 362541 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2002-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

8. 31.05.2002-ci il tarixli, AR seriyalı, 422785 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2003-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir.

9. 30.05.2003-cü il tarixli, AR seriyalı, 532501 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübııtlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK- in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir.Yuxarıda qeyd edilən sənədlərdən aydın olur ki, iddiaçı dəfələrlə müayinədən keçmiş və ona müddətsiz olaraq əlillik təyin edilmişdir. Müddətsiz əlillik təyin edildiyi vaxtdan iddiaçının vəziyyətində heç bir dəyişiklik və yaxşılaşma olmadığı halda Agentlik tərəfindən onun tam reabilitasiya olması qənaətinə gəlinmiş və bu barədə qərar verilmişdir. Qərarın isə hansı qanuni əsaslara və sübutlara istinad edilərək qəbul edildiyi məlum deyildir. Çünki həmin qərar qəbul edilərkən Agentlik müddətsiz əlilliyin təyini ilə bağh qərara hansı səbəbdən şübhə ilə yanaşdığını bildirməmiş və iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Əgər iddiaçının faktiki vəziyyəti əsas götürülərək qərar qəbul edilsə idi, müddətsiz əlillik ləğv edilə bilməzdi, çünki iddiaçı nəinki tam reabilitasiya olmamışdır, hətta əksinə olaraq həyatını təhlükə altına alan bir vəziyyətdədir. Digər bir məqam isə əlilliyin müddətsiz təyin edildiyi halda sonradan ləğv edilməsidir. Müddətsiz olaraq əlilliyin təyin edilməsi zamanı inzibati orqan tərəfindən iddiaçının əliliyinin yenidən qiymətləndirilməsi yolverilməzdir. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmal Məktubunun 85-ci bəndinə əsasən “Ali Məhkəmənin çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67,2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarım, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır”. Bu nöqteyi-nəzərdən Agentlik tərəfindən iddiaçının heç bir hüququ təmin olunmamış, onu dinləməyə ehtiyyac görülməmiş, onun icraatın heç bir mərhələsində iştirakına şərait yaradılmadan özbaşına və əsassız olaraq qərar qəbul edilmiş, hətta həmin qərarla iddiaçının tanış olmasına belə imkan yaradılmamışdır. Halbuki inzibati orqan tərəfindən qəbul edilmiş qərar şəxsə rəsmi qaydada verilməli və onun hüquqlarını pozan qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməsinə şərait yaradılmalı idi. Buna görə də qərar qanunvericiliyin tələblərini pozduğu üçün ləğv edilməli və iddiaçının müddətsiz əlilliyi, həmin əlilliyə görə ona təyin edilmiş müavinət bərpa edilməlidir.

3. İddiaçı (dəftərxana vasitəsilə) ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

14. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

15. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

16. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

17. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar