Məhkəmə qərarları › İş №2-1(112)-1585/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1585/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1585/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi X10 və (vəkili) X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 piştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2656 nömrəli qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08 iyun 2021-ci il tarixli **********2656 nömrəli Qərarı ləğv olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X5 tərəfindən 08 iyun 2021-ci il tarixli **********2656 nömrəli Qərara əsasən 6000 (altı min) manat cərimə edilib. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi xidməti müşavirləri tərəfindən 27 may 2021-ci il tarixində operativ vergi nəzarət keçirilib. Keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021-ci il tarixli DVX seriyalı 002445 nömrəli aktda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarını aşkar edilməsi göstərilmişdir. Həmin aktın 2-ci səhifəsində 11 (on bir) işçidən yalnız bir işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi göstərilmişdir. Həmin aktda qeyd olunan siyahıda da yalnız bir nəfərin adı, X4 adı göstərilmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X5 tərəfindən tərtib olunan 08 iyun 2021-ci il tarixli **********2656 nömrəli Qərarda 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi və buna görədə 6000 (altı min) manat məbləğində cərimə ödəməli olduğu göstərilmişdir. Vergi müşavirləri tərəfindən tərtib olunan 27 may 2021-ci il tarixli DVX seriyalı 002445 nömrəli aktda yalnız bir nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərildiyi halda, heç bir əsas olmadan, qərəzli şəkildə qəbul olunan 08 iyun 2021-ci il tarixli **********2656 nömrəli Qərarda 3 (üç) nəfər fiziki şəxs göstərilmişdir. "İnzibati İcraat haqqında" Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 08 iyun 2021-ci il tarixli **********2656 nömrəli Qərarda 3 (üç) nəfər fiziki şəxs göstərilərək hansı tədqiq olunmuş fakt və sübutlara əsaslandığı məlum deyildir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********1095 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmararının aparılması qaydalarına riaayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı ünvan 1 ünvanında yerləşən “FACE STUDİO” gözəllik salonu obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 002445 nömrəli akt (bundan sonra “Akt”) tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********2656 nömrəli qərarı (bundan sonra “Qərar”) ilə vergi ödəyicisi İddiaçı 6000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi, bir nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərildiyi halda, heç bir əsas olmadan qərəzli şəkildə 3 nəfər göstərilməsinə dair cavab olaraq bildiririk ki, akt tərtib olunan xx.xx.2021-ci il tarixdə 3 nəfər, X1, X8 və Hüseynova Osandıq(Sorfg) İspər qızı izahat verərək bildirmişlər ki, onlar İddiaçı sahibkarlıq məqsədi ilə fəaliyyət göstərdiyi obyektə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi kimi çalışmışlar. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Qgnək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının eiektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 49.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 7-ci maddəsinin 2- 1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin məcəllənin 48-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Həmin məcəllənin 87-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər İddiaçı vergi orqanı tərəfindən hesablanmış maliyyə sanksiya məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir.

4. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə vəsatət təqdim edilərək iddianın mümkün sayılmaması xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar elektron üsulla iddiaçıya təqdim edilmiş və həmin qərarın mübahisələndirilməsi müddəti ötürülmüşdür.

5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002445 nömrəli aktda 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması göstərildiyi halda qərəzli olaraq xx.xx.2021-ci il tarixli, **********2656 nömrəli qərarda 3 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etiraz ərizəsində bildirir ki, xx.xx.2021-ci il tarixdə 3 nəfər-X6, X8 və Osandıq (Sona) İspər qızı izahat verərək bildirmişlər ki, onlar İddiaçı obyektində əmək müqavilələri qüvvəyə minmədən fəaliyyət göstərmişlər. Əgər həqiqətən 3 nəfər fiziki şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşlarsa bəs niyə xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002445 nömrəli aktda 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması göstərilirdi. Həmçinin bildirmişdir ki, xx.xx.2021-ci il tarixli, **********2656 nömrəli qərar da həmin akt əsasında qəbul edilmişdir.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

11. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

13. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

14. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

15. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

16. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

17. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

18. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1027 ünvan 2 ünvanında yerləşən VÖEN:********** üzrə İddiaçı məxsus 20001 Face Studio-da cavabdeh tərəfindən operativ vergi nəzarətinin təyinatı üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.4-ci maddəsinə əsasən vergi qanunvericiliyinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, qeyd edilən əsas qismində vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələr arasındakı uyğunsuzluq olmuşdur. Odur ki, məhkəmə operativ vergi nəzarətinin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.

19. İşin mübahisəli halı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№002445 aktın məzmunudur: - İddiaçı tərəfindən təqdim edilən və əsli iş materiallarına əlavə edilən aktın iddiaçıda olan nüsxəsində Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1(bir) nəfər şəxsin müəyyən edildiyi, akta əlavə edilən siyahıda həmin şəxsin AZE 07363440 şəxsiyyət vəsiqəsinin sahibi X7 olduğu qeyd edilmişdir. Qeyd edilən aktın əsli vergi ödəyicisi və vergi orqanının nümayəndələri tərəfindən imzalanmışdır. - Cavabdeh tərəfindən “əsli ilə düzdür” qeydi ilə təqdim edilən aktda Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər şəxsin müəyyən edildiyi, akta əlavə edilən siyahıda həmin şəxslərin AZE 07363440 şəxsiyyət vəsiqəsinin sahibi X7, AZE 13905765 şəxsiyyət vəsiqəsinin sahibi X6, AZE 17834510 şəxsiyyət vəsiqəsinin sahibi X9 olduğu qeyd edilmişdir.

20. Məhkəmə tərəfindən cavabdehə qeyd edilən aktın təqdim edilməsi təklif edilmiş, aktın vergi orqanında olan nüsxəsinin əsli məhkəməyə təqdim edilməmişdir.

21. İddiaçıya aid salonda aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş aktın iddiaçıda olan nüsxəsində 1 nəfər şəxsin əmək müqaviləsi olmadan işləməsi qeyd olunsa da, həmin xüsusatla bağlı cavabdeh tərəfindən təqdim edilən inzibati icraat materiallarında faktiki olaraq vergi orqanının nümayəndələri tərəfindən 3 nəfərin izahatı alınmışdır.

22. Məhkəmə qeyd edir ki, həmin izahatların hər birində izahat verən şəxslər iddiaçı ilə əmək münasibətlərində olmasını təsdiq etmişlər: -X7 verdiyi izahatında xx.xx.2021-ci il tarixdən Məhəmməd Hadi küçəsi 51 ünvanında yerləşən İddiaçı məxsus salonda xadimə işlədiyini, iş rejiminin həftənin 6 günü, gündəlik 6 saat olduğunu, əmək haqqının 350 manat olduğunu, tapşırıqları İddiaçı aldığını; - X6 verdiyi izahatında xx.xx.2021-ci il tarixdən Məhəmməd Hadi küçəsi 51 ünvanında yerləşən İddiaçı məxsus Face studioda əmək müqaviləsi bağlamadan saç ustası işlədiyini, həftənin altı günü, gündəlik altı saat olduğunu, əmək haqqının 200 manat olduğunu, tapşırıqları İddiaçı aldığını; - X9 verdiyi izahatında xx.xx.2021-ci il tarixdən Məhəmməd Hadi küçəsi 51 ünvanında yerləşən İddiaçı məxsus Face studioda əmək müqaviləsi bağlamadan saç ustası işlədiyini, həftənin beş günü saat 11:00-dan 16:00-a qədər, əmək haqqının 500-600 manat olduğu, tapşırıqları İddiaçı aldığını bildirmişlər.

23. Bununla belə, məhkəmə hesab edir ki, aktın iddiaçıda olan nüsxəsində 1 nəfər şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən olunduğundan (X7) həmin şəxsə münasibətdə tətbiq olunan maliyyə sanksiyası qanuni hesab edilə bilər. İzahat işəgötürən qismində iddiaçı ilə arasında əmək münasibətlərinin olması qənaətinə gəlmək üçün yetərlidir. Belə ki, həmin izahatda şəxsin nə vaxtdan işə başladığı, iş saatları, əmək haqı barədə məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Qeyd edilən şəxsin təsadüfi şəxs olduğu iddiaçı tərəfindən bildirilmir.

24. Vergi ödəyicisi və vergi orqanı tərəfindən təqdim edilən aktlardakı ziddiyyət vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

25. Məhkəmə hesab edir ki, operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№002445 aktın iddiaçıda olan nüsxəsində (əslində) iki nəfər barədə məlumatın olmaması (X6 və X9) həmin şəxslərlə bağlı tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi üçün yetərlidir. Odur ki, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək həmin şəxslərlə bağlanmış subicarə müqavilələrinə və sabit qəbz almaqla vergi ödəyicisi kimi fəaliyyət göstərmələrinə dair iddiaçının dəlillərinə münasibət bildirmir.

26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 iyun 2021-ci il tarixli **********2656 nömrəli Qərarı İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar