Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1586/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan bələdiyyəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “əmək haqqından tutulmuş pulların ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Suraxanı rayon Əmircan bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı ildə qeyd olunan dövr üzrə verilmiş hesabatlarda əmək haqqından hesablanaraq tutulmuş 156,18 manat pulun Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı 3cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (adi cəlb etmə). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. O, 1976-cı ildən 1993-cü il tarixə qədər Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsində Baş mühasib vəzifəsində işləmişdir. Ağdam şəhəri ermənilər tərəfindən işğal ediləndən sonra, o, Ağdam rayonundan məcburi köçkün kimi Bərdə şəhərində məskunlaşmışdır. İşlədiyi idarə də, Bərdə şəhərinə köçmüşdür. 2005-ci ilin yanvar ayının 14 qədər o, Bərdə şəhərində yerləşən MİS-də baş mühasib vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixdə o, Suraxanı rayon Əmircan Bələdiyyəsinin 03 nömrəli əmri ilə Baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Bundan sonra, iddiaçı əmək pensiyası üzrə hüququnun bərpa edilməsi üçün, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. O, həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1437/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə tərəfindən qərara alınmış hər iki qərarın müəyyən etdi hissəsində qeyd edilmişdir ki, Əmircan Bələdiyyəsi üzrə ümumi işçilərin əmək haqqından tutulmuş 3% və 22% tutmadan yanvar, fevral və mart ayları üzrə xx.xx.2006-cı ildə ödəniş tapşırığı №13-ə əsasən 695.25 manat, xx.xx.2006-cı ildə ödəniş tapşırığı №15-ə əsasən 322.50 manat, aprel ayı üzrə xx.xx.2006-cı ildə ödəniş tapşırığı №23-ə əsasən 286 manat ödənilmiş, 2006-cı ilin may və iyun ayları üzrə ödənişin olmadığını və qeyd olunan dövr üzrə verilmiş hesabatlarda (Əmircan Bələdiyyəsinin) texniki səhv olaraq iddiaçının adının qeyd edilmədiyi göstərilmişdir. Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı ildə qeyd olunan dövr üzrə verilmiş hesabatlarda iddiaçının adına əmək haqqından hesablanmış 156,18 manat cavabdeh Əmircan Bələdiyyəsinin səhvi ucbatından Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə keçirilməmişdir. Məhkəmənin qərarlarından sonra, iddiaçı, Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinə yazılı xəbərdarlıq ünvanlayaraq, Əmircan Bələdiyyəsi tərəfindən onun əmək haqqından aparılan tutulmaların Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilməsinin təmin edilərək, bu barədə ona məlumat verilməsini xahiş etmiş, cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Üçüncü şəxsin iddia ərizəsinə dair yazılı mülahizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin qanunvericiliklə tələb olunan kifayət qədər sosial sığorta stajına və pensiya kapitalına malik olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin qərarına əsasən iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən qərardan apellyasiya şikayəti, daha sonra kassasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində sığortaolunan İddiaçı (FİN xxxxxxx) **********104 nömrəli fərdi şəxsi hesabında sığortaedən Suraxanı rayonu Əmircan bələdiyyəsi tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının hesablanması və ödənilməsi aşkar olunmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında yazılı mülahizəyə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Suraxanı rayon Əmircan bələdiyyəsin 01/117 saylı, 18 noyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı, xx.xx.2005-ci il tarixdə əmr № 03-ə əsasən Əmircan Bələdiyyəsinə baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə əmr №16-ya əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı, yanvar ayında 114 manat (3% tutulma-3.42), fevral ayında 94 manat (3% tutulma-2.82), mart ayında 94 manat (3% tutulma-2.82), aprel ayında 94 manat (3% tutulma-2.82), may ayında 94 manat (3% tutulma-2.82), iyun ayında 135,20 (3% tutulma-4.06) manat əmək haqqı hesablanmış və ödənilmişdir. Əmircan Bələdiyyəsi üzrə ümümi işçilərin əmək haqqından tutulmuş 3% və 22% tutulmadan yanvar, fevral və mart ayları üzrə xx.xx.2006-cı ildə ödəniş tapşırığı №13-ə əsasən 695,25 manat. 31.03 2006-cı ildə ödəniş tapşırığı №15-ə əsasən 322.50 manat, aprel ayı üzrə 16.05 2006-cı ildə ödəniş tapşırığı №23-ə əsasən 286 manat ödənilmiş, may və iyun ayları uzrə ödəniş 2006-cı ildə olmamışdır. Qeyd olunan dövr üzrə verilmiş hesabatlarda texniki səhv olaraq İddiaçı adı qeyd edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində sığortaolunan İddiaçı (FİN xxxxxxx) **********104 nömrəli fərdi şəxsi hesabında sığortaedən Suraxanı rayonu Əmircan bələdiyyəsi tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının hesablanması və ödənilməsi aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1830/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X1rşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərarda göstərilmişdir ki, “Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) iddiaçının adı sığortaolunan kimi qeyd edilməmişdir. Belə olan halda xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilir”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1437/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1830/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 01/95 nömrəli imtina məktubunda mübahisə predmeti ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bakı şəhəri Əmircan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı əmrinə əsasən iddiaçı baş mühasib vəzifəsinə qəbul edilmişdir. Bakı şəhəri Əmircan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı əmrinə əsasən iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Əmircan Bələdiyyəsinin əməkdaşlarının 2005-ci il üçün yanvar-may ayları üzrə əmək haqlarının hesablanması cədvəllərində iddiaçının adı qeyd edilmiş və onun əmək haqqından müvafiq tutulmaların aparılması öz əksini tapmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək haqqından tutulmuş pulların ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1.). Fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır (1.0.9.). Pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir (1.0.10.). Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir (6.2.). Göründüyü kimi vətəndaşların pensiya kapitalının formalaşmasında əsas rolu məcburi dövlət sosial sığortası vəsaitləri tutur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (1.1.1.). sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir (1.1.7.). sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir (1.1.8.). məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir (1.1.10.). dövlət sosial müdafiə fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur (1.1.11.). Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək (10). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, sığorta olunanın əmək haqqı və digər gəlirlərindən tutulan sosial sığorta haqlarının sığortaçıya ödənilməsi sığorta edənin vəzifələrindən biridir. Belə ki, məcburi dövlət sosial sığorta haqları (bundan sonra - MDSS) üzrə sığorta edən kimi çıxış edən işə götürənlər işçilərin (sığorta olunanların) gəlirlərindən MDSS üzrə tutulmaları apararaq onu sığortaçıya ödəməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Əmircan bələdiyyəsində mühasib vəzifəsinə qəbul edilmiş və xx.xx.2006-cı il tarixində işdən azad edilmişdir. Onun xx.xx.2006-cı ildən işdən azad olunduğu xx.xx.2006-cı ilə qədər olan dövr ərzində əmək haqqından MDSS üzrə tutulmalar aparılsa da, həmin tutulmalar sığortaçıya ödənilməmişdir. Cavabdeh isə öz məktubunda həmin dövr üzrə hesabatlarda texniki səhv olaraq iddiaçının adının qeyd edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən hal, yəni cavabdeh tərəfindən iddiaçının əmək haqqından tutulmuş məbləğlərin sığorta edənə ödənilməməsi iddiaçının pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Cababdeh texniki səhv olaraq iddiaçının adının müvafiq siyahıda göstərilmədiyini bildirsə də, məhkəmə hesab edir ki, bu iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının əmək haqqından hesablanmış tutulmaların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən 2006-cı il üzrə verilmiş hesabatlarda İddiaçı əmək haqqından hesablanaraq tutulmuş 156 (yüz əlli altı) manat 18 (on səkkiz) qəpik pulun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1586/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1586/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver