Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1587/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Gülçülük Sovxozunun xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmrinə əsasən mərhum X5 hazırkı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu ünvanında 1500 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin əmrə əsasən Abşeron Rayon XDS İcraiyyə Komitəsindən xx.xx.1980-cı il tarixli, 61 nömrəli order alınmışdır. Lakin qeyd olunan tarixdən uzun müddət keçdiyinə görə həmin torpaq sahəsinə aid əmr və orderin əsli məlum olmayan səbəblərdən hansısa şəraitdə itmişdir. Həmin sənədlərin əldə olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda order və əmrlərin əsllərinin tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd edilmişdir. Sovxoz rəhbərinin müvafiq əmrinin əsli və sovxoz tərəfindən verilmiş yerləşmə cizgisinin təqdim olunması iddiaçıdan asılı olmayan səbəblərdən mümkün olmamışdır. Sənədlərin əldə olunması üçün iddiaçı tərəfindən lazımi tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderin kserosurətinin təsdiq olunmuş və müvafiq müşayiətçi möhür və imzalı sənədlə birlikdə əldə etmişdir. Daha sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət əsasında iddiaçıya idarə tərəfindən xx.xx.2023-cü il tarixli F962 nömrəli arxiv arayışı təqdim edilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilən Abşeron Rayon XDS İK-nın xx.xx.1980-cı il tarixli order ilə Şüvəlan qəsəbəsində mərhum X5 ayrılmış sahəsi 1500 m2 olan torpaq sahəsinin sxemi də mövcud şəraitdə təqdim oluna biləcək sübut kimi iddiaçı tərəfindən müvafiq quruma təqdim edilmişdir. Qeyd olunan sənədlər dövlət orqanları tərəfindən rəsmi şəkildə təqdim olunduğuna görə işin mübahisəsiz halı kimi nəzərə alınmalı və sənədlərin əsilləri ilə eyni hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu ünvanında yerləşən, sahəsi 1500 kv.metr olan torpaq sahəsi xx.xx.1974-cü il tarixdən iddiaçının istifadəsindədir və bu günə qədər heç bir üçüncü şəxsin həmin torpaq sahəsinə iddiası olmamışdır. Bu da işin mübahisəsiz halı kimi nəzərə alınmalı olan amillərdən biridir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, həmin ərizəyə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il, **********92 saylı cavab məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi sovxoz ərazisi olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun torpaq sahəsinin ayrılmasına dair sovxoz rəhbərinin müvafiq əmrinin əsli, həmçinin əmrin arxiv arayışı və sovxoz tərəfindən verilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Lakin iddiaçı tərəfindən order təqdim edilmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X7 xx.xx.1990-cı il tarixli, 61 saylı orderində göstərilmişdir ki, X2 xx.xx.1974-cü il tarixli əmri ilə həmin sovxoza fəhlə kimi işə qəbul edilmiş və 61 saylı ev və həyətyanı sahə onun istifadəsinə verilmişdir. Xəzər rayon İcra Hakimiyyəti Başçısının 455 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən vətəndaş X4 vəfat etməsi ilə əlaqədar, onun adına olan Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.metr olan, 2 otaqlı 61 saylı evin kirayə müqaviləsi nəvəsi Nümayəndə1 adına dəyişdirilmişdir. Abşeron rayon Dövlət Arxivinin məhkəmə sorğusuna 16 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayon Gülçülük sovxozunun sənədləri saxlanması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Abşeron rayon Dövlət Arxivinin məhkəmə sorğusuna 27 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron Rayon Gülçülük Sovxozu sənədləri saxlanması üçün Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir, lakin aparılan əlavə arxiv araşdırılması zamanı məlum olmuşdur ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 61 nömrəli orderinin verilməsinə əsas olan Abşeron rayon X7 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmrinə əsasən vətəndaş X5 1500 m2 torpaq sahəsi ayrılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Xəzər rayonu, Qala qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin faktiki ölçüsü 1600 kv.metr təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Yaşayış evi və həyət tikilisi mövcuddur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış öz əksini tapmışdır. İddiaçı Abşeron rayon X7 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmri ilə X5 həmin sovxoz ərazisində torpaq sahəsi ayrıldığına əsaslanaraq həmin torpaq sahəsinin məxsusluğu arayışını tələb edir. İddiaçının əsaslandığı yeganə sənəd X7 direktoru tərəfindən imzalanmış xx.xx.1990-cı il tarixli, 61 nömrəli orderdir. Həmin orderin məzmununda X7 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmri öz əksini tapmışdır. Lakin, orderin məzmunundan görünür ki, X7 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmri torpaq sahəsi ayrılması barədə deyil. Həmin əmrə əsasən X3 işə qəbul edilmişdir. Orderdə bunun ardınca isə X1 ərazisində 1500 kv.metr torpaq sahəsindən istifadə etmək hüququ ilə 61 nömrəli evin ayrıldığı qeyd edilmişdir. Lakin, torpaq sahəsi ayrılması barədə sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri və bununla bağlı sənədlər təqdim edilməmişdir. Həmin evə dair kirayə müqaviləsi hal-hazırda X4 nəvəsi olan Nümayəndə1 ayrılmışdır. Yəni göründüyü kimi X5 Abşeron rayon X9 tərəfindən hər hansı torpaq sahəsi ayrılmamışdır. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda Abşeron Rayon Gülçülük Sovxozu sənədlərinin saxlanması üçün Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi, lakin aparılan əlavə arxiv araşdırılması zamanı Abşeron rayon X7 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmrinə əsasən vətəndaş X5 1500 m2 torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Lakin, Abşeron rayon Dövlət Arxivi tərəfindən aparılmış “əlavə arxiv araşdırması”nın nədən ibarət olması və hansı mötəbər sübutlara əsaslanması məktubda əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1587/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1587/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver