Məhkəmə qərarları › İş №2-1(112)-15871/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15871/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15871/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “inzibati aktın etibarsız sayılması tələbi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin iddiaçı barəsində qəbul etdiyi Azərbaycan Respublikasına gəlişin qadağan edilməsi barədə 0545373/M saylı, 30 oktyabr 2023-cü il tarixli qərarın etibarsız sayılması” barədə qərarın qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin kiçik müfəttişi X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı iddiaçının törətdiyi qənaətinə gələrək barəsində MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli, “inzibati xəta haqqında” protokolu tərtib edib və həmin protokol əsasında da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin rəisi X3 barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsas götürülməklə “inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərar qəbul etmişdir. Eləcə də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin rəisi X3 barəsində, Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə 0545373/M saylı, 30 oktyabr 2023-cü il tarixli qərar qəbul edib. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİnin rəisi X1 barəsində qəbul etdiyi, Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə 0545373/M saylı, 30 oktyabr 2023-cü il tarixli qərarı etibarsız sayılmalıdır. Belə ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsas götürülməklə barəsində qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarın icrasından imtina etdiyi üçün qəbul edilib və ondan həmin qərarla etmədiyi inzibati xətaya görə cərimə ödəməyə məcbur edilir. İddiaçının isə “inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardan şikayət vermək hüququ var və hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ- nin ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli, “inzibati xəta haqqında” protokolu, eləcə də inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsində mübahisələndirilir və nə qədər ki, həmin protokol və qərar mübahisələndirilir və bu barədə yekun qərar yoxdur, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə 0545373/M saylı, 30 oktyabr 2023-cü il tarixli qərarın qəbul edilməsi yolverilməzdir və belə qərarı icra etmək kimsəyə məcbur edilə bilməz.

3. Cavabdehin etirazında bildirilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı Ashraf Zeeshanın iş icazəsi olmadan haqqı ödənilən fəaliyyətlə məşğul olması müəyyən edilərək barəsində Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ölkə hüdudlarından çıxarılmamaqla 400 manat miqdarında cərimə olunmuşdur. DMX-nin xx.xx.2023-cü il tarixli 0545373/M nömrəli qərarı ilə yuxarıda sözügedən qərarda göstərilən Miqrasiya Məcəlləsinin 16.1.8 və 16.4-cü maddələrinə əsasən ödənilənədək inzibati cərimə Azərbaycan Respublikasına gəlişi qadağan edilmişdir. İddiaçı həmin qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 3(005)-3409/2023 nömrəli qərarı ilə onun şikayəti təmin edilməmiş, DMX-nin sözügedən qərarı qüvvədə saxlanılmışdır (hakim Hafiz Kamranov). Əlavə olaraq, iddiaçının mübahisələndirdiyi hazırki məsələyə Bakı İnzibati Məhkəməsində baxılmamalıdır. Belə ki, sözügedən qərar inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş və ümumi məhkəmədə mübahisələndirilməkdədir. Odur ki, iddianın mümkün edilməməsi barədə müvafiq qəraq qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

7. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati tənbeh vermə haqqında qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

9. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciəti ilə yanaşı barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş, Nərimanov Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 3(005)-3409/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququnun izah olunmasına zərurət yoxdur.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd).

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar