Məhkəmə qərarları › İş №2-1(112)-15889/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15889/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15889/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Ekspertiza bölməsinin baş həkim mütəxəssisi vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə komanda üzrə Mərkəzi Hərbi Həkim Komissiyasının Ekspertiza bölməsinin rəisinin adına raportla müraciət edərək “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Onunla ehtiyata buraxılması ilə əlaqədar söhbət aparılmış və o, Hərbi Həkim Komissiyasına şəhadətləndirilməsi üçün göndərilmiş və şəhadətləndirilmişdir. Lakin, bugünədək ehtiyata buraxılması barədə müvafiq əmr verilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 01 iyun 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmiş, 05 iyun 2015-ci il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 22 sentyabr 2018-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 30 sentyabr 2019-cu il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmiş, 05 dekabr 2022-ci il tarixdən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında xidməti davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək 08 aprel 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirirlər ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki, həmin Qanunun 2.4.2-ci yarımbəndində “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsil almaq müddəti, eləcə də, ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkieçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir” göstərilmişdir. Yəni, İddiaçı 22 sentyabr 2018-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 30 sentyabr 2019-cu il tarixdə təhsilini bitirmişdir. Bu da, onu göstərir ki, iddiaçı 1 il müddətində rezidentura təhsilində olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunun zabiti kimi xidməti 9 il təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, iddiaçı X1 Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2015-ci il tarixli, 0282 nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 05 iyun 2015-ci il tarixli, 0287 nömrəli nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi təyin edilmişdir. Sonradan müxtəlif vəzifələrə təyin edilmiş və hal-hazıradək faəliyyətini davam etdirməkdədir.

8. xx.xx.2025-ci il tarixli raportun surətindən görünür ki, iddiaçı V.Məmmədov tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə Mərkəzi Hərbi Həkim Komissiyasının Ekspertiza bölməsinin rəisinə raport ünvanlamışdır.

10. İddiaçı ilə 10 aprel 2025-ci il tarixdə söhbət aparılmış və bu barədə Söhbət Vərəqəsi tərtib edilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına ali təhsil sənədlərinin surətləri əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən iddia tələbi üzrə məcburetmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir ki, hazırki işdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edildikdən sonra hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Ona tibb xidməti baş leytenantı hərbi rütbəsi verilmişdir. İddiaçı hazırda öz arzusuna əsasən ordu sıralarından tərxis olunması ilə bağlı əmrin verilməsini xahiş edir.

19. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, generalpolkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Gizilər və miçmanlar Baş çavuş Baş çavuş Kiçik gizir Kiçik miçman Zabitlər: Gizir Miçman Baş gizir Baş miçman Kiçik zabitlər Kiçik leytenant Kiçik leytenant Leytenant Leytenant Baş zabitlər Baş leytenenat Baş leytenant Kapitan Kapitan-leytenant Ali Zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan General-mayor Kontr-admiral General-leytenant Vidse-admiral General-polkovnik Admiral Ordu generalı

39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

21. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:

8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.

156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir (22 dekabr 2023cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir).

22. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

23. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının öz arzusu ilə müraciət etdiyi vaxtdan 15 iş günü ərzində ehtiyata buraxılmaq hüququ vardır. Eyni zamanda cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılma barədə xx.xx.2025-ci il tarixində hərbi hissə komandirinə raportla müraciət edilmişdir.

24. İş üzrə cavabdeh tərəfindən isə mübahisələndirilən məqam ondan ibarətdir ki, iddaçının öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması üçün 10 il xidmət ili mövcud deyildir və cavabdeh bu dəlili onunla əsaslandırır ki, 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə 156-cı maddəsinin “j” bəndinə əlavə edilmiş qeyd hissəsinə əsasən - Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Odur ki, iddiaçının xx.xx.2018 – xx.xx.2019-cu il tarixlərində almış olduğu 1 illik rezudentura təhsili onun 10 il xidmət ilinə daxil edilmlədiyindən, bununla da, onun qanunvericiliklə tələb edilən 10 il xidmət ilindən az, yəni 9 il xidmət ili olduğundan öz arzusu ilə ehtiyata buraxılması mümkün deyildir.

25. Məhkəmə cavabdehin bu dəlilinə münasibtədə qeyd edir ki, Əsasnamənin 156-cı maddəsinə “Qeyd” hissəsi 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və sözügedən Qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. İddiaçı isə öz rezidentura təhsilini xx.xx.2018 – xx.xx.2019-cu il tarixlərində almışdır. Belə olan təqdirdə sözügedən Qanunun iddiaçıya münasibətdə tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə zidd kimi qiymətləndirilməlidir.

26. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

27. Bundan əlavə qanunvericiliyin tələblərindən göründüyü kimi bir ildən çox olduqda rezidentura təhsilini xidmət illərinə daxil edilməsinə məhdudiyyət qoyulmuşdur. Lakin, iş materiallarında olan iddiaçıya məxsus ali təhsil sənədinin surətindən görünür ki, iddiaçının rezidentura təhsili müddəti bir il olmaqla xx.xx.2018 – xx.xx.2019-cu il tarixlərini əhatə edir.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə iddiaçının tələbi təmin edilməlidir.

29. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar