Məhkəmə qərarları › İş №2-1(112)-1589/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1589/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1589/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının müvafiq mənzillə təmin olunması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının müvafiq mənzillə təmin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq (başından) orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə onun əlilliyi müəyyən edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul olunmuşdur. O, dəfələrlə imtiyazlı şəxs kimi üçotaqlı mənzillə təmin edilməsinə hüququnun olmasına əsaslanaraq, cavabdehə müraciət etmişdir. Lakin cavabdehin 17 mart 2023-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh inzibati orqan faktiki imtinasının əsası kimi ailə üzvlərinin sayına uyğun olaraq ikiotaqlı mənzillə təmin edilmək hüququnun olduğunu bildirmişdir. İddiaçının üçotaqlı mənzillə təmin edilməsi hüququnun hansı normativ hüquqi akta əsasən olmaması barədə ona məlumat verilməmişdir. İmtinada «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad olunmuşdur. Cavabdehin iddiaçının üçotaqlı mənzillə təmin edilməsindən imtinası qanunsuz və əsassız hesab edilməli və onun üzərinə iddiaçının üçotaqlı mənzillə təmin edilməsi öhdəliyi qoyulmalıdır. Cavabdehin iddiaçıya ünvanladığı 17 mart 2023-ci il tarixli məktubda imtinanın hüquqi əsasları göstərilməmiş, yalnız «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021ci il tarixli 2449 nömrəli Sərəncamına istinad olunaraq, hüquqi əsas kimi hər hansı normativ-hüquqi akt qeyd olunmamışdır. Sadəcə iddiaçının ikiotaqlı mənizillə təmin ediləcəyi göstərilmişdir. İddiaçının dəlilləri aşağıdakılardan ibarətdir: Birincisi – iddiaçı iki oğlan övladı və arvadı ilə birgə kirayə mənzildə yaşayır. O, 1-ci Qarabağ müharibəsi zamanı yaralanmağına və əlil olmasına baxmayaraq mənzillə təmin olunmamışdır. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış iddiaçının dövlət tərəfindən mənzillə təmin olunmaq hüququ vardır. İkincisi – iddiaçının ikiotaqlı deyil, üçotaqlı mənzillə təmin olunmaq hüququ vardır. Ona görə ki. o. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisidir, filologiya üzrə fəlsəfə doktorudur. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 27-ci bəndində qeyd edilir ki, vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya 10 kv.m əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. Bu kateqoriyaya daxil olan şəxslərin siyahısında alimlər də nəzərdə tutulur. Məhz iddiaçının alim olması onun əlavə mənzil sahəsinə hüququnun olmasını şərtləndirir. Üçüncüsü – qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 29cu bəndinə əsasən yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. İddiaçının 2000-ci ildən indiyədək AMEA-nın Ədəbiyyat İnstitutunda işləməsini, onun övladlarının Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində təhsil almalarını nəzərə alaraq ona mənzil bu rayonun ərazisində verilməlidir. Göstərilənlərə və İPM-in 2.2.1, 2.2.3, 32.1, 38.1, 70-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının işlədiyi ərazidə (rayonda) üçotaqlı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 19 dekabr 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası tam əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 20 iyun 2014-cü il tarixli 569 nömrəli və «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə. əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvyəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında 4 sentyabr 2020-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmiş və ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balasında Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən mənzillər yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, hazırda qüvvə olan qanunvericiliyə görə mənzil ayrıması ilə bağlı adambaşı norma 16 kv.m-dir, dörd nəfər ailə tərkibi var, iş yeri və işinin spesifikası da nəzərə alınmaqla minimum 82 kv.m ölçüdə üç otaqlı mənzillə təmin olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərilən məzmunda izahat verdi və iddianın təmin olunmamasını məhəkmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı Bakı şəhəri Yasamal RİH-də 1-ci Qarabağ müharibəsinin əlili olaraq, 4 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisidir və filologiya üzrə fəlsəfə doktorudur. Hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ona ikiotaqlı mənzil ayrılması qərara alınmışdır. İddiaçı bununla razılaşmır və Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarının müddəalarına istinad edərək, adambaşı norma 16 kv.m, dörd nəfər ailə tərkibinin olması, iş yeri və işinin spesifikası nəzərə alınmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində minimum 82 kv.m ölçüdə üç otaqlı mənzillə təmin olunmasını tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: - (1.1) 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; - (1.2) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020 – 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi»nin 3.1.16-cı bəndinə görə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 26-cı bəndinə görə yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Yaşayış sahəsi bir otaqdan (birotaqlı mənzildən) ibarət olduqda və ya müxtəlif cinsdən olan şəxslər üçün nəzərdə tutulduqda (29-cu bənd), habelə bu Nümunəvi qaydaların 30-cu bəndinin birinci və ikinci abzasları ilə nəzərdə tutulan hallarda mənzil sahəsi normasından artıq da verilə bilər. Həmin Qaydaların 27-ci bəndinə görə vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qaydaların 29-cu bəndinə görə yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, ər-arvad istisna olmaqla, bir otağa köçürülməsinə yol verilmir. Yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. Əlillərə, qocalara, ürək-damar xəstəliklərinə və başqa ağır xəstəliklərə tutulmuş şəxslərə yaşayış sahəsi onların arzusu nəzərə alınmaqla aşağı mərtəbələrdə və ya lifti olan evlərdə verilir. Verilən yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən ailədə hamilə qadın olması nəzərə alınır. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla müvafuq həddə ayrılma norması müəyyən edərək yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, iddiaçı X4 tələbini əsaslandırarkən Azərbaycan SSR Nazirlər Kabinetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara istinad etsə də, həmin Qaydalarda mənzil sahəsi norması adama 8 kv.m-dən az olmamaqla, hazırda qüvvədə olan müvafiq qanunvericiliyin müddaəlarında isə 16 kv.m müəyyən edilmişdir. Bundan başqa, həmin Qaydalarda ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlara mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində yaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, ona alternativ vasitəsi kimi 10 kv.m əlavə sahənin də verilməsi əks olunmuşdir. Yəni, bir əlavə otağın verilməsi mütləq hal kimi şərtləndirilmir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının iki otaqlı mənzillə təmin edilməsi qərar alınması onun hüququ olduğu və bunun əsasında da qaldırdığı məsələnin qeyri-adekvat həlli kimi qəbul oluna bilməz. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Agentlik həmin Nazirliyin tabeliyindədir) Yasamal rayonu ərazisində mənzillərin olması öz təsdiqini tapmır. Bu xüsusatı cavabdeh inzibati orqan özü bildirsə də, bunun təkzibi, o cümlədən başqa şəxslərə həmin ərazidən mənzil ayrılmasını təsdiq edən sübutlar məhkəmə icraatında müəyyən olunmamışdır. Mənzilin sahəsinin ölçüdünə gəldikdə isə, adambaşına norma nəzərə alınmaqla (iddiaçı 4 nəfər ailə tərkibi ilə uçotdadır) iddiaçıya ən azı 64 kv.m sahəsi olan mənzil verilməlidir ki, hazırda mənzil bölgüsü aparılmadığından bu kriteriyaya riayət edilibedilməməsinin müəyyənləşdirilməsi məhkəmə icraatında mümkünsüzdür. Məhkəmə xüsusilə diqqətə çəkir ki, hətta iddiaçının üç otaqlı mənzillə təmin olunması ilə bağlı tələbinin təmin edilməsi gələcəkdə hazırkı cavabdehin imkanları daxlində olsa da belə, bu məsələyə baxılarkən başqa şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi”ni pozan və cavabdeh inzibati orqanın fəaliyyəti üzrə inzibati praktikaya zidd addımlar atılmamalıdır. Halbuki, iddiaçının da daxil olduğu müvafiq şəxslərin siyahısı üzrə vətəndaşalara ayrılacaq mənzillərin otaqlarının sayı müəyyənləşdirilsə də, hazırkı mərhələdə müvafiq mənzillərin faktiki bölgüsü aparılmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı müharibə əlili kimi iki otaqlı mənzil ayrılması barədə qərar qəbul edilməsi «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından mütənasib qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan Azərbaycan Respublikası Əəmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin hərəkəti (imtinası) qanuna zidd qiymətləndirilməməli və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının müvafiq mənzillə təmin olunması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının müvafiq mənzillə təmin olunması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar