Məhkəmə qərarları › İş №2-1(112)-15894/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15894/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15894/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 22 saylı doğum haqqında akt qeydində ad qrafasının “Əsgər” əvəzinə “Neman” kimi dəyişdirilməsi, doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 6 saylı Bakı Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, atası X10 xx.xx.1953-cü il tarixində Laçın rayonu, Cağazur kəndində anadan olmuş və xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Atanın vəfat etməsi ilə ondan qalan Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, ev 1, 64 saylı mənzillə bağlı vərəsəlik işinin açılması üçün müvafiq orqana müraciət etdikdə atasının doğum haqqında şəhadətnməsini tapmadığından mövcud vərəslik işi üzrə hüquqlarını həyata keçirə bilmədi. Odur ki, atasının doğum haqqında arayışının təqdim olunması üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etdikdə, məlum oldu ki, atasının doğum haqqında akt qeydində atasının adı “Neman” deyil yalnış olaraq “Əsgər” qeyd olunmuşdur. Buna görə də atasının doğum haqqında akt qeydində adının “Neman”-a dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixində 6 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə müraciət etdi. Müraciətinə gələn xx.xx.2025-ci il tarixli 3-16-5/7-R-841/2025 saylı cavab məktubunda bildirilmişdir ki, doğum haqqında akt qeydinin tərtib olunduğu Laçın rayon, Malıbəy kənd icra nümayəndəliyində aşkarlanmış 22 saylı, 1953-cü il (avqust) tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyad "Əhmədov”, ad "Əsgər", ata adı "Bəylər", doğum tarixi "xx.xx.1953-cü il göstərilmişdir. X10 ilə X4 eyni şəxs olmasını müəyyən etmək tərəfindən mümkün olmamışdır və buna görə də doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından ərizənin təmin eilməsi mümkün deyildir. Halbuki bütün rəsmi sənədlərdə-nikah haqqında şəhadətnamə, övladlarının doğum haqqında şəhadətnamələrində, attestatında, hərbi biletində, səkkiz illik təhsil haqqında şəhadətnaməsində, eləcə də ailə üzvləri və qohumları tərəfindən də atasının adının “Neman” olması təsdiqlənir. Odur ki, belə olan təqdirdə pozulmuş hüquqlarının hüquqi müstəvidə bərpa edilməsi məqsədilə atası X3 doğum haqqında akt qeydində ad qrafasının “Əsgər” əvəzinə “Neman” kimi dəyişdirilməsi, doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdeh üzərinə qoyulmasını məqsədəuyğun hesab edir və bunun üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafıq hesab edir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/7-12-841/2025 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Atanız-X5 doğum haqqında akt qeydində adının “Neman”-a dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətinizə baxılmışdır. Barəsində müraciət etdiyiniz şəxsin sonuncu şəxsiyyət vəsiqəsində soyadı “Əhmədov", adı “Nəman”, ata adı “Bəylər” qeyd olunmuşdur. Doğum haqqında akt qeydinin tərtib olunduğu Laçın rayon, Malıbəy kənd icra nümayəndəliyində aşkarlanmış 22 saylı, 1953-cü il (avqust) tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyad "Əhmədov”, ad “Əsgər", ata adı “Bəylər”, doğum tarixi “xx.xx.1953-cü il” göstərilmişdir. X11 ilə X4 eyni şəxs olmasını müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın 1-ci bəndinə, əsasən, doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığından ərizənin təmin olunması mümkün olmamışdır.”

4. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanan məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. AZE******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Vəsiqədə şəxsin atasının adı “Neman” kimi göstərilmişdir.

12. AZE******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1956cı il tarixdə anadan olmuşdur.

13. Vİİİ-JQ 341795 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamədə şəxsin atasının adı “X10” kimi göstərilmişdir. Milliyyəti azərbaycanlıdır.

14. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 4406 saylı attestatının surətinə əsasən X10 1976-cı il tarixdə təhsilini bitirmişdir. Sənəddə şəxsin adı “Neman” kimi göstərilmişdir.

15. İZ ******* saylı hərbi biletin surətinə əsasən xx.xx.1953-cü il təvəllüdlü X10 hərbi xidmət keçmişdir.

16. İİ-JQ 359216 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1953-cü il təvəllüdlü X10 ilə xx.xx.1956-cı il təvəllüdlü X8 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır. Arvada Əhmədova soyadı verilmişdir. Hər iki şəxsin milliyyəti azərbaycanlıdır.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilən Əhmədova (Kazımova) Mirvari Ənvər qızının Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1981-ci il tarixli 159 saylı nikah haqqında akt qeydinin surətinə əsasən xx.xx.1953-cü il təvəllüdlü X10 ilə xx.xx.1956-cı il təvəllüdlü Əhmədova (Kazımova) Mirvari Ənvər qızı arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır.

18. Məhkəmənin sorğusuna əsasən X1 Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Əhmədova (Kazımova) Mirvari Ənvər qızının X10 ilə nikahı haqqında məlumat aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydinin kserosurəti təqdim edilmişdir

IV. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. X1 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi X1 qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən X1 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: X1 qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

21. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

22. İddia tələbi iddiaçının mərhum atasına məxsus olmuş doğum akt qeydində ad qrafasının “Əsgər” əvəzinə “Neman” kimi düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X1 dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X1 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

24. Qanunveriliyin tələbindən də göründüyü kimi X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

25. Məhkəmə qeyd edir ki, iddiaçının AZE******** nömrəli şəxsiyyət vəsiqəsində atasının adının “Neman” olması iş materialları ilə müəyyən edilir. İddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur, şəhadətnamədə atasının adı “X10” kimi, Laçın rayon Malıbəy kənd icra nümayəndəliyində aşkar olunan 22 saylı 08.1953-cü il tarixli doğum haqqında akt qeydində isə onun adı “X12” olaraq göstərilmişdir.

26. İddiaçının mərhum atasına məxsus olmuş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən edir ki, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1981-ci il tarixli 159 saylı nikah haqqında akt qeydi, İİ-JQ 359216 saylı nikahın bağlanması haqqında şəhadətnamə, 4406 saylı attestat və İZ ******* nömrəli hərbi biletdə onun adı “Neman” kimi qeyd edilmişdir.

27. Nəzərə alınmalıdır ki, iddiaçının atasına məxsus olmuş nikahın bağlanması haqqında şəhadətnamə, nikah haqqında akt qeydi, hərbi bilet və təhsil haqqında sənədlərdə “adı, “soyadı”, “ata adı” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər, eyni zamanda iddiaçının doğum haqqında şəhadətnaməsında “ata, anası haqqında” məlumatlar eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin tam adının “X10”, milliyətinin azərbaycanlı, doğulduğu tarixin xx.xx.1953-cü il olduğu, arvadının Əhmədova (Kazımova) Mirvari Ənvər qızı olmağı aydın görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

28. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının atasının adının “Neman” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının atasının doğum haqqında akt qeydində düzəliş edilməli və onun adı “Əsgər” deyil, “Neman” kimi göstərilməlidir.

29. «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10cu bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia təmin edilsin. İddiaçının atası X3 Laçın rayonu, Malıbəy kənd icra nümayəndəliyində qeydə alınmış 22 saylı, 1953-cü il (avqust) tarixli doğum akt qeydində ad qrafasında “Əsgər” əvəzinə “Neman” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 6 saylı Bakı Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar