Məhkəmə qərarları › İş №2-1(112)-159/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-159/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-159/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. “Orxan” firması üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ona torpaq sahəsi ayrılmış, həmin sahəyə dair yerləşmə cizgisi də tərtib edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur ki, bununla bağlı cavabdehə müraciət edilərək sahəyə çıxarışın verilməsi xahiş edilmiş, müraicətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, sərəncam və yerləşmə cizgisi icra hakimiyyətinin arxinində aşkar edilməmişdir. Bundan əlavə, cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmin sərəncamla müxtəlif ərazilərə də müraciət daxil olmuşdur. Həmin sahə digər şəxs tərəfindən hasarlanmış və istifadə edilməkdədir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərəncamdan görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Yerləşmə cizgisində həmin sərəncama istinad edilərək 1-ci yaşayış massivində 600 kv.m torpaq sahəsinə dair cizgi tərtib edilərək qəsəbə nümayəndəsi tərəfindən imzalanmışdır. İmtina məktubundan görünür ki, sərəncam və yerləşmə cizgisi icra hakimiyyətinin arxinində aşkar edilməmişdir. Bundan əlavə, cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmin sərəncamla müxtəlif ərazilərə də müraciət daxil olmuşdur. Həmin sahə digər şəxs tərəfindən hasarlanmış və istifadə edilməkdədir. Xəritədən çıxarışdan görünür ki, həmin sərəncamla 12 oktyabr 2020-ci il tarixdə və 31 yanvar 2019-cu il tarixdə fərqli ərazilərə dair müraciətlər daxil olmuşdur. Mütəxəssis rəyində qeyd edilmişdir ki, yerləşmə cizgisi miqyassız, koordinatsız və hər hansı istinaq nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşmə faktını tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ayrılmış torpaq sahəsi yerləşmə cizgisinə, kadastr məlumatına, ortofoto görüntüsünə əsasən naturada ölçülmüş torpaq sahəsi ilə qismən uyğundur. “Bəyoğlu” şadlıq sarayının faktiki istifadəsində olan sahə ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və müqavilə əsasında torpaq sahəsi “Orxan” firmasına ayrılmış, buna dair torpaqdan müvvəqqəti istifadə hüququna dair şəhadtnamə verilmişdır. Firmanın reyestrindən çıxarışdan görünür ki, yeni təsisçi X1r. Digər bir mütəxəssis rəyindən görünür ki, yerləşmə cizgisi miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşmə faktını tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İşarələnmiş sahə yerləşmə cizgisinə uyğun gəlmir. İstinad məlumatları və hər hansı miqyas olmadığından cizginin “Orxan” firmasına aid şəhadətnamə ilə üst-üstə düşmə halını araşdırmaq mümkün olmamışdır. Faktiki göstərilən ərazi “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan sahənin bir hissəsini təşkil edir. İddiaçı tərəfindən sərəncama istinad edilərək 2100 metr məsafə aralığında olan fərqli-fərqli sahələrə müraciət daxil olmuşdur. 21 fevral 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya adıçəkilən sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatından yerləşmə cizgisi və faktiki vəziyyət arasında uyğunsuzluq, eləcə də digər şəxslərin müraciətlərinin olması səbəbindən imtina edilmişdir. 22 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, həmin sərəncam əsasında digər sahələrə müraciət edilməsi, yerləşmə sxeminin arxivdə aşkar edilməməsi, başqa şəxs tərəfindən faktiki göstərilən sahənin istifadəsi və s səbəbindən dövlət qeydiyyatından imtina edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Doğrudur ki yerli icra hakimiyyəti orqanının sərəncamı yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Lakin, naturada aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən şəxsə ayrılmış və ayrılmış sahəyə uyğun təqdim edilmiş cizginin mövcudluğu halında həmin sahəyə dair şəxsin hüquqlarının dövlət qeydiyyatının olmasından söhbət gedə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 97-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir; 99-cu maddəsinə görə, yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; 101-ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir Sadalanan qanun normalarının təhlili göstərir ki, iddiaçının mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının yaranmasından bəhs etmək üçün sərəncam yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməlidir və bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Lakin iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, sərəncamın yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Sonuncu belə bir sənəd kimi yerləşmə cizgisi sərəncam qəbul edilən dövrdə deyil, ondan illər sonra tərtib olunduğu üçün mötəbər sayıla bilməz. Həmçinin, Səbail RİH başçısının sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsinin hansı tərəfində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrıldığı aydın deyil. Lakin, təqdim edilən arxivdə isə mövcud olmayan yerləşmə cizgisində həmin sərəncama əsasən ayrılan torpaq sahəsinin yeri illər sonra göstərilmişdir ki, bu da onun mötəbərliyini şübhə altına alır. Qeyd edilənlərdən çıxan nəticəyə görə, Səbail RİH başçısının sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisi miqyassız, koordinatsız və istinad məsafələri göstərilmədən tərtib edilmiş, eləcə də adıçəkilən sərəncam əsasında yüzlərlə metr məsafələrdə olan ayrı-ayrı torpaq sahələrinə dair də müraciətlər edilmişdir. Eyn zamanda, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi sərəncam, müqavilə və şəhadətnamə əsasında “Orxan” firmasının adından “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan əraziyə düşür. İş materiallarından görünür ki, həmin sərəncam, müqavilə və şəhadətnamə ləğv edilməmiş, hal-hazırda da qüvvədə olmaqla iddia ərizəsində yazıldığı kimi torpaq sahəsi iddiaçının yox, məhz üçüncü şəxsin faktiki istifadəsindədir. Daşınmaz əmlakın dövlət qeydiyyatını tənzimləyən qanunvericiliyin birmənalı tələbi isə ondan ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına təqdim olunmalıdır. Lakin iddiaçı həmin maddədə müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmiş, onun təqdim etdiyi sənədlər yuxarıda göstərilən səbəblərdən qanuna uyğun hüquqmüəyyənedici və texniki sənəd xüsusiyyətinə malik olmamışdır. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar