Məhkəmə qərarları › İş №2-1(112)-1590/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1590/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1590/2025 27.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər "xxxx" Mənzil-Tikinti Kooperativi, "xxxx" QSC və X9 “qeyri-yaşayış sahəsinin ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("Cəmilə” Mənzil Tikinti Kooperativi, "xxxx" QSC və X9 üçüncü şəxs qismində cəlb edilməklə) "qeyri-yaşayış sahəsinin ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2000-ci il tarixli, 1№-li Podratçı Müqaviləsinə əsasən podratçı “Azərtunelixtisassutikinti” İcarə İdarəsi öz vəsaiti hesabına sifarişçi Bakı Metropoliteni İdarəsi tərəfindən tikintisi yarımçıq qalmış Bakı şəhəri, M.Hadi küçəsi, 138 ümumi faydalı sahəsi – 2077.76 kv.m olan 32 mənzilli 9 mərtəbəli yaşayış binasının inşasının layihəsmeta sənədlərinə uyğun başa çatdırılmasını öz öhdəsinə götürmüşdür. “Azərtunelixtisassutikinti” icarə idarəsinin rəhbərliyinin xx.xx.2002-ci il tarixli qərarı ilə, "xxxx" İdarəsi “Azərtunelixtisassutikinti” İcarə İdarəsinin arasında bağlanmış xx.xx.2000-ci il tarixli 01 nömrəli podrat müqavilənin 2 və 3-cü bəndində göstərilən aşağıdaki əmlak: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 138 nömrəli binanın 50 faizi, o cümlədən “A” bloku, zirzəmisi və birinci mərtəbəsi zal ilə birlikdə, həmin blokun İİİ,V,Vİ və Vİİ mərtəbəsində yerləşən 4 ədə ikiotaqlı, 4 ədəd üçotaqlı, 4 ədə dördotaqlı və 4 ədəd beşotaqlı mənzillər təhvil-qəbul aktı üzrə "xxxx" MTK-nın mülkiyyətinə satılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 372 saylı, xx.xx.2002-ci il tarixli Sərəncamı ilə, Bakı şəhər X11 22/490 saylı, xx.xx.1987-ci il tarixli qərarı ilə, ünvan 1 ünvanda yüksək mərtəbəli kooperativ binanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2002-ci il tarixli təsis iclasının qərarı ilə "xxxx" mənzil-tikinti kooperativi yaradılmış və Nizamnaməsi qəbul edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli, 5 nömrəli protokolundan çıxarışa əsasən, "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış və qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən, 76.44 kv.m. ümumi sahəyə, 2 otaqlı qeyri yaşayış vətəndaş X8 verdiyi üçün, sənədlər baxılıb yuxarıda göstərilən mənzilə dair gələcəkdə mülkiyyət hüququ verilməsi üçün aidiyyatı orqana payçı vasitəsi ilə göndərilməsi qərara alınmışdır. "xxxx" MTK-nın xx.xx.2016-cı il tarixli Maliyyə Arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsi, ev 136 giriş A saylı yaşayış və qeyri yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Həmin binanın “1” girişinin, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 76,44 kv.m. olan 2 otaqlı qeyri yaşayış sahəsi X8 adına sənədləşmiş və həmin qeyri yaşayış sahənin dəyəri tam olaraq ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli 629 nömrəli arayışa əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 3 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X2 adına vərəsəlik işi açılmışdır. X6, X9 və X7 tərəfinfən X2 vərəsəsi kimi tanınmışdır. xx.xx.2019-cu il tarixli Qanun üzrə X15 Şəhadətnaməyə əsasən 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmişdir ki, xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi qızı X7, qızı İddiaçı (bundan sonra – iddiaçı), oğlu X9 və arvadı X6 və onlardan hər biri miras əmlakdan barəbər hissələrdə irs almışlar. İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 136, giriş A saylı yaşayış və qeyri-yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76,44 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 245 nömrəli “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə” sənədində sifarişçi kimi "xxxx" qeyd olunmuşdur. Lakin əmlak üzərində hüquqmüəyyənedici sənədlərdə "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilmişdir. "xxxx" ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq sərbəst giriş-çıxış üçün çölə qapı qoyulmuş və təyinatından kənar olaraq mənzil kimi istifadə olunur.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 136, giriş A saylı yaşayış və qeyri-yaşayış binasının 1 girişinin “1”-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76.44 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai rayonu, M. Hadi küçəs ev 136 giriş A saylı yaşayış və qeyri -yaşayış binasının 1 girişinin ‘1’-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76.44 kv.m olan 2 otaqlı qeyri yaşayış sahəsi "xxxx" MMC-nin keçmiş direktoru X8 tərəfindən 10 fevral 2016-cı il tarixdə alınmışdır. Bu barədə "xxxx" MTK tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayışda atam tərəfindən qeyri yaşayış sahəsinin dəyərinin tam olaraq ödənildiyi qeyd edilmişdir. Tərəflərindən həmin qeyri yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin müraciətlərinə cavab olaraq xx.xx.2021-ci il tarixində Daşınmaz əmlakın qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişə əsasən 2 əsas qeyd edilərək müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. İlkin səbəb olaraq Azərbaycan Respublikasının dövlət şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli Çoxmənzilli yaşayış binasının istismara icazə sənədində sifarişçi kimi "xxxx"-nin qeyd edilməsi, lakin əmlak üzərində hüquqmüəyyənedici sənədlərdə Cəmilə MTK tərəfindən tərtib və təsdiq edilməsi qeyd edilmişdir. İkinci bir səbəb isə qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq sərbəsr giriş-çıxış üçün çölə qapı qoyulması və təyinatından kənar olaraq mənzil kimi istifadə edilməsi qeyd edilmişdir. Halbu ki tərəflərindən bütün hüquqmüəyyən edici sənədlər səlahiyyətli orqana təqdim edilmişdir. Həmin sənədlərə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, "xxxx" MMC bina tikintisi ilə məşqul olan "xxxx" MTK-nın təsisçisi olmuşdur. "xxxx" MTK-nm nizamnaməsinə nəzər yetirdikdə qeyd edilən hallar müəyyən edilmişdir. Daha sonra tərəflərindən xx.xx.2024-cü il tarixində mülkiyyətin hüquqlıarın kimə aid olması barədə sorğu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ilə müraciət edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli məlumat təqdim edilməsi haqqında məktuba əsasən Bakı şəhər Xətai rayonu, M. Hadi küçəs ev 136 giriş A saylı yaşayış və qeyri - yaşayış binasının 1 girişinin “1”-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76.44 kv.m olan 2 otaqlı qeyri yaşayış sahəsinin dövlət reyesterində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən tərəflərindən məkhəməyə müraicət edilməsi zərurəti yaranmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim olunmuş layihə (mərtəbəlik planı) ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, layihədə əksini tapan eyvan sahələri faktiki mövcud deyil. Həmçinin 4 ədəd qapı boşluğu bağlanmış, qeyriyaşayış sahəsinin daxilində rekonstruksiya işləri aparılmışdır. Qeyri- yaşayış sahəsinin faktiki sahəsi 78.5 kv.m təşkil edir. Sözügedən qeyri-yaşayış sahəsinə dair sənədlər mərhum X2 adına verilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən, xx.xx.2000-ci il tarixli, 1№-li Podratçı Müqaviləsinə əsasən podratçı “Azərtunelixtisassutikinti” İcarə İdarəsi öz vəsaiti hesabına sifarişçi Bakı Metropoliteni İdarəsi tərəfindən tikintisi yarımçıq qalmış Bakı şəhəri, M.Hadi küçəsi, 138 ümumi faydalı sahəsi – 2077.76 kv.m olan 32 mənzilli 9 mərtəbəli yaşayış binasının inşasının layihə-smeta sənədlərinə uyğun aşağıda göstərilən işləri görmək şərti ilə başa çatdırılmasını öz öhdəsinə götürürmüşdür. “Azərtunelixtisassutikinti” İcarə İdarəsinin rəhbərliyinin xx.xx.2002-ci il tarixli qərarı ilə, "xxxx" İdarəsi “Azərtunelixtisassutikinti” İcarə İdarəsinin arasında bağlanmış xx.xx.2000-ci il tarixli 01 nömrəli podrat müqavilənin 2 və 3-cü bəndində göstərilən aşağıdaki əmlak: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 138 nömrəli binanın 50 faizi, o cümlədən “A” bloku, zirzəmisi və birinci mərtəbəsi zal ilə birlikdə, həmin blokun İİİ,V,Vİ və Vİİ mərtəbəsində yerləşən 4 ədə ikiotaqlı, 4 ədəd üçotaqlı, 4 ədə dördotaqlı və 4 ədəd beşotaqlı mənzillər təhvil-qəbul aktı üzrə "xxxx" MTK-nın mülkiyyətinə satılmışdır. "xxxx" MTK üzvlərinin ümumi iclasının 5 saylı Protokolundan çıxarışa əsasən, X1 üzvü qəbul olunmaqla MTK-nın ünvan 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış və qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən, 76.44 kv.m. ümumi sahəyə, 2 otaqlı qeyriyaşayış sahəsinin payçısı olması qərara alınmışdır. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. X8 xx.xx.2018-ci il tarixdə qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydə almadan ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli 629 nömrəli arayışa əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 3 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X2 adına vərəsəlik işi açılmışdır. İddiaçı, X6, X9, X7 tərəfinfən X2 vərəsəsi kimi tanınmışdır. xx.xx.2019-cu il tarixli Qanun üzrə X15 Şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi qızı X7, qızı İddiaçı (bundan sonra – iddiaçı), oğlu X9 və arvadı X6 və onlardan hər biri miras əmlakdan barəbər hissələrdə irs almışlar. İddiaçı həmin Protokoldan çıxarış əsasında qeyri-yaşayış sahə üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi bağlı müraciət etmiş, “...təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 245 nömrəli “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına “icazə” sənədində sifarişçi kimi "xxxx" qeyd olunmuşdur. Lakin əmlak üzərində hüquqmüəyyənedici sənədlərdə "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilmisdiır. "xxxx" ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq sərbəst giriş-çıxış üçün çölə qapı qoyulmuş və təyinatından kənar olaraq mənzil kimi istifadə olunmağını əsas gətirməklə tələbin təmin edilməsindən imtina etmişdir. Həmçinin cavabdeh etiraz məktubunda bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim olunmuş layihə (mərtəbəlik planı) ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, layihədə əksini tapan eyvan sahələri faktiki mövcud deyil. Həmçinin 4 ədəd qapı boşluğu bağlanmış, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya işləri aparılmışdır. Qeyri- yaşayış sahəsinin faktiki sahəsi 78.5 kv.m təşkil edir. Sözügedən qeyriyaşayış sahəsinə dair sənədlər mərhum X2 adına verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, H.Əzizağa mübahisələndirilən qeyri-yaşayış sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” X5 MTK üzvlərinin ümumi iclasının Protokolunda çıxarışı əsasında daşınmaz əmlak əldə etməsi və həmin qeyri-yaşayış sahəsinə pay haqqını tam olaraq ödəməsi, nəticə etibarı ilə iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən hallarıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 245 nömrəli “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə” sənədində sifarişçi kimi "xxxx" qeyd olunmuşdur. Lakin əmlak üzərində hüquqmüəyyənedici sənədlərdə "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilmişdir. 2) Bakı Metropoliteni” ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. 3) Bundan əlavə qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılaraq sərbəst giriş-çıxış üçün çölə qapı qoyulmuş və təyinatından kənar olaraq mənzil kimi istifadə olunur. 4) idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim olunmuş layihə (mərtəbəlik planı) ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, layihədə əksini tapan eyvan sahələri faktiki mövcud deyil. Həmçinin 4 ədəd qapı boşluğu bağlanmış, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya işləri aparılmışdır. 5) Qeyri-yaşayış sahəsinin faktiki sahəsi 78.5 kv.m təşkil edir. 6) Sözügedən qeyri-yaşayış sahəsinə dair sənədlər mərhum X2 adına verilmişdir. Məhkəmə cavabdehin 1-ci və 2-ci dəlili ilə bağlı qeyd edir ki, iş matereallarında olan xx.xx.2000-ci il tarixli, 1№-li Podratçı Müqaviləsinə əsasən podratçı “Azərtunelixtisassutikinti” İcarə İdarəsi öz vəsaiti hesabına sifarişçi Bakı Metropoliteni İdarəsi tərəfindən tikintisi yarımçıq qalmış Bakı şəhəri, M.Hadi küçəsi, 138 ümumi faydalı sahəsi – 2077.76 kv.m olan 32 mənzilli 9 mərtəbəli yaşayış binasının inşasının layihəsmeta sənədlərinə uyğun aşağıda göstərilən işləri görmək şərti ilə başa çatdırılmasını öz öhdəsinə götürürmüşdür. “Azərtunelixtisassutikinti” icarə idarəsinin rəhbərliyinin xx.xx.2002-ci il tarixli qərarı ilə, "xxxx" İdarəsi “Azərtunelixtisassutikinti” İcarə İdarəsinin arasında bağlanmış xx.xx.2000-ci il tarixli 01 nömrəli podrat müqavilənin 2 və 3-cü bəndində göstərilən aşağıdaki əmlak: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 138 nömrəli binanın 50 faizi, o cümlədən “A” bloku, zirzəmisi və birinci mərtəbəsi zal ilə birlikdə, həmin blokun İİİ,V,Vİ və Vİİ mərtəbəsində yerləşən 4 ədə ikiotaqlı, 4 ədəd üçotaqlı, 4 ədə dördotaqlı və 4 ədəd beşotaqlı mənzillər təhvil-qəbul aktı üzrə "xxxx" MTK-nın mülkiyyətinə satılmışdır. Digər tərəfdən məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddia tələbinin predmetini təşkil edən daşınmaz əmlakın yerləşdiyi binada hüququ qeydə alınmış qeyri-yaşayış sahələrinin arxiv qovluğu tələb edilmiş, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, eyni binada iddiaçı ilə eyni hüquqmüəyyənedici sənədlərə ("xxxx" MTK ilə bağlanmış müqavilə) malik olan şəxslərə **********29-05101-083001 reyestr nömrəli çıxarış tərtib edilərək verilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənə oxşar işlərdə mülkiyyət hüquqlarına dair çıxarışlar vermiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Belə olan məhkəmə cavabdehin imtina və etirazın dəlili kimi istinad etdiyi 1-ci və 2-ci dəlilini əsassız hesab edir. Məhkəmə cavabdehin 3-5-ci dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, hüququ qeydə alınması tələb edilən daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri qeyri-yaşayış sahəsidir və iddiaçı həmin əmlakın qeyri-yaşayış sahəsi kimi qeydə alınmasını tələb edir. Əmlakın təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi deyil, mənzil kimi istifadə edilməsi həmin əmlaka hüququn qeydə alınmasından imtina üçün əsas olmamaqla, bu məsələyə nəzarətin həyata keçirilməsi cavabdehin araşdırma sferasına aid deyildir. Bundan başqa, daşınmaz əmlakın faktiki vəziyyətinə uyğun olaraq hüquqmüəyyənedici və texniki sənədələrin tərtib edilməsi və mövcud uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifəsidir. Həmçinin, iddiaçı iddia tələbində faktiki istifadəsində olan 78.5 kv.m. qeyri yaşayış sahəsinə deyil, hüquqmüəyyənedici sənəd üzrə 76.44 kv.m. olan qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə cavabdehin 6-cı dəlili ilə bağlı qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair sənədlər mərhum X2 adına verilmişdir. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli, №/34-li məktuba əsasən, İddiaçı, müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2018-ci ildə ölmüş atası X2 adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli 629 nömrəli arayışa əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 3 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X2 adına vərəsəlik işi açılmışdır. X6, X9, X7 tərəfinfən X2 vərəsəsi kimi tanınmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli Qanun üzrə X15 Şəhadətnaməyə əsasən 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmişdir ki, xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi qızı X7, qızı İddiaçı (bundan sonra – iddiaçı), oğlu X9 və arvadı X6 və onlardan hər biri miras əmlakdan barəbər hissələrdə irs almışlar. Həmçinin iddiaçı tələbində dəqiləşmə verərək hüququn mərhum atasına məxsus olmasına dair arayışın verilməsini tələb etmiş və məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızıdır və iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 136, giriş A saylı yaşayış və qeyriyaşayış binasının 1 girişinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76.44 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar