Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1592/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanaraq əvvəllər aldığı məbləğə bərpa edilməsi və ondan əsassız tutulmuş hissənin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının əmək pensiyası məbləği kəskin şəkildə azaldılmış, lakin bunun səbəbləri barədə ona heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Belə ki, uzun müddətdir ki, iddiaçının pensiyasından hər ay təxminən 470 manat əsassız pul tutulur. Bu məsələni aydınlaşdırmaq üçün cavabdeh inzibati orqana yazılı müraciət etmişdir. Buna baxmayraq onun müraciətinə uzun müddətdir ki, cavab verilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-150362/2024 nömrəli məktubla təqdim edilmiş etirazında qeyd etmişdir ki, araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 il 4 ay 21 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,70 manat (29,39 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 53,77 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5676,48 manat sığorta kapitalına uyğun 39,42 (5676,48:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 178,19 (53,77+39,42+85,00) manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 254,13 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq iddiaçıya xx.xx.2008-ci il tarixindən 384,43 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 674,49 manat)) məbləğində əmək pensiyası hesab anaraq ödənilib. İddiaçının əmək pensiyaçısı kimi 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25035,62 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada 122 (63 yaş 6 ay-59 yaş 4 ay)=50+(144 ay-72 ay) aya bölünməklə 205,21 manat (25035,62:122) xx.xx.2018-ci il tarixinə qanuni əmək pensiyanın (254,13 manat) üzərinə əlavə edilərək 459,34 manat (254,13+205,21) (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək 30.11 2023-cü il tarixinə 747,96 manat)) ödənilməli olduğu halda, düzgün olmayan emək pensiyası (513,76 manat) 611,95 manata (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1017,51 manat) artırılaraq iddiaçıya ödənilib. Buna görə də, xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya artıq pul vəsaiti ödənilib. Bundan başqa, xx.xx.2023-cü il tarixində iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 20242,40 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (20242,40:72 ay (144 ay-72 ay))=281,14 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 747,96 manatdan 1029,10 manata (747,96+281,14) artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 20216,35 manat artıq pul vəsaiti ödənilib. Həmçinin iddiaçının iştirakı ilə 24 noyabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub, akt iddiaçı tərəfindən imzalanıb. Cavabdeh etirazında bildirmişdir ki, tərəflərindən “İnzibati icraat haqqında" Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavadeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanmasl haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/13-3- 62409/2023 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/13-3-62409/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-63495/2023 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul olunması” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/13-3-62409/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-63495/2023 nömrəli qərarların ləğv edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən qərarların daha əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməklə iddia qaldırılmışdır. İş materiallarında olan: 413894 pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2008-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/13-3-62409/2023 nömrəli qərarına əsasən iddiaçının pensiya məbləği 1370,14 manat, yenidən hesablanmış pensiya məbləği 1017,51 manat təşkil etmişdir. Yenidən hesablamanın səbəbi 37.3.1-ci və 39.1 maddələri olmuşdur. (50 yaşdan 52 yaşa çəkilmə) “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/13-3-63495/2023 nömrəli qərarına əsasən iddiaçının pensiya məbləği 1017,14 manat, yenidən hesablanmış pensiya məbləği 1029,10 manat təşkil etmişdir. Yenidən hesablamanın səbəbi 37.3.1-ci (hüququ 50-dən 52-yə çəkildi, işdənçıxma) və 39.1 maddələri (məhdudlaşdırma) olmuşdur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;... 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Hazırkı işin hallarına əsasən iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. Cavabdeh iddiaçının ümumi və güzəştli iş stajını mübahisələndirmiş, ona münasibətdə əmək pensiyasının yenidən hesablanması barədə qərarlar qəbul etməklə, pensiya hüququnun xx.xx.2010-cu il tarixdən, yəni 52 yaşında yarandığını, bununla da ona artıq ödəmələrin həyata keçirilməsi əsası ilə pensiya məbləğini yenidən hesablamışdır. Məhkəmə bildirir ki, işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 15 il sonra, yəni 2023-cü ildə yenidən hesablanma barədə qərarlar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Həmin qərarda qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/13-3- 62409/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-63495/2023 nömrəli qərarların ləğv edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin qərarı qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/13-3- 62409/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-63495/2023 nömrəli qərarlar ləğv edilsin. İddiaçı həmin qərarlar əsasında tutulmuş məbləğin iddiaçıya geri ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X4.
Məhkəmə qərarları › İş №2-1(112)-1592/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1592/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver