Məhkəmə qərarları › İş №2-1(112)-1593/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1593/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1593/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil növbəsinə bərpa edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə 20 ildən artıq hərbi qulluqda olan hərbiçi kimi mənzil növbəsinə bərpa edilməsinə dair vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1992-ci ildə həmin institutu bitirərək Ali təhsil barədə Diplom almışdır. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26 yanvar 1995-ci il tarixli 18№-li əmrinə əsasən həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Tədris Müəssisələri İdarəsinə həqiqi hərbi xidmətə qəbul olmuşdur və xx.xx.1996-cı ilə kimi həmin İdarədə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 470 saylı Hərbi Hissə Komandirinin xx.xx.1996-cı il tarixli N №-li əmri ilə həmin hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq qəbul olunmuş və ehtiyata buraxılana qədər, yəni, 23 may 2015-ci ilədək orada çavuş rütbəsində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 470 saylı Hərbi Hissə Komandirinin 23 may 2015-ci il tarixli 120 nömrəli Əmrində göstərilir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş X5, hərbi hissənin məxfi hissənin operatoru Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 10 mart 2015-ci il tarixli 0102əç nömrəli əmri ilə “Hərbi Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxıldığına görə, 23 may 2015-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə göndərilsin. Həmin əmrdə daha sonra göstərilir ki, çavuş S.İ.Quliyeva 2015-ci illərdəki yanvar-may ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 iyun 2002-ci il tarixli 220 №li əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. İddiaçının xidmət etdiyi müddətdə şərəflə və vicdanla xidməti vəzifəsini yerinə yetirməsi əmrdə qeyd edilmişdir. Həmçinin xidmət dövründə qüsursuz xidmətə görə Müdafiə Nazirliyi tərəfindən 5 medal və Təşəkkürnamələrlə təltif olunmuşdur. Hərbi Xidmətdə olduğu müddətdə mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr 569 №-li Fərmanı ilə bağlı, onu təxminən 2012-ci ildə 470 saylı Hərbi Hissənin Kadrlar Şöbəsinə dəvət edərək mənzil növbəsinə götürülməklə əlaqədar müəyyən məlumatları dəqiqləşdirmişlər və bundan bir qədər sonra mənzil növbəsinə götürmüşlər. 2019-cu ildə “Quliyeva” soyadının dəyişdirilərək “Hacıyeva” olması barədə mənzil növbəsində dəyişiklik edilməsi üçün Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edərək yeni şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin vaxt Mənzil İstismar İdarəsinin adını xatırlamadığı işçisi şəxsiyyət vəsiqəsini alaraq kompüter məlumatlarına əsasən mənzil növbəsi üzrə adının siyahıda olduğunu bildirmiş və kompüterdə iddiaçıya göstərərək qısa zamanda soyadında dəyişiklik ediləcəyini bildirmişdir. 2021-ci ildə mənzil növbəsini dəqiqləşdirmək və təxminən nə vaxt mənzil ala biləcəyini öyrənmək üçün iddiaçı yenidən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət etdikdə adının siyahıdan çıxarıldığı bildirilmişdir. Şifahi olaraq adının siyahıdan nə üçün çıxarıldığını soruşsa da cavab ala bilməmişdir. Ona görə də, bir neçə gün sonra, yəni, 10 dekabr 2021-ci ildə yazılı ərizə ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisinə müraciət edərək “20 il və daha artıq Xidmətdə olan hərbi qulluqçuların daimi yaşayış sahəsi ilə təmin olunma” siyahısından çıxarılmasının faktiki səbəbləri barədə yazılı izah verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq Müdafiə Nazirliyinin İstismar İdarəsinin rəisi cənab Elmar Məmmədovun imzası ilə aldığı xx.xx.2021-ci il tarixli, 7347 №li məktubda göstərilir ki, “Məlumat üçün bildirirəm ki, Azərbaycan Ordusu sıralarında xidmət müddətinizin 20 təqvim ilindən az olması səbəbindən (xx.xx.1996-xx.xx.2015; 19 il 00 ay, 17 gün) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Sizə şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığınız suallara və mənzil təminatı ilə bağlı qeydiyyatda olduğunuz rayon 2 icra hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etməyiniz məqsədəuyğundur.” İddiaçı qeyd edir ki, hərbi biletindəki müvafiq qeydlərlə və 470 saylı Hərbi Hissə Komandirinin 23 may 2015-ci il tarixli 120 №li Əmrində göstərilənlərlə hərbi xidmətdə olduğu xx.xx.1995-ci ildən 23 may 2015-ci ilədək olan dövr 20 il 4 ay təşkil edir. Bundan sonra hərbi xidmətdə olmasının 20 ildən artıq olması bildirilməklə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə mənzil növbəsinə bərpa edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması barədə müraciətinə, həmin İdarənin rəisi cənab Elmar Məmmədovun imzası ilə göndərilmiş xx.xx.2022-ci il tarixli 1035№li cavab məktubunda göstərilir ki, “Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyatı üzrə baxılmışdır. Məlumat üçün bildirirəm ki, Müdafiə Nazirliyi tərəfindən hərbi qulluqçu kimi ünvan 1 ünvanında 2(iki) otaqlı, sahəsi 30.05 kv.m olan daimi yaşayış sahəsi ilə təmin edilmisiniz. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar.” Daha sonra cavab məktubunda, dövlət vəsaiti hesabına verilmiş mənzilin şəraitinin yaxşılaşdırılması ilə bağlı tərtib edilən siyahılara adınızın əlavə edilməsi üçün göstərilən sənədlərin Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim edilməsinin zəruriliyi bildirilir və təqdim edilməsi tələb edilən beş sənədin adı sadalanır. Həmin cavab məktubunu imzalayan Mənzil İstismar İdarəsinin rəisi Elmar Məmmədov və bu cavabı hazılayan əməkdaşlar nəzərə almayıblar ki, iddiaçı Müdafiə Nazirliyindən mənzil almamışdır ki, mənzilin şəraitinin yaxşılaşdırılması üçün tərtib edilən siyahıya adının əlavə edilməsini xahiş etsin. İddiaçı tələb etmişdir ki, hərbi qulluqçu kimi mənzil almaq siyahısından çıxaılmasının səbəbi izah edilsin və mənzil növbəsinə bərpa edilsin. Əgər o, hərbi xidmət dövründə mənzillə təmin olunmuşdursa, bu barədə Müdafiə Nazirliyində, Nazirliyin Mənzil İstismar İdarəsində rəsmi bir sənəd, əmr, qərar, protokol və sair sənəd mövcud olmalıdır. Məktubda qeyd edilən ünvanda mənzillə təmin edilməsi barədə ona rəsmi sənəd təqdim olunmamışdır. Sorğuya cavab olaraq Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsindən göndərilmiş xx.xx.2022-ci il tarixli 4519 nömrəli məktubda və məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli 4520 nömrəli Arayışda birmənalı olaraq göstərilir ki, Quliyeva (Hacıyeva) Səidə İzzət qızı xx.xx.1995-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyinin fondundan xidməti mənzillə təmin edilməmişdir, yəni yaşayış sahəsi ilə təmin olunmamışdır. Lakin həmin arayışda təkrarən göstərilir ki, o, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2004 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında xidməti mənzillə təmin edilmiş və həmin mənzili özəlləşdirmişdir. Sonrakı araşdırmalarla müəyyən edilir ki, həmin ünvanda qeyd edilən mənzil Müdafiə Nazirliyinin balansından xidməti mənzil kimi 1994-cü ildə çıxarılmışdır, iddiaçı isə Müdafiə Nazirliyinə hərbi qulluğa 1995-ci ildə daxil olmuşdur. Eləcə də, vəkil tərəfindən aparılan araşdırmalar nəticəsində arxivlərdən alınan sorğularda da mənzillə bağlı müvafiq icra orqanı tərəfindən verilən sərəncamlarda ona aid hər hansı bir məlumat aşkar edilməmişdir. İddiaçı hesab edir ki, ordu sıralarında 20 ildən artıq qüsursuz xidmət etmişdir və cənab Prezidentin Fərmanına əsasən dövlət tərəfindən mənzillə təmin edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək təqvim ili ilə 20 il 1 ay 14 gün Azərbaycan Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13.10. 2022-ci il tarixli **********74 nömrəli məktubunda Bakı şəhəri Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 137, 126 saylı mənzilin X2 adına Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 030415 nömrəli orderə, 607 nömrəli, 11,02.2005-ci il tarixli forma 2 arayışına, X3 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən ilkin olaraq Quliyeva (Hacızadə) Səidə İzzət qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 34 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 19.11,2008-ci il tarixli 4Ə- 13-1352 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-874 reyestr nömrəli daşınmaz əmlak alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 137, 126 saylı dövlət balansında olan mənzil X2 adına Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 030415 nömrəli orderlə, 607 nömrəli, 11,02.2005-ci il tarixli forma 2 arayışına, X3 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən Quliyeva (Hacızadə) Səidə İzzət qızının adına qeydiyyatdan keçmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı Quliyeva (Hacızadə) Səidə İzzət qızının dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu müəyyən edilir. Beləliklə, iddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili qüsursuz xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 35, 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddiaçı Quliyeva (Hacızadə) Səidə İzzət qızının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, iddiaçı tərəfin fikri dinlənilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı olduğu kimi müdafiə edərək, hazırkı tələbə mahiyyəti üzrə baxılması ilə bağlı təkzibolunmaz sübutlar təqdim etdiklərini qeyd edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Hazırkı işin materiallarından müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, xx.xx.2011-ci il tarixli Fərmanına əsasən orduda 20 təqvim ili və daha çox qüsursuz xidmətinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməyə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, hazırkı iddia tələbi sözügedən Fərmana əsasən iddiaçının mənzil növbəsinin bərpası kimi qoyulmuşdur ki, iddiaçı bu tələbində 1996-cı ildə hərbi qullluqçu kimi bütün təminat növlərinə, dolayısı ilə mənzil növbəsinə götürülməsi, ona həmin tarixdən 2015-ci ilədək kirayə pulunun ödənilməsi faktına əsaslanır. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.1995-ci il tarixli, 18 №-li əmrlə həqiqi hərbi xidmətə qəbul edilmişdir. İddiaçının Fərmana uyğun olaraq Azərbaycan Ordusunda xidmətinin 20 təqvim ilinin 2015-ci ildə tamamlandığını nəzərə alsaq, onun 2015-ci ildə və ya ondan sonrakı illərdə göstərilən əsaslarla mənzil növbəsinə götürülməsi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçının seçdiyi tələb üzrə iddia növü o zaman əldə etmək istədiyi məqsədə çatmağa imkanı verərdi ki, o, əvvəl eyni əsasla mənzil növbəsinə götürülmüş, sonradan hər hansı səbəbdən siyahıdan çıxarılmış olsun. Hazırkı halda isə işin belə xüsusatı müəyyən edilmədiyindən iddiaçının hərbi qulluqçu kimi mənzil növbəsinin bərpa edilməsindən söhbət gedə bilməz. Digər tərəfdən məhkəmə iddiaçının əsaslandığı faktlara münasibətdə qeyd edir ki, iş materiallarında olan 470 saylı Hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, N №-li əmrindən çıxarışdan görünür ki, həqiqi hərbi xidmət keçməsi üçün ezam olunmuş əsgər Quliyeva (Hacızadə) Səidə İzzət qızı hissənin ş/h siyahısına, bütün təminat növlərinə qəbul edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının hazırda əsaslandığı Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanı xx.xx.2011-ci il tarixdə qəbul edilməklə, özündən sonrakı müddətdə yaranmış münasibətləri tənzimləyir, həmçinin Fərmanda göstərilən əsasın (20 təqdim ili) iddiaçıya münasibətdə 1996-cı ildə mövcud olması imkansızdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ali Məhkəmənin qeyd olunan Plenum qərarında göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya hüquqi yardım göstərilərək ona tələbinin “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” kimi dəqiqləşdirilməsi ilə bağlı səmərəli hüquqi müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün olmayan hüquqi müdafiə vasitəsindən istifadə etdiyindən hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar