Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1593/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyin təyin edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2974-cü il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olmuşdur. xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. 23 iyun 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Döş qəfəsin sol yarısının sol egiqastral nahiyyəsinin dəlib keçən qəlpə yarası, Qapalı kəlləbeyin travması” almışdır. Sözügedən travma nəticəsində psixi problemləri yaranmışdır və bu səbəbdən də “Üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F 07.0. Anamnezində intihar cəhdilə" diaqnozu ilə dəfələrlə müayinə və müalicə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2024-cü il tarixdə verilmiş imtinanın ləğv edilməsi və ona 2-ci qrup əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə ərizə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1974cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0346003AASGW nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1- 12920/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 133 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol döş qəfəsinin ön parasternal xətt üzrə Xİ-Xİİ qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başaqrıları, ürəkbulanma, yüksək arterial təzyiq olmasından şikayətlənmişdir. Müayinə zamanı sol qabırğaaltı və qarının sol yan tərəfində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam sərbəst və ağrısız olmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmə zəifliyi, əsəbləşdiyi zaman yaranan başağrılarından şikayətlənmişdir. Müayinə zamanı qarının sol tərəfində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, vətəndaş ~4-5 metr məsafədən əyləşərək sakit səslə danışmış, zəif tonu eşitməmiş, eşitmə cihazından istifadə etmədiyini bildirmişdir. Psixi statusunda üzvi xəstəliyini təsdiqləyici hec bir instrumental müayinə nəticəsi təqdim etməmiş, sənədləşmə və komissiyaya çağırılışlarla bağlı suallara reaksiya vermiş, spesifik tibbi suallarda susqun qalmış, 30 il öncəki travma ilə 2023- cü ildə başlayan psixiatrik sənədləşmələrini özü əlaqələndirə bilməmişdir. Baş ağrılarından şikayətlənmiş, eşitməsi bir qədər zəif olmuş, emosional-iradi stabil, patoloji affekt izlənilməmişdir. Primitiv şəxs kimi dəyərləndirilmiş, şəxsiyyətin patoloji dəyişikliyi aşkarlanmamışdır. 2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7653/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) şəxsiyyət pozuntusu. Kobud davranış pozuntuları, depressiv daxilolmalarla, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 7031 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 xx.xx.2023-cü il tarixli Bera test müayinəsinin nəticəsi “Saq tərəfli orta (İİ), sol tərəfli ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 20 db (normal), sol qulaq 45 db (İİ dərəcə eşitmə zəifliyi)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1214 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC 75%, FEV1 86%. Tütünçəkmə 10 il müddət, günlük 2 qutu” qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində xx.xx.2013-cü il tarixli 133 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol döş qəfəsinin ön parasternal xətt üzrə Xİ-Xİİ qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2014-cü ildə “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S20 - Döş qəfəsinin səthi travması => S20.2 - Döş qəfəsinin əzilməs... Diaqnozun mətni- Döş qəfəsinin sol yarısının ön parastermal xətyarasından sonrakı vəziyyət.Yara nahit üzrə X1-X İİ qabırğa Diaqnozun mətni: üstündə epigaastral naliyyədən negən güllə yarasından sonrakı vəziyyət, yara nahiyəsinin infiltrafı astmonevrofin sindrom, bir il müddətinə, meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.11” ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.20215-ci ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətnidöş qəfəsinin aşağı nahiyyəsinin odlu silahla yaralanmasından sonrakı vəziyyət, çapığın infiltrasiyası, kalkulyoz pielonefrit.daşlarin xaric olunmasi ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: əzələ və vətərlərin döş qəfəsi səviyyəsində travmaları.” Bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni- döş qəfəsinin aşağı nahiyyəsinin odlu silahla yaralanmasından sonrakı vəziyyət, çapığın infiltrasiyası, kalkulyoz pielonefrit.daşlarin xaric olunmasi ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: əzələ və vətərlərin döş qəfəsi səviyyəsində travmaları.” 5 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2021-ci il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0346003AASGW nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz (Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonrakı vəziyyət. Döş qəfəsinin ön divarının açıq yarası. Sol tərəfli döş qəfəsinin aşağı hisəsinin ön səthində və qarının sol yuxarı və orta hissəsində və döş qəfəsinin arxa səthinin açıq yarası) əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli K00049894MİV nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2022-ci ildə (Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət.Döş qəfəsinin ön divarının açıq yarası, Sol tərəfli döş qəfəsinin aşağı hissəsinin ön səthində və qarnın sol yuxarı və orta hissəsində,döş qəfəsinin arxa səthində kürək sümüyünün aşağı bucağı nahiyyəsində dartıcı çapıq toxumaları.) “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəqiqləşdirilməyib. Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinərlər ilə öz təsdiqini tapmır” səbəbi ilə imtina qərarı verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət.Döş qəfəsinin ön divarının açıq yarası, Sol tərəfli döş qəfəsinin aşağı hissəsinin ön səthində və qarnın sol yuxarı və orta hissəsində,döş qəfəsinin arxa səthində kürək sümüyünün aşağı bucağı nahiyyəsində dartıcı çapıq toxumaları diaqnozu ilə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyətinə 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3260 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, İ. Motivləşdirici Hissə. yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma Mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Psixi Sağlamlıq Mərkəzi”də "üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F07.0 Anamnezində intihar cəhdləri ilə” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı "X6”da "üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. Koqnitiv funksiyaların zəifləməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə -psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizasA zamanı, canlı müayinə olunmaqla keçirilən instrumental müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1974-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və yä qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 aşkar olunur. 2-ci sual: xx.xx.1974-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F 07.0 aşkar olunur. Bu diaqnoz xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli Forma 88-də qoyulmuş diaqnoza uyğundur. 3-cü sual: Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F 07.0 müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəməpsixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Beləliklə, işin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı “Sol döş qəfəsinin ön parasternal xətt üzrə Xİ-Xİİ qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. Həmin diaqnozla iddiaçıya 3 dəfə ardıcıl olaraq 2014-2021-ci illərdə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının 2021-ci il arixdə əlillik müddəti bitdikdən sonra növbəti dəfə onun barsində eyni diaqnoz üzrə- döş qəfəsinin ön divarının açıq yarası.., yeni tibbi göndərişlər yerləşdirilmiş, cavabdeh xx.xx.2022. xx.xx.2022, xx.xx.2023-cü il tarixli(əyani müayinə) nəticəsində diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə növbəti əlillik təyinatından imtina edilmişdir. İddiaçının məhkəmədə iddia qaldırdığı zaman cavabdehin mübahisələndirilən imtinası Bakı 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli göndərişinin qiymətləndirilməsi əsasında xx.xx.2024-cü il tarixdə olmuşdur. Həmin göndərişdə iddiaçının 2023-cü il üzrə ambulator və stasionar müalicəsi aşağıdakı kimi olmuşdur. xx.xx.2023-xx.xx.2023-cü il tarixdə - F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə- F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu xx.xx.2023-xx.xx.2023-cü il tarixdə-H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli, E00160410SİL nömrəli tibbi göndərişində şəxsin diaqnozu göstərilmişdir: Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri Ağırlaşma: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvü şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv daxilolmalarla, koqnitiv funksiyaların zəifləməsi ilə, Ağırlaşma: F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi şəxsiyyət və davranış pozğunluqları, Ağırlaşma: F06.7 Yüngül koqniiv pozuntu, yüngül koqnitiv pozğunluq” göndərişi əsasında qiymətləndirilmiş Diaqnoz (Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Başın travmasının nəticələri) əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçının xəsarətinin səbəbli əlaqəsi və təyin edilmiş əlillik dərəcəsi hərbi xidmət zamanı sol döş qəfəsinin ön parasternal xətt üzrə Xİ-Xİİ qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası səbəbi ilə, döş qəfəsinin ön divarının açıq yarası.., diaqnozu ilə olduğu halda yalnız sonuncu dəfə xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli tibbi göndərişdə iddiaçının diaqnozu tibbi şəhadətləndirilməsi, xəsarətin səbəbli əlaqəsi ilə bağlı olmayan F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu əlillik təyinatı üçün təqdim edilmişdir. Cavabdeh Bakı 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli göndərişinin qiymətləndirilməsi əsasında xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli göndəriş əsasında əlillik təyinatından imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilməlidir ki, iddiaçı barəsində sonuncu tibbi göndərişdəki əsas xəstəliyi F07.0 ağırlaşmalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına əsas verən xəstəlik kodu F07.0-dır. Həmin meyara F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu aiddir. Qeyd hissəsində göstərilmişdir “Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. - müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi.” Göründüyü kimi qeyd edilən həmin xəstəlik yalnız qiymətləndirmə meyarlarındakı xüsusiyyətlərə uyğun gəldiyi halda əlillik təyinatına əsas verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Hazırkı iş üzrə iddiaçı barəsində tərtib olunmuş Forma 88-ə uyğun olaraq Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu qoyulsa da iddiaçıda həmin xəstəlik kodu üzrə əlillik təyinatına əsas verən qiymətləndirmə xüsusiyyətləri aşkar olunmamışdır. Qeyd edilməlidir ki, Bakı 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli E00160410SİL nömrəli göndərişindən görünür ki, İddiaçı Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə (22 gün) F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə, 2 Nömrəli X6nda xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə (47 gün) F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bununla bağlı sonuncu tibbi göndərişdə iddiaçının son 6 ay ərzində həmin diaqnozla sonuncu dəfə stasionar müalicəsi iki dəfə cəmi 69 gün müddətinə olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3260 saylı ekspert rəyinin tədqiqi hissəsində İddiaçı psixi statusu ilə bağlı qeyd edilmişdir ki, “Zahirən bir qədər gərgindir. Düşüncəsi aydındır. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi ardıcıldır. Təfəkkürü bir qədər ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığının bir qədər artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilmir. Emosional sferası qeyri-stabildir.” Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1593/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1593/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver