Məhkəmə qərarları › İş №2-1(112)-1594/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1594/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1594/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Lənkəran rayonu, Ləj kəndində yaşayan İddiaçı 13.07.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsinin rəisinin 250679/m nömrəli 10 iyun 2019-cu il tarixli qərarın ləğv edilməsi və onun, yəni 01 iyul 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 01 iyul 1969-cu il tarixdə Lənkəran rayonu, Ləj kəndındə anadan olmaqla yuxanda qeyd olunan ünvanda yaşayır. Atası X6r və hazırda vəfat etmişdir, o, da Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Anası isə X8 qızıdır, o da Azərbaycan Respublikasının vətəndaşıdır. Qeyd edir ki, anadan olduğu gündən Lənkəran rayonu, Ləj kəndində yaşayıb. 1976-cı ildə Lənkəran rayonu, Ləj kənd 8 illik məktəbinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib. 1984-cü ildə təhsilini Lənkəran Peşə məktəbində davam etdirib. 1988-ci ldə hərbi xidmətə gedib. Ailəlidir, 1990-cı ildə Lerik rayonu, Gürdəsər kənd sakini X5 ilə ailə həyatı qurub. Həyat yoldaşı da Azərbaycanlıdır və Azərbaycan Respublikasının vətəndaşıdır. Birgə nikahlarından 09.07.1991-ci il tarixdə Verdiyevə (Şükürova) Zülfiyyə Rəfi qızı, 15.06.1995-ci il tarixdə Ağayeva (Şükürova) Zeynəb Rəfi qızı, 07.05.1998-ci il tarixdə X4 və 15.12.2000-ci il tarixdə X3 anadan olmuşdur. Uşaqları da onun və həyat yoldaşı X1 Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla yaşayırlar. Uşaqları da Azərbaycan Respublikasının vətəndaşlardırlar. Altı qardaşı və dörd bacısı vardır, onlar da hazırda Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla yaşayırlar və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Heç vaxt başqa ölkənin vətəndaşlığını qəbul etməyib. Lakin hüquqi savadsızlıqdan vaxtında özündə olan SSRİ-nin pasportunu təqdim edib, şəxsiyyət vəsiqəsi almayıb. Özündə olan SSRİ-nin pasportunu da itirib. Ona görə də özünə məxsus doğum haqqında şəhadətnaməni təqdim edib, şəxsiyyət vəsiqəsi almaq istəyib. Ona bildirdilər ki, ilk olaraq adına verilmiş XXİ-JQ 739863 nömrəli pasportu təqdim etməlidir, ya da Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımalıdır, ondan sonra ona şəxsiyyət vəsiqəsi verilə bilər. Ona görə də o ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsinin rəisi özünün 250679/m nömrəli 10 iyun 2019-cu il tarixli qərarı ilə onun, yəni 01 iyul 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul etmişdir. İddiaçı həmin qərarı əsassız hesab edir. Çünki, həmin qərar qəbul edilərkən heç bir araşdırma aparılmamışdır.

3. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 14.06.2019-cu il tarixli ******* nömrəli qərara əsasən, 01.07.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən onun ХХ1-ЖГ739863 nömrəli Azərbayca SSR-ə məxsus pasportu olsa da, Azərbaycan Respublikasında pasport qeydiyyatında olmamışdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində Azərbaycan SSR-i pasportu ilə qeydiyyatı olmamışdır. Bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən) Şəxsin ХХ1-ЖГ739863 nömrəli Azərbaycan SSR-ə məxsus pasportunun olmasına baxmayaraq ölkə ərazisini tərk etdiyi üçün onun barəsində qanunvericiliyin yuxarıda göstərilən (həmçinin, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsi (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir) müddəalarının tətbiq edilməsi qeyri-mümkündür. Bu səbəbdən hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, şəxsin Azərbaycan SSR-də doğulması və ХХ1-ЖГ739863 nömrəli Azərbaycan SSR-ə məxsus pasportunun olması nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün DMX-yə müraciət etməsi tövsiyə olunur. Bununla yanaşı, 14.06.2019-cu ıl tarixli ******* nömrəli qərar 27.08.2019-cu il tarixdə şəxsin nümayəndəsi Zülfiyyə Verdiyevaya təqdim edilməsinə baxmayaraq şəxs tərəfindən şikayət 2021-ci ilin iyul ayında verilmiş və şikayət müddəti üzrsüz səbəbdən buraxılmışdır.

5. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı 10.06.2019-cu il tarixli 250679/m nömrəli sorğu əsasında vətəndaşlıq mənsubiyyətiniz araşdırılmış və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin tanınmaması barədə 14.06.2019-cu il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının ərazisində anadan olduğunuzu nəzərə alaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

6. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı Malı oğlu həqiqətən Lənkəran rayon Ləj kənd sakinidir.

7. Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran şəhər təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinə verilən arayışa əsasən Lənkəran rayonu Ləj kəndində müvəqqəti yaşayan İddiaçı ilə şöbədə Azərbaycan dilini bilməsi ilə əlaqədar aparılan sorğudan aydın oldu ki, həqiqətən o, Azərbaycan dilində sərbəst danışa bilir.

8. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında nikah 23.04.1990-cu il tarixdə qeydə alınmışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən bildirilmişdir ki, İddiaçı 1998-2019-cu illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında 19.11.2002-15.2002-ci illərdə Rusiya istiqamətinə giriş-çıxışı mövcuddur. Məhkəmə hesab etmişdir ki, təqdim edilmiş inzibati icraat materiallarına əsasən, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu müəyyən edilmir, eləcə də şəxsin 19.11.2002-15.12.2002ci illərdə qeyd edilən cəmi 26 gün müddətdə Azərbaycan Respublikasının ərazisində olmaması Azərbaycan Respublikasının ərazisini tərk edən şəxs olduğu qənaətinə gəlməsi üçün əsas hesab oluna bilməz. Yəni, iddiaçı daimi yaşayış yeri olaraq hərhansı digər dövlətin ərazisini seçməmişdir. Bununla əlaqədar məhkəmənin hazırki iş üzrə 04.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmişdir. Qeyd edilən müddətdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verməsi tələb olunmuşdur.

10. Qeyd edilən qərardadın icrası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən bildirilmişdir ki, İddiaçı Malı oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar məhkəmənin qeyd etdiyi hallarla bağlı yenidən icraat aparılması məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası (4.3-cü bəndi)" konkret ayrıca şərtlərlə şəxslərin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri uzrə qeydiyyatda olmamalarının onların vətəndaşsızlığına səbəb olarsa, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınmasını müəyyən etmişdir. Adıçəkilən Qaydalara əsasən ilk şərt kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olma (Qaydaların 2.2.1-ci yarımbəndində nəzərdə tutulan) və digər şərt kimi isə ümumiyyətlə Azərbaycan Respublikasının ərazisini tərk etməmə qeyd edilmişdir. Göründüyü kimi, sözügedən şəxs "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan SSR vətəndaşlığında olsa da, müddəada nəzərdə tutulan digər şərtin tələbləri şəxsə münasibətdə öz əksini tapmır (qeyd edildiyi kimi şəxs 19.11 2002-15.12.2002-ci illərdə cəmi 26 gün müddətdə ölkə ərazisində olmamışdır). Bu səbəbdən şəxs barəsində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə inzibati aktın qəbul edilməsi mümkün deyildir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, həqiqətən keçmiş Azərbaydan SSR pasportu ilə müvəqqəti olaraq bir aydan az müddətə Azərbaycan Respublikası hüdudlarından kənarda olmuş, ölkəni tərk etməmiş, belə bir niyyəti olmamışdır. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iddiaçı iştirak etmir.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən, bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

16. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini, yəni özünün xeyrinə əlverişli inzibati aktın qəbul olunmasını xahiş etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 14.06.2019-cu il tarixli ******* nömrəli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. Hazırkı iddia ərizəsində iddiaçı həmin qərarın ləğv olunmasını və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.

17. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

18. 14.06.2019-cu ıl tarixli ******* nömrəli qərarın 27.08.2019-cu il tarixdə şəxsin nümayəndəsi Zülfiyyə Verdiyevaya təqdim edilməsinə baxmayaraq şəxs tərəfindən şikayət 2021-ci ilin iyul ayında verilmiş olmasına münasibətdə məhkəmə qeyd edir ki, Z.Verdiyevanın iddiaçının nümayəndəsi olmasına dair, eləcə də qərarın iddiaçıya digər şəkildə təqdim edilməsinə dair hər hansı sübut (vəkalət, poçt qəbzi və s.) məhkəməyə təqdim edilməmişdir. Eləcə də iş materiallarına əsasən qeyd edilən müddətdə inzibati araşdırmanın nəticəsi barədə iddiaçının məlumatlı olması müəyyən olunmur.

19. İddia 01 iyul 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi hissəsində mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

22. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuş və hazırda hər hansı dövlətin vətəndaşı olmadığı müəyyən edilir və 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il) Azərbaycan SSR vətəndaşlığında olmuş, Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmaması onun vətəndaşsızlığına səbəb olmuşdur.

23. Məhkəmə iddiaçının 19.11.2002-15.12.2002-ci illərdə cəmi 26 gün müddətdə ölkə ərazisində olmamasını onun Azərbaycan Respublikasının ərazisini tərk edən şəxs kimi qiymətləndirilməsinə tənqidi yanaşır. Belə ki, şəxsin qeyd edilən müddətdə cəmi 26 gün müddətində Azərbaycan Respublikasının ərazisində müvəqqəti olmaması Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın və Qaydaların məqsədləri nəzərə alınmaqla Qaydaların 4.3-cü bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olmaması qənaətinə gəlməyə əsas verməməlidir. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən müddətdə davamlı olaraq Azərbaycan Respublikası ərazisində yaşamış və məhkəmə qeyd edilən Qaydaların məqsədləri baxımından onu “Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs kimi” qiymətləndirməmək üçün hər hansı əsas görmür.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi Lənkəran rayonu, Ləj kəndində yaşayan 01 iyul 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması hissəsində təmin edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar