Məhkəmə qərarları › İş №2-1(112)-1594/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1594/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1594/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və təyin edilmiş həmin pensiyanın Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin 07 fevral 2006-cı il tarixdə edilmiş redaksiyasında göstərilən qaydada ödənişinin pensiya məbləğinə edilmiş bütün əlavələr nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin avqust ayından prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 sentyabr 1982-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul edilərək Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon prokurorluğunun stajoru, xx.xx.1983-cü ildə həmin rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.1983-cü ildən müstəntiqi, xx.xx.1991-ci ildən Naxçıvan Muxtar Respublikası Culfa rayon prokurorunun köməkçisi, xx.xx.1992-ci ildən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi, xx.xx.1992-ci ildən Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, xx.xx.1993-cü ildən həmin rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1994-cü ildən Bakı şəhər prokurorluğunun istintaq şöbəsinin böyük müstəntiqi, xx.xx.1994-cü ildən istintaq hissəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Balakən rayon prokuroru, xx.xx.1996-cı ildən Xanlar (indiki Göygöl) rayon prokuroru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2000-ci il tarixli əmrinə əsasən intizam məsuliyyətinə cəlb edilməklə əlaqədar xüsusu rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunmuşdur. 2010-cu ilin iyun ayında “gərginlik stenokardiası tip3 Postinfarkt kardioskleroz, xroniki hepatoz. Hipertaniya tip 3. Postinfarkt diaqnozu ilə əmək qabiliyətini itirmiş və ikinci dədəcəli əlillik qrupu müəyyən edilmişdir. Həmin vaxtdan 2021-ci ilin avqust ayına kimi prokurorluqda qulluq etdiyinə görə ikinci qrup əlilliyə görə pensiya almışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-cil tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia ərizəsi təmin edilərək, iddiaçı olaraq ona “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətləri və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın icrası təmin edildikdən sonra 2021-ci ilin avqust ayından ona verilən pensiya ödənişi dayandırılmışdır. Əlilliklə bağlı təkrar olaraq müraciət etməmişdur. Lakin o, cavabdehə ərizə yazaraq, pensiya ödənişini qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa çatmış) prokurorluq işçisi kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında’’ 2006-cı il tarixli Qanununun 9.4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası verilməsi barədə xahiş etmişdir. Lakin ona Prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasınım təyin edilməsinin mümkün olmaması haqqında cavab verərək xahişinin təmin edilməsindən imtina etmişdirlər. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, xx.xx.2010-cu il tarixli 307 nömrəli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdə ikinci dərəcəli əlilliyə görə prokuror kimi əmək pensiyası təyin olunmuş, əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin 07 fevral 2006-cı il tarixdə edilmiş redaksiyasında göstərilən qaydada ödənişinin pensiya məbləğinə edilmiş bütün əlavələr nəzərə alınmaqla bərpa olunmasını xahiş etmişdir. Lakin o, xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunmasına baxmayaraq sonuncu tarixdə yenidən yoxlanışdan keçməmişdir. Beləliklə hazırda iddiaçının əlillik dərəcəsinin olmamasını nəzərə alaraq əlilliyə görə əmək pensiyasının bərpa edilməsi halı mümkünsüzdür. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən, xüsusi rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric olunmuşdur. Bu səbəbdən ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən təyin edilməli olması fikrinə münasibətdə qeyd edilmişdir ki, onun xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyaçısı olmuşdur. Belə ki iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən etibarən yarana bilərdi, bu zaman bu Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası tətbiq oluna bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, xx.xx.2010-cu il tarixli 307 nömrəli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdə ikinci dərəcəli əlilliyə görə prokuror kimi əmək pensiyası təyin olunmuş, əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən, xüsusi rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric olunmuşdur. Cavabdeh qeyd edilən halı əsas tuturaq ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edərək xx.xx.2021-ci il tarixdən prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; (xx.xx.2022-dək qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Qanunvericliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, xüsusi rütbələrdən mərum edilmiş prokurorluq işçilənin prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası hüququ istisna edilmişdir. İddiaçının müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən təyin edilməli olması dəlillərinə münasibətdə qeyd edilməlidir ki, onun xx.xx.2021ci il tarixədək əlilliyə görə əmək pensiyaçısı olmuşdur. Belə ki iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən etibarən yarana bilərdi, bu zaman bu Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası tətbiq oluna bilməz. Çünki, hazırkı iş üzrə iddiaçının müraciət etdiyi tarixdə mövcud olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşin hallarına görə iddiaçının həm yaşa görə əmək pensiyası həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra iddiaçının əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan qanunvericliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar