Məhkəmə qərarları › İş №2-1(112)-15945/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15945/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15945/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə-struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər X30, X9, X14, X31, X27, X23, X28, X24, X19, X15, X25, X3, X16 və X26) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə-struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Nərimanov r, M.Məmmədov küçəsində yerləşən 11 saylı evin 46,4 kv.m ibarət 3 otağını alqı-satqı yolu ilə almışdır. Naturada bölgünün aparılması qərarına gəlmiş, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iddiası təmin edilmişdir. Cavabdehə müraciət edilmiş, lakin naturada bölgünün aparılması, ayrıca çıxarışın verilməsi həyata keçirilməmişdir. Bakı İnzibati Məhkəməsinə müraciət edilərək ayrıca çıxarış və ünvanın verilməsi xahiş edilmiş, məhkəmə qərarı ilə iddia təmin edilmişdir. Çıxarışdan görünür ki, tikinti altı sahə 0,0069 kv.m kimi ayrıca göstərilmişdir ki, texniki pasport hüquqmüəyyənedici sənəd hesab edildiyindən cavabdehdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi 1961-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsidir. Texniki pasportda digər şəxslərin adına qeydiyyata alınmış fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi də əksini tapmışdır. Digər mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 110728930; qeydiyyat tarixi xx.xx.2007-ci il) əsasən Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində istifadədə olan 0.07253 ha torpaq sahəsində yerləşən 5 ədəd 1 və 2 mərtəbəli, 31 otaqlı, 463.7 kv.m yaşayış, 185.85 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı-3/16 hissədən 3 otaq 47.3 kv.m, X20-4/16 hissədən 2ot-24.5kv.m., X2-4/16 hissədən ot- 17.4kv.m., X4-4/16hissədən 2ot-y/s39.3kv.m; k/s38.4kv.m., X21-1/16hissədən 1 hissə, X17 – 1/16hissədən 1 hissə, X10 – 1/16 hissədən 1 hissə, X18 – 1/16hissədən 1 hissə, X11 – 1/16hissədən 1 hissə, X7- 1/16hissədən 1 hissə, X54/16hissə, X12-1/16hissə, X1- 4/16hissədən 2y/ot-32.4kv.m., X6 – 3/16hissədən 2ot~26.95kv.m., X13 – 3/16hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 3067 nömrəli vərəqində qeydiyyata alınmışdır. 09 aprel 2025-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı ünvan 2-yeni qaydalarla Malik Məmmədov küçəsi, giriş 27 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir, Tikinti altı torpaq sahəsi 0,0069 ha ölçüdədir. Texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,0069 ha ölçüdədir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, paylı mülkiyyətdə olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Əvəz Əliyev adlı şəxsin adına pasport tərtibatı həyata keçirilmişdir. Torpaq sahəsinin ölçüsü 968,7 kv.m kimigöstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı münasibətdə paylı mülkiyyət hüququna xitam verilərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportunda “B" literi ilə işarələnmiş tikilisinin üzərində “1” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsi/evi cavabdehlər (digər paylı mülkiyyətçilər) X30, X9, X14, X15, X25, X3, X16, X26, X31, X27, X23, X28, X24 və X8 məxsus digər tikililərindən naturada ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin İş № 2-1(112)-2438/2024 xx.xx.2024-cü il tarixli qərarına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya aid naturada bölünmüş hissəsinin - fərdi yaşayış evinin texniki pasportunda “B” literi ilə işarələnmiş, tikili bölməsinin “1” rəqəmi ilə işarələnmiş, 15.1 kv.m-dən ibarət yaşayış otağı, “2” rəqəmi ilə işarələnmiş, 11.7 kv.m-dən ibarət yaşayış otağı, “3” rəqəmi ilə işarələnmiş 15.5 kv.m-dən ibarət yaşayış otağından, həmçinin 3 kv.m, 0.7 kv.m və 0.6 kv.m-dən ibarət yardımçı sahələrdən, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinin üzərində İddiaçı tam payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdehin 05 avqust 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi 1961-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsidir. Texniki pasportda digər şəxslərin adına qeydiyyata alınmış fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi də əksini tapmışdır. Digər mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Bu baxımdan nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə dair tərtib edilmiş həmin pasport əvvəlki mülkiyyətçi, eləcə də sonradan paylı mülkiyyət hüququ ilə keçmiş paylı mülkiyyətçilərin mülkiyyət hüququnun qeydiyyatına əsas olmaqla bərabər, yerləşdiyi torpaq sahəsi də həmin şəxslərin mülkiyyətində olmalıdır. Qeyd olunur ki, Mülki Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda göstərilən normaların tələbindən də göründüyü kimi paylı mülkiyyətdə olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə əlaqədar naturada ayrılma zamanı, tərəflərin razılığı olduğu təqdirdə müvafiq bölgü sxemin hazırlanması cavabdeh tərəfindən həyata keçirilməli və ayrıca torpaq sahəsi və yerləşdiyi fərdi yaşayış evi qeydiyyata alınmalıdır ki, razılıq olmadığı halda həmin mübahisə paylı mülkiyyətçilərin iştirakı ilə MMnin 220-ci maddəsinin tələbləri baxımından mülki icraat qaydasında həll edilir. Cavabdeh isə paylı mülkiyyətçilərin notariat qaydada ərizəsinin təqdim edilməli olmasına istinad etsə də, nəzərə almamışdır ki, fərdi yaşayış evinin naturada bölgüsü rayon məhkəməsinin qətnaməsi ilə təsdiqini tapmış, eləcə də Bakı İnzibati Məhkəməsinin qərarı ilə tam payda mülkiyyət hüququn qeydiyyata alınması və çıxarışın, texniki pasportun verilməli olması öz təsbitini tapmışdır. Göründüyü kimi tam payda mülkiyyət hüququ tanınan fərdi yaşayış evinə və istifadədə olan torpaq sahəsinə dair ayrıca çıxarış və texniki pasport verilsə də və həmin hərəkətlərin əsası qismində məhkəmə qərarları çıxış etsə də, naturada bölünmə məsələsi öz həllini tapsa da, cavabdeh həmin halları nəzərə almadan yenidən naturada bölgüyə əsas olan hallara istinad etmiş, formal imtina dəlili müəyyən etməklə rayon məhkəməsi və inzibati məhkəmədə oxşar icraatın məzmun etibarı ilə təkrarlanmasına səbəb olan mövqe nümayiş etdirmişdir. Cavabdehin mövqeyi ilə desək, torpaq sahəsi ilə əlaqədar iddiaçı yenidən rayon məhkəməsinə bu dəfə də torpaq sahəsinə görə iddia qaldırmalı, bundan sonra inzibati məhkəməyə onun üçün də ayrıca çıxarışın verilməsini tələb etməlidir ki, həmin mərhələnin keçməsi halı nəzərə alınmamaqdadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin əsas imtina əsası kimi hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 2-yeni qaydalarla AZ 1008, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0069 ha ölçüdə torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar