Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1595/2021 01.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X19 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X13, X4 qarşı «orderlərin ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X13 və X4 qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X10 adına verilmiş 4 nömrəli və X2 adına verilmiş 78 nömrəli orderlərin ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi İddiaçı mərhum anası X14 verilmişdir. Belə ki, Bakı ŞİH başçısı Aparatının yə Xidmət Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 17 nömrəli orderə əsasən 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində 0,12 ha, 1255 nömrəli bağ sahəsi onun anasının istifadəsinə verilmişdir. Həmin bağ sahəsi anasına verildiyi gündən hal-hazıra kimi iddiaçının istifadəsindədir. Bağ hasara alınmış, içərisində ev də vardır. Bakı ŞİH başçısı Aparatının xx xxxxx 2019-cu il tarixli arxiv arayışına əsasən bildirilmişdir ki, Bakı ŞİH başçısının xx xxxxx 1997-ci il tarixli 412 saylı sərəncamından çıxarışa əsasən Şüvəlan BTK 51, 1255 nömrəli bağ sahəsi X14 ayrılmışdır. Anası vəfat etdikdən sonra iddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtina məktubunda bildirilmişdir ki, İdarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin nüsxəsi aşkar edilməmiş və eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxslərin adına order mövcuddur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab olunur. Göstərilənlərə və İPM-in 2.2.2, 8.1.1, 33 və 73-cü maddələrinə əsaslanaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X10 adına verilmiş 4 nömrəli və X2 adına verilmiş 78 nömrəli orderlərin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında qeyd olunur ki, İddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı orderlərin ləğv edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı anası X8 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1255 saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarənin arxiv əsaslarında ərizəyə əlavə edilmiş orderin nüsxəsi aşkar edilməmiş və eyni ВТК nəzdində həmin saylı bağ nömrəsi ilə X17 və X2 adına verilmiş orderlərin mövcud olduğu aşkar edilmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara və AR İPM-in 35.1 və 38.1-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxx 2019-cu il tarixli bildirişində aşağıdakılar qeyd edilir: - X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 1255 saylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı İddiaçı xx xxxxx 2019-cu il tarixli ərizəsinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildiririk ki, İdarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni ВТК nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxslərin adına order mövcüddur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı ŞİH Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Şüvəlan bağlar sahəsindən 51 nömrəli kooperativin 17 nömrəli orderi ilə Bakı ŞİH başçısının xx xxxxx 1997-ci il tarixli 418 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsi X11 adına verilmişdir. İş materiallarında olan Bakı ŞİH başçısının xx xxxxx 1997-ci il tarixli 412 saylı sərəncamından çıxarışdan görünür ki, qüvvədə olan bağ-tikinti kooperativinin tərkibində (Şüvəlan BTK №51, bağ №1255) X14 bağ sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Azərbaycan SSR Bakı şəhər İK-nin Bağlar Təsərrüfatı inkişafı və istismarı Birliyi Şüvəlan bağlar sahəsində 51 nömrəli kooperativinin 78 nömrəli orderi ilə Bakı Şəhər XDS İK-nin x xxxx 1992-ci il tarixli 795 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,10 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsi X2 adına verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İK-nin Bağlar Təsərrüfatı inkişafı və istismarı Birliyi Şüvəlan bağlar sahəsində 51 nömrəli kooperativinin 4 nömrəli orderi ilə Bakı Şəhər XDS İK-nin x xxxxxxxx 1991-ci il tarixli 13/585 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,10 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsi X10 adına verilmişdir. İş materiallarından görünür ki, X6 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində aşağıdakıları bildirmişdir: - Həqiqətən 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində 1255 nömrəli bağ sahəsi 78 nömrəli orderlə onun istifadəsinə verilmişdir. Lakin həmin bağ sahəsindən heç vaxt istifadə etməmiş, ona verilmiş orderi X7 və İstismarı Birliyinə geri qaytarmışdır. Həmin bağ sahəsinin də harada yerləşdiyini bilmir. Bu səbəbdən də, iddiaçının İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X13, X4 qarşı «orderlərin ləğv edilməsi» barədə iddia tələbinin ona aid olan hissədə təmin edilməsinə razıdır, iddia tələbini tam şəkildə etiraf edir. 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində 1255 nömrəli bağ sahəsinə dair onun adına verilmiş 78 nömrəli orderin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, X17 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində aşağıdakıları bildirmişdir: - Həqiqətən 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində 1255 nömrəli bağ sahəsi 4 nömrəli orderlə onun istifadəsinə verilmişdir. Lakin həmin bağ sahəsindən heç vaxt istifadə etməmiş və bağ sahəsinin də harada yerləşdiyini bilmir. Bu səbəbdən də, iddiaçının İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X13, X4 qarşı «orderlərin ləğv edilməsi» barədə iddia tələbinin ona aid olan hissədə təmin edilməsinə razıdır, iddia tələbini tam şəkildə etiraf edir. 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində 1255 nömrəli bağ sahəsinə dair onun adına verilmiş 4 nömrəli orderin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası X19 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 saylı bağ sahəsi müvafiq səlahiyyətli orqanın verdiyi 17 saylı orderə əsasən hazırkı İddiaçı mərhum anası X12 istifadəsinə verilmişdir. Bağ sahəsi hazırda da iddiaçının ailəsi tərəfindən istifadə olunur. Əmlakın vərəsəlik əsasında sənədləşdirilməsi ilə əlaqədar işlər aparılarkən məlum olmuşdur ki, həmin bağ sahəsinə dair X10 adına 4 nömrəli və X3 adına 78 nömrəli orderlər mövcuddur. İddiaçı hazırda həmin iki orderi mübahisələndirir. Adıçəkilən şəxslər orderlər əsasında onların istifadəsində hər hansı bağ sahəsinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizələr təqdim edərək, orderlərin ləğvinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 1255 sayılı bağ sahəsinə dair üç şəxsin, yəni iddiaçının mərhum anası X11, üçüncü şəxslər X10 və X5 adlarına müvafiq orderlər verilsə də, üçüncü şəxslər həmin bağ sahəsinə köçməmiş, oradab istifadə etməmiş, lakin iddiaçının anası və ailəsi bağ sahəsinə sahiblik etmiş, ondan istifadə etmişlər. Bu isə, üçüncü şəxslərin adına verilmiş orderlərin formallığına dələt edir və müvafiq bağ sahəsinin iddiaçının mərhum anası X11 qanuni istifadəsində olması qənaətini qətiləşdirir. Nəzərə alınmalıdır ki, göstərilən xüsusatı üçüncü şəxslər özləri də birbaşa təsdiq etmişlər. Belə olan halda, məhkəmənin qənaətinə görə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 1255 nömrəli bağ sahəsinə dair üçüncü şəxslərin adlarına verilmiş 4 nömrəli və 78 nömrəli orderlər qanuni qiymələndirilə bilməz və iddiaçının vərəqə kimi miras əmlaka hüquqlarının həyata keçirilməsinə maneə yaradan akt qismində çıxış edir. Odur ki, həmin orderlər qanunsuz inzibati akt kimi ləğv edilməlidir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X10 adına verilmiş 4 nömrəli və X2 adına verilmiş 78 nömrəli orderlər ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X10 adına verilmiş 4 nömrəli və X2 adına verilmiş 78 nömrəli orderlər ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1595/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1595/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver