Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1597/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının inzibati məhkəmə prosesinə cavabdeh qismində cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının 27.02.2019-cu il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarından əmək fəaliyyətinə başlamışdır. Ümumi 30 ilə yaxın iş stajı vardır. İşlədiyi Dövlət şirkəti ləğv edilərək, Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi ilə əlaqədar sonuncu tutduğu vəzifədən 10 mart 1999-cu il tarixdə azad edilmişdir. İşlədiyi müddət ərzində vəzifə borcunu layiqincə icra etdiyinə görə dəfələrlə mükafatlandırılmışdır. 17 yanvar 2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə və sənədləri təqdim etmişdir. Ancaq dəfələrlə müraciət etməyinə baxmayaraq, qeyd etdiyi məsələnin nə yerdə olması barədə ona məlumat verilməmişdir. Bu səbəbdən o, 20 iyun 2020-ci il tarixdə yenidən lazımi sənədləri Binəqədi rayon şöbəsinə təqdim olunması üçün 1 saylı ASAN Xidmət Mərkəzinə vermişdir. Bundan sonra dəfələrlə 1 saylı ASAN Xidmət Mərkəzinilə və Binəqədi rayon şöbəsində olmuşdur. 31 avqust 2020-ci il tarixdə ona rəsmən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 04.03.2020-ci il tarixli, **********3 №li məktubunu təqdim etdi. Onun müraciətindən 7 ay 14 gün keçdikdən sonra aldığı məktubdan məlum olmuşdur ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin olunması barədə xahişindən imtina olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 22 il olmaqla qanuni tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının 23.10.1972-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “X3 Şirkəti”ndə işlədiyi dövr araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki. müəssisənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16308.00 manat olmaqla əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - Azərbaycan SSR Təhsil Nazirliyinin Respublika Ticarət-kulinar peşə məktəbinin 31.05.1972-ci il tarixli, 456 №-li şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı həmin məktəbə 01.09.1970-ci ildə daxil olmuş və 30.05.1972-ci ildə bitirmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı 07.10.1972-ci ildən 09.11.1972-ci ilədək “Gənclik” restoranında aşbaz (1 ay 3 gün), 21.12.1972-ci ildən 01.04.1973-cü ilədək Kirov rayon Qarışıq Mallar Ticarəti İdarəsində aşbaz (3 ay 11 gün), 07.06.1973-cü ildən 12.08.1973-cü ilədək Bakı 1 №-li Ayaqqabı fabrikində aşbaz (2 ay 06 gün), 20.08.1973-cü ildən 14.08.1975-ci ilədək Əzizbəyov otelində yük-daşıyıcı (1 il 11 ay 25 gün), 22.09.1975-ci ildən 03.07.1977-ci ilədək “İnturist” Mehmanxanasında 4-cu və 5-ci dərəcəli aşbaz (1 il 9 ay 12 gün), 18.07.1977-ci ildən 17.02.1978-ci ilədək “Azneft” Trestində 5-ci dərəcəli aşbaz (07 ay 0 gün), 15.03.1978-ci ildən 17.12.1990-ci ilədək Oktyabr rayonu Birləşmiş Yeməkxanasında, “Ana və Uşaq” kafesində aşbaz (12 il 09 ay 03 gün), 18.12.1990-cı ildən 30.09.1991-ci ilədək “Abşeron” Mehmanxanasında aşbaz (09 ay 13 gün), 15.12.1991-ci ildən 10.03.1999-cü ilədək “xxxx” Şirkətinin 272 №-li mağazasının müdir müavini (07 il 02 ay 26 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış **********740800 №-li, 18.12.2020-ci il tarixli məktubundan görünür ki, “X3 Şirkəti” Azərbaycan Respublikasının Prezidentinin 3 may 1993-cü il 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, strukturu və nizamnaməsi 29.12.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Şirkət təsdiq edilmiş nizamnaməsinə əsasən keçmiş Azərbaycan Respublikası xxxx Nazirliyinin əsasında yaradılmış və onun hüquqi varisidir. Şirkət VÖEN almaqla uçota dayanmaq üçün vergi orqanına müraciət etməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış **********20 №-li, 05.03.2021-ci il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar müvafiq araşdırma aparılmış, lakin Əmlak Məsələri Dövlət Xidmətində “xxxx” Dövlət Şirkətinin 26.12.1991-ci il tarixli, 156 ls nömrəli və 10.03.1999-cu il tarixli, PK-İİ nömrəli əmrləri aşkar edilməmişdir. - Filial tərəfindən iddiaçının 23.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı 29.09.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 22 il olmaqla qanuni tələb olunan müddətdən (25 ildən) azdır. 23.10.1972-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “X3 Şirkəti”ndə işlədiyi dövr araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müəssisənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16308.00 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyi tövsiyə olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddəni qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: qanunla müəyyən edilmiş yaşa çatmış olsun; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun və ya 25 il sığorta stajına malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmun baxımından quruluşu onu ehtiva edir ki, bu növ işlərə baxılarkən işin hallarının araşdırılmasına, dispozisiya şərtlərinin həmin normada düzülmüş ardıcıllığına uyğun başlanmalıdır. Əvvəlcə iddiaçının pensiya yaşına çatması, sonrakı addımda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, pensiya kapitalı az olduqda isə iddiaçının zəruri sığorta stajının olması müəyyən olunmalıdır. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulması, 27.02.2019-ci il tarixdə 64 yaşının tamam olması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının 15.12.1991-ci ildən 10.03.1999-cü ilədək “xxxx Şirkəti”nin 272 №-li mağazadında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının: - 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. - 3.6-cı bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı ildən) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə araşdırılması zamanı iddiaçının əmək kitabçasında qeyd olunan 15.12.1991-ci ildən 10.03.1999-cü ilədək işlədiyi dövrün həqiqətliyini yoxlanılması üçün müvafiq sorğu verilmiş, lakin İddiaçı əmək kitabçasında qeyd olunmuş “xxxx” Dövlət Şirkətinin 26.12.1991-ci il tarixli, 156 ls nömrəli və 10.03.1999-cu il tarixli, PK-İİ nömrəli əmrləri müvafiq orqanda aşkar edilməmişdir. Bundan əlavə “X3 Şirkəti” Azərbaycan Respublikasının Prezidentinin 3 may 1993-cü il 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən 29.12.1994-cü il tarixdə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş 26.12.1991-ci il tarixli, 156 ls nömrəli və 10.03.1999-cu il tarixli, PK-İİ nömrəli əmrlərinin mövcudluğu öz təsdiqini tapmadığından cavabdeh inzibati orqannın həmin müddətlərı sığorta stajına daxil edilməməsi ilə bağlı mövqeyi əsaslıdır. Məhkəmə hesab edir ki, İddiaçı 25 ildən az sığorta stajına malik olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1597/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1597/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver