Məhkəmə qərarları › İş №2-1(112)-1597/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1597/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1597/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrəfil oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə, 129 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 1016,7 kv.m həyatyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində (İddiaçı2 1/4 hissə, İddiaçı1 3/4 hissə) qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNN ETDİ. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrəfil oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə ünvanında yerləşən 129 saylı fərdi yaşayış evinə və onun ətrafında hasara alınmış torpaq sahəsinə iddiaçılarının mülkiyyət hüquqlarının (paylar qeyd edilməklə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reysrindən çıxarışın verilməsi və müvafiq texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10503/2024 nörməli qərardadı ilə, "xxxx" MMC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə, 129 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 1016,7 kv.m həyatyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində (İddiaçı2 1/4 hissə, İddiaçı1 3/4 hissə) qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(112)-1597/2025 nörməli qərardadı ilə, iddia tələbinə dair dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(112)-1597/2025 nörməli qərardadı ilə, üçüncü şəxs "xxxx" MMC-nin üçüncü şəxs qismində iştirakına xitam vermişdir.

İddianın əsaslandırılması:

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə ünvanında yerləşən 129 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçıların ataları tərəfindən alqı satqı yolu ilə 1998-ci il tarixdə əldə edilmişdir. Alqı satqı müqaviləsi əsasında verilən mülkiyyət hüququna dair çıxarış sənədində evin yaşayış sahəsi 60,2 kv.m qeyd edilmişdir. Halbuki cavabdeh orqan tərəfindən tərtib edilmiş “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda ətraflı olaraq həyətdə olan bütün tikililər və torpaq sahəsi, o cümlədən 1016,7 kv.m olan həyətyanı sahə, tikinti altı 143,4 kv.m olan sahə də qeyd edilmişdir. Bundan başqa evin ətrafında otmostkalar olan sahənin 350 kv.m, qrunt hissənin isə 523,3 kv.m olduğu qeyd edilmişdir. Texniki pasportda əksini tapmış tikililərimiz hansısa səbəbdən mülkiyyət hüququna dair çıxarış sənədində qeyd edilməmişdir. Texniki pasportda təsərrüfat tikililəri, hamam tualet tikili kimi qeyd edilsə də, amma nədənsə mülkiyyət hüququna dair çıxarış sənədində sahələri nəzərə alınmadan yalnız 60,2 kv.m qeyd edilmişdir. Baxmayaraq ki, cavabdehin özü tərəfindən tərtib edilmiş texniki pasportda yaşayış evinin sahəsi 92,0 kv.m qeyd edilmişdir. Bundan sonra iddiaçıların ataları tərəfindən əvvəlki tikililər yerində yeni yaşayış evi inşa edilmişdir. Daha doğrusu köhnə tikili saxlanılmaqla, onun ətrafındaki tikililər yerində, həmçinin ümumi tikilialtı hissədə mansard mərtəbə inşa edilmişdir. İddiaçıların ataları rəhmətə gedəndən sonra qardaş-bacı arasında (hazırki iddiaçılar) həmin mülk üzrə vərəsəlik payları müəyyən edilmişdir. (4/1 pay İddiaçı2, 4/3 pay İddiaçı1) Hazırda fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq alınması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıların müraciətinə imtina edilmişdir. Mübahisəli ünvanda yerləşən istifadələrində olan torpaq sahəsi və fərdi yaşayış evi, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı qəbul edilənə qədər 1998-ci il tarixdə onlara ayrılmışdır. Mülk alınarkən və fərdi yaşayış evi üzrə yenidənqurma işləri aparılan zaman ərazi neft kəmərinin mühafizə zonasında deyildir. Çünki həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi cavabdehin texniki pasportunda yazıldığı kimi fərdi yaşayış fonduda aid edilmişdir. Ev qonşularla əhatə olunmuşdur. Ərazi olaraq yaşayış məntəqəsi sayılır. Uzun illərdi daimi əsaslarla yaşayan qonşularla əhatələnib. Əraziyə yaxın hissələrdə iaşə obyektləri və s mövcuddu. Həmçinin, əldə edilən zaman neft borusu xətti ya ərazidən ümumiyyətlə keçməmişdir ya da neft kəməri torpaq altı inşa edilmişdir. Bu səbəbdən həmin zaman tikili üzrə yenidən qurma işləri aparılan zaman neft borusunun mühafizə zonası mövcud olmamışdır. Təxminən 2000-ci il tarixdə torpaq sahəsində aparılan yenidən qurma işlərinə Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən müdaxilə edilməmişdirsə, deməli onların maraqlarına toxunan hal da baş verməmişdir. Sonradan isə hər hansı dəyişikliyin iddiaçıların ziyanına şərh edilməsi qanuna ziddir. Ehtimal da var ki, sonradan neft kəmərində müəyyən oğurluq hallarının qarşının alınması səbəbindən neft kəməri torpaq üstü əraziyə çıxarılmışdır. Bu halın olması isə iddiaçıların qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət kimi adlarına qeydiyyata alınmasına maneə olmamalıdır. Digər hal ilə bağlı, bu günə qədər onlara qarşı həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin hər hansı bir tələbi və ya mübahisəsi mövcud olmamış, eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı əsaslandırıcı sübutlar təqdim olunmamışdır. 1998-ci ildə qanuni əsaslarla torpaq sahəsi və fərdi yaşayış evini əldə etmişlər və həmin dövrdə heç bir hüquqi şəxsə ayrılmış sahə mövcud olmamışdır. Cavabdehin bildirdiyi hüquqi şəxsin kim olması naməlumdur. Bəlkə də belə hüquqi şəxs mövcud deyildir. Həmçinin ərazinin digər hüquqi şəxsə iddiaçıların məlumatı olmadan ayrılması özü qanunsuzdur. Bəlkə də hüquqi şəxsə ayrılan ərazi onların sahəsindən kənarı əhatə edir. Digər hal ilə bağlı, 1998-ci tarixli cavabdehin texniki pasportunda torpaq sahəsi 1016,7 kv.m qeyd edilmişdir. Həmin sahə daxilində yenidənqurma işləri aparılmışdır. Tikinti sahəmiz mövcud torpaq sahəsi 5/1 hissəsini təşkil edir. Əgər hər hansı uyğunsuzluq mövcuddursa o zaman 1016,7 kv.m torpaq sahəsinin koordinatlarını ona uyğunlaşdırmaq mümkündür. 1998-ci il tarixdə cavabdehin tərtib etdiyi texniki pasportda koordinatlar qeyd edilməmişdir. Bu hal da onların iradəsindən asılı hal olmayıb. İddiaçılar tərəfindən əlavə torpaq sahəsi zəbt edilməmişdir. Ona görə də hər hansı fərq yaranıbsa həmin fərqin onların təqsiri ucbatından yaranmadığını nəzərə almaqla, 1998- ci il tarixli texniki pasportda ayrılan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyilər. İddiaçılar göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, elektron kadastr məlumatına əsasən yeni layihələndirilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, sözügedən torpaq sahəsi digər hüquqi şəxsə (ADEC Məhdud Məsuliyyətli Cəmiyyəti) ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə fərdi yaşayış evinin bir hissəsi (2.4 kv.m) təqdim olunan texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. Hazırda iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçılar cavabdeh inzibati orqana müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar.

Faktiki hallar və sübutlar: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı1 xx.xx.1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı2 xx.xx.1977-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən, Nobel prospekti q/t küçəsi, ev № 67/23 fərdi evin mülkiyyətçisi X1r. Hazırkı Texniki pasport Xətai rayon İcra hakimiyyətinin başçısının M-475 saylı xx.xx.1998 tarixli sərəncamı əsasında tərtib edilmişdir. “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun ttorpaq sahəsi üzrə eksplikasiya hissəsində torpaq sahəsinin cəmi 1016,7 kv.m olması, o cümlədən 143,4 –tikinti altında, otmostkalar- 350,0 kv.m, qrunt- 523,3 kv.m olması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ” **********74-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xətai rayonu, 8 noyabr, ev 67/23 (yeni qaydalar: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, 1-ci döngə, 129) ünvanında yerəşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə (torpaq sahəsi – 0,0092 ha, istifadə hüququ ilə) 1/4 hissədə İddiaçı2 və 3/4 hissədə İddiaçı1 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-10528/2024 **********28 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişə əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, sözügedən torpaq sahəsi digər hüquqi şəxsə ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə, fərdi yaşayış evinin bir hissəsi təqdim olunan texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********68 №-li məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanın (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1-ci döngə, giriş 129) yerləşdiyi torpaq sahəsi "xxxx" MMC-nin adına 326 ha ayrıc aktı üzrə olan ümumi sahənin daxilindədir; mübahisəli ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - SOCAR-ın 22 iyun 2024-cü il tarixli 14-2/2-3429/2024 nömrəli məktubundan görünür ki, sorğuda qeyd edilən ərazidən SOCAR-ın H.Əliyev adına X3 (NEZ) istismarında olan neft məhsulları nəql olunan kəmərlər (benzin, dizel yanacağı), kerosin, soba yanacağı və atqı suları) keçir. Sözügedən kəmərlərin həmin ərazidən keçən yeraltı hissəsinin fiziki cəhətdən kritik vəziyyətdə olması (sızmalar) ətraf mühitə təhlükə yaratdığından, həmçinin NEZ-in sahələri arasında neft və aralıq məhsulların təhlükəsiz və davamlı mübadiləsinin təmin edilməsi məqsədilə 2004-2006-cı illərdə həmin boru xəttlərinin yeraltı hissələri “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış lahiyə əsasında yenilənmiş və yerüstü dəmir-beton estakada üzərində quraşdırılmışdır. Hal-hazırda sözügedən və strateji sayılan boru xətləri NEZ tərəfindən istismarı olunur və yaxın gələcəkdə xətlərin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. - 27.02.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, 8 noyabr prospekti, ev 67/27 ünvanında yerləşən fərdi yaşayış evinin həm layihəyə əsasən, həmdə faktiki olaraq yaşayış sahəsi 321.4 kv.metr, ümumi sahəsi isə 574.0 kv.metrdir. Arxiv t/p-na əsasən ümumi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1016.7 m, faktiki olaraq 1068.5 metrdir. Torpaq sahəsi faktiki olaraq 51.8 kv.m artıqdır. Arxiv texniki pasportundakı “A” tikilisi genişləndirilərək yarım zirzəmi və mansard mərtəbəsi əlavə edilmişdir. Fərdi yaşayış evi təqdim edilən layihəyə uyğundur. Torpaq sahəsi 51.8 kv.m artıqdır. Baş plan faktiki vəziyyətə uyğun tərtib edilmişdir. Torpaq sahəsi mişar daşı hasarı daxilindədir. 3 tərəfdən qonşu bir tərəf yol ilə əhatələnib. Arxiv texniki pasportundakı B və C tikilisi faktiki mövcud deyil. “A” tikilisinin 2.4 kv.m hissəsi əlavə torpaq sahəsinə düşür.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iddiaçılarını aşağıda göstərilənlərə görə öz tələblərində haqlı hesab edir:

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66.1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən: - 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; - 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. - 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in hüquq və vəzifələrinə aid edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən - 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

21. İddia ərizəsindən göründüyü kimi, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə, 129 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 1016,7 kv.m həyatyanı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini tələb edir.

22. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina və etiraz iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

23. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2.4.-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda, torpaq üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

24. Cavabdeh inzibati orqanın imtina məktubunda və etirazında imtina səbəbi kimi fərdi yaşayış evinin bir hissəsinin mühafizə zolağında yerləşməsi, sözügedən torpaq sahəsinin digər hüquqi şəxsə ayrılmış ərazidə yerləşməsi, fərdi yaşayış sahəsinin bir hissəsinin baş plandan kənarda inşa edilməsi və texniki pasportla faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqinin olması göstərilmişdir.

25. Məhkəmə “fərdi yaşayış evinin bir hissəsinin mühafizə zolağında yerləşməsi” ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1998-ci ildən iddiaçıların mərhum atalalarına, onun vəfatından sonra isə vərəsəlik hüququ əsasında iddiaçılara məxsus olmuşdur. Fərdi ev üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar onlara məxsus evdə uzun müddət fasiləsiz və etirazsız yaşayırlar, evin və evin yerləşdiyi torpaq sahəsinin mübahisəli ərazi mühafizə zonasında yerləşməsi barədə müvafiq dövlət orqanları tərəfindən rəsmi xəbərdar edilməmişlər. İddiaçılara məxsus yaşayış evləri və torpaq sahəsi 3 tərəfdən digər vətəndaşlara məxsus fərdi evləri ilə əhatə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların fərdi yaşayış evinin yerləşdiyi ərazi yaşayış məhtəqəsidir.

26. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə yerində baxış keçirilmiş və müəyyn edilmişdir ki, torpaq sahəsi və fərdi yaşayış evi hasara alınmışdır. 3 tərəfdən qonşu ilə əhatə edilmişdir və fərdi yaşayış evlərinin sıx yerləşdiyi köhnə qəsəbədə yerləşir.

27. “Sözügedən torpaq sahəsinin digər hüquqi şəxsə (ADEC MMC) ayrılmış ərazidə yerləşməsi” ilə bağlı qeyd edilməlidir ki, məhkəmə prosesinə 3-cü şəxs qismində cəlb edilmiş ADEC MMC-nin səlahiyyətli nümayənədəsi tərəfindən həmin torpaq sahəsinin onların ərazisinə və maraq dairəsinə aid olmadığı bildirilmişdir.

28. Məhkəmə “texniki pasportla faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqinin olması” halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçılara məxsus evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, 1998-ci ildən torpaq sahəsinə etirazsız sahiblik edilir, torpaq sahəsi üzrə qonşularla hər hansı bir mübahisəsi mövcud deyildir. İddiaçılar faktiki olaraq texniki pasportda qeyd edilən 1016.7 kv.m olan torpaq sahəsindən istifadə və sahiblik etməklə,torpaq sahəsi üzrə mülkiyyət hüquqlarına malikdilər. Belə olan halda sözügedən torpaq sahəsinin iddiaçıların adına qeydiyyata alınması qanunvericiliyə qaydalarına uyğundur və iddiaçı bunu tələb etməkdə haqlıdır.

29. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçılara məxsus evin yerləşdiyi torpaq sahəsi, evin həyətyanı sahədir. Hazırda qanunvericilik normalara əsasən iddiaçılar mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə texniki sənədi- plan ölçünün əldə edilməsi hüququna malikdir.

30. Göstərilənlərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçıların müraciətlərindən imtina etməsi qanunvericiliyin qaydalarına ziddir və cavabdehin etirazında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir.

31. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə, 129 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 1016,7 kv.m həyatyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində (İddiaçı2 1/4 hissə, İddiaçı1 3/4 hissə) qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

34. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

36. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə, 129 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 1016,7 kv.m həyatyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində (İddiaçı2 1/4 hissə, İddiaçı1 3/4 hissə) qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar