Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15971/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivinin 5 mart 2024-cü il tarixli, 49 nömrəli arayışına əsasən iddiaçı 1981-1984-cü illərdə Sabir adına kolxozda işləyərək 1981-ci il üzrə 5.00, 1982-ci il üzrə 2.18, 1983-cü il üzrə 67.41, 1984-cü il üzrə isə 14.16 əmək günü qazanmışdır. НЗ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuşdur (2 il 01 ay 8 gün). УВ-1 123509 nömrəli diploma əsasən iddiaçı xx.xx.1983-cü il tarixli, 276u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitunun “İnşaat” fakültəsinin qiyabi şöbəsinin “Sənayə və mülki tikinti” ixtisasına qəbul olunmuş, xx.xx.1984-ci il tarixli, 220u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1986-cı il tarixli, 416u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra İnstutun “inşaat” fakultəsinin əyani şöbəsinə bərpa olunmuşdur. xx.xx.1991-ci il, 198u/p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsini “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “İnşaat mühəndisi” ixtisası verilmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin (sonradan adı "xxxx" ASC adlandırılmışdırı) 2 saylı Tikinti Quraşdırma İdarəsində usta, iş icraçısı, sahə rəisi işləmişdir. (15 il, 06 ay, 18 gün) xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində mühəndis vəzifəsində işləmişdir. (15 il, 6 ay, 19 gün) xx.xx.2022-ci il tarixdən – hazıradək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində məsləhətçi vəzifəsində işləyir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...iddiaçının 20 avqust 1991-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Xətai Tikinti Mexanizasiya" ASC-də işlədiyiniz qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən aparılmış dəqiqləşdirmə zamanı, xx.xx.1995-ci il tarixindən sonra həmin müəssisənin fəaliyyətdə olmadığı müəyyən edilib. Bu fakt 20 yanvar 2021-ci il tarixli birgə Aktla təsdiq edilib. Buna görə də xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay (xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir. Milli Arxiv idarəsinin Gədəbəy filialının iddiaçıya dair 5 mart 2024-cü il tarixli 49 nömrəli arayışında 1981-1984-cü illərdə kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilib. Lakin sözügedən arayışda kolxozda işlədiyi müddət üzrə işə qəbul olma və işdən çıxma tarixləri qeyd olunmayıb. Bu səbəbdən də həmin müddəti iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona, 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən "Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cavabdeh tamamilə əsassız olaraq müraciətini təmin etməmişdir. Bəhanə kimi işlədiyi "xxxx" ASC-nin 1995-ci ildən sonra fəaliyyət göstərməməsi qeyd edilir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVİİ bəndinin ( "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri") b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçalarının təsdiq olunmuş surəti və əsli ilə müəyyən edilir ki, iddiaçının həqiqi hərbi xidmət illəri, təhsil dövrü də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, cavabdehin imtinasının əsas dəlili 20 avqust 1991-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunan “Xətai Tikinti Mexanizasiya" ASC-də xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmaması ilə əlaqəlidir. Məhkəmə həmin dəlili əsaslı hesab etmir və qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci ildə "Xəzərdənizneftsosialtikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsi üzrə işə qəbul edilib (Əmr 100/k, xx.xx.1991), xx.xx.1993-cü il tarixdə usta vəzifəsinə keçirilib (Əmr 22, xx.xx.1993), xx.xx.2001-ci il tarixdə İş icraçısı vəzifəsinə keçirilib (Əmr 44, xx.xx.2001), xx.xx.2006-cı il tarixdə sahə rəisi vəzifəsinə keçirilib (Əmr 04, xx.xx.2006), xx.xx.2007-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə (öz xahişi) tutduğu vəzifədən azad edilib (Əmr 10a, xx.xx.2007). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən "Xəzərdənizneftsosialtikinti"xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İşlədiyi peşə üzrə sosial sığorta stajı 15 (on beş) il, 06 (altı) ay, 21 (iyirmi bir) gün və güzəştli sığorta (və ya iş) stajı - 14 (on dörd) il), 09 (doqquz) ) gün təşkil edir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVlİ bəndinin ( "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri") 2290000b-23419-USTA, b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 İŞ İCRAÇİLARİ vəzifələri ilə eynidir. Məhkəmə həmçinin nəzərə alır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş arayış şəxsin zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verən sənəd kimi qəbul edilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 879/2023 nömrəli qərarı). Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Məhkəmə iddiaçının 20 avqust 1991-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında əks olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr olmamasını nəzərə alaraq hesab edir ki, həmin sənəddə iddiaçının “Xətai Tikinti Mexanizasiya" ASC xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işləməsi barədə məlumatlar mötəbər hesab olunmalıdır. Bundan başqa imtina məktubunda iddiaçının işlədiyi “Xətai Tikinti Mexanizasiya" ASC-nin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmaması faktının 20 yanvar 2021-ci il tarixli birgə Aktla təsdiq edildiyi qeyd edilmişdir. İş materialına əlavə olunmuş 20 yanvar 2021-ci il tarixli birgə aktdan görünür ki, həmin aktda həm iddiaçının "xxxx" ASC-də xx.xx.1990-cı ildən xx.xx.2003-cü il tarixinədək usta vəzifəsində çalışması, həm də adıçəkilən müəssisənin 1995-ci ildən sonra fəaliyyətinin olmaması əks olunmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən müraciətin imtinası əsaslandırılarkən istinad olunmuş sənədin məzmununda belə bir-birilə ziddiyət təşkil edən məlumatlar əks olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh qurumun mütəxəssilərinin də iştirak etdiyi həmin akt “Ümumxalq hüzn günü”ndə tərtib edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən həmin gün qeyri-iş gününə təsadüf edir. Ziddiyətli haldır ki, analoji işlərdə əmək kitabçalarının tərtibatı zamanı qeyri-iş günlərində imzalanan əmrlərin olduğu dövrü bütovlükdə iş stajına daxil etməyən cavabdeh qurum özü tərəfindən formalaşdırılan inzibati praktikaya zidd hərəkət edərək qeyri-iş günündə tərtib edilən akta istinad edir. Bundan başqa Məhkəmə qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2- 1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)- 88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)- 2532/2023 nömrəli qərarları). Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1390/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. 17. Hazırki iş üzrə iddiaçı barəsində işlədiyi müəssisə tərəfindən verilmiş arayış yuxarıda göstərilən tələblərə uyğun olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas kimi qəbul edilə biləndir”. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-15971/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15971/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver