Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1598/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində məhkəmə iclasına cəlb olunmaqla “hərəkətin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin ona “əlilliyin bərpa edilməsi, həmin məlumatların Tibbi Sosial Ekspertiza və X4 daxil edilməsi“ barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil oglunun iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi aşagıdakı məzmunda icraata qəbul edilmişdir: “İddiaçı 4110003AAC77 nömrəli xx.xx.2018-ci il tarixli göndəriş əsasında təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab edildiyi, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən xx.xx.2018-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən əlilliyin səbəbi “ümumi xəstəlik-gözdən əlil” kimi qeyd olunmuş və əlillik müddətsiz təyin edilmişdir. Müayinənin nəticələrində göstərilmişdir ki, xx.xx.2018-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin olunmuş və 4110003AAC77 nömrəli “Forma 88” sənədi tərtib olunmuşdur. TSEK iddiaçıya gözündə “tor qişa qatlarının ayrılması” diaqnozu qoymuş və Akademik Z.Əliyeva adına MOM-un 727 nömrəli rəyinə əsaslanmışdır. Həmin rəydə də xəstəliyinin səbəbi kimi “OS-Mürəkkəb seroz karioretinopatiya, OU-sadə hipermetropik astiqmatizm” göstərilmişdir. Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışda əlilliyin müəyyən olunması meyarı “üçüncü dərəcəli əlillik-bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” kimi göstərilmişdir. Üçüncü dərəcəli əlil kimi xx.xx.2018-ci il tarixindən təyin olunmuş sosial müavinəti xx.xx.2019-cu il tarixinədək almışdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən göndərilmiş **********9 saylı, xx xxxx 2019-cu il tarixli məktubla ona bildirilmişdir ki, əlilliyi Tibbi Sosial Ekspertiza və X2 etibarsız hesab edildiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək almış olduğu 8489,23 manat məbləğində sosial müavinəti Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin hesabına geri qaytarmalıdır. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd etdiklərini və iddiaçıya təyin olunmuş əlillik dərəcəsinin hansı əsasla Tibbi Sosial Ekspertiza və X2 etibarsız hesab edildiyini aydınlaşdırmaq məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə əvvəlcə şifahi olaraq müraciət etmişdir. Şöbədən ona bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Şöbəsi tərəfindən onlara 029-1354- 1219 saylı, xx xxx 2019-cu il tarixli məktub daxil olub, həmin məktuba əsasən əlilliyinin etibarsız hesab edilməsi və yuxarıda göstərilən məbləğin ondan alınaraq geri qaytarılması qərara alınıb. Lakin həmin şöbədə əlilliyinin hansı səbəbdən etibarsız hesab edilməsi barədə ona məlumat verilməmiş və bildirilmişdir ki, bu barədə məlumatın verilməsi onların səlahiyyətinə aid deyildir. Ona görə də xx xxxx 2019-cu il tarixində sifarişli poçt vasitəsilə ərizə ilə müraciət edərək, nazirliyin əlilliyinin etibarsız hesab edilməsi barədə qərarın və yaxud əlilliyinin etibarsız hesab edilməsinin səbəbləri barədə məlumatın verilməsini xahiş etmişdir. Dəfələrlə Nazirliyə şifahi müraciətləri olmuş, məsələnin araşdırıldığı və həll olunacağı ona bildirilmişdir. Lakin bu günə kimi heç bir vasitə ilə ərizəsinə və müraciətlərinə cavab ala bilməmişdir. Bununla bağlı cavabdeh xx xxxx 2020-ci il tarixli **********8 saylı cavabında göstərmişdir ki, iddiçının əlilik vəziyyəti səhiyyə müəssisinin 0284003AAJDB saylı göndərişi əsasında xx xxxx 2020-ci il tarixdə qiymətləndirilib və göndərişin natamam doldurulması barədə qərar verilib. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müəyinə və müalicə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Həmin cavabı xx xxxxxx 2020-ci ildə almışdır. Hesab edir ki, əlilliyinin etibarsız hesab edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar qanunsuz və əsassızdır. Ona görə də ona təyin edilmiş əlillik bərpa olunmalı və xx xxxx 2019-cu il tarixindən qanunsuz olaraq saxlanılmış, ona ödənilməmiş əlilliyinə görə sosial müavinət ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkədən xahiş etdilər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İş materiallarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli iddiaya etirazda bildirilmişdir ki, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxx 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AAC77 saylı göndərişi xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, “ümumi xəstəlik => gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu tərəfindən araşdırılmışdır. ƏƏSMN-yi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət olunaraq, DİN-nin Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 378 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının nəzərdən keçirilməsi və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmişdir. DİN-nin Tibb idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla ƏƏSMN-nə müraciət edilmişdir. Müraciətdə 378 nəfərin DİN-nə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Göndərişləri etibarsız edilmiş şəxslərin siyahısında 21-ci sırada İddiaçı soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Yəni əlilliyin təyininə əsas verən göndəriş əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaçının vəkilinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin xx xxxx 2004-cü il tarixli F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-nin poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmışdır. Nazirliyin digər strukturlarında qeyd olunan əmrin tələblərindən irəli gələn tədbirlərin icrası həmin strukturların rəhbərlərinə tapşırılmışdır. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X3 tərəfindən əlillik dərəcisinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və X4 daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Bu səbəbdən daxili işlər orqanlarında xidmət etməyən və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmayan vətəndaşlar barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, vətəndaş İddiaçı 2001-ci il tarixdən hazıradək DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmamış, xx.xx.2020-ci il tarixdə DİN-in 1 saylı poliklinikasına müraciət edərək öz xahişi ilə tibbi kitabçasını götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı adına Azərbaycan Respublikası DİN-nin 1 saylı poliklinikasında 15.03.07-ci ildə açılmış 1012 saylı tibbi kitabçadan görünür ki, o mütəmadi olaraq, həmin poliklinikada müayinələrdən keçmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 226 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız edilməsi barədə daxil oldugu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb, iddiaçının daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin xx xxxx 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə birdəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında xx.xx.2007-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 1012 nömrəli tibbi kitabça açılmışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (x xxxxxxx 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - 3-cü qrup əlil olmasının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın nəticəsinin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Belə olan halda qanunvericinin göstərişinə əsasən iddiaçı yalnız əyani müyinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda gödtərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilsin və həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1598/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1598/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver