Məhkəmə qərarları › İş №2-1(112)-1599/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1599/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1599/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə dair kvalifikasiyanın tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası “X8 Universiteti” tərəfindən 78828 qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, 11 iyul 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının 20 iyun 2007-ci il tarixli Qərarına əsasən iddiaçıya verilmiş “Tərcümə və tərcüməşünaslıq” ixtisası üzrə “Linqvist və Tərcüməçi” üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyəsi) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeleyində "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X6 müraciət edərək Rusiya Federasiyası Moskva X4" tərəfindən 78828 qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, 11 iyul 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının 20 iyun 2007-ci il tarixli Qərarına əsasən ona verilmiş "Tərcümə və Tərcüməşünaslıq" ixtisası/istiqaməti üzrə linqvist və tərcüməçi üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyənin) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeleyində "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X7 "Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə" NA00010941 nömrəli, 31 may 2023-cü il tarixli Qərar qəbul etmiş və həmin qərara əsasən ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 nömrəli, 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olmaması olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh orqanın verdiyi imtina qanuni əsaslara söykənmədiyindən, o cümlədən "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı, 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na zidd olduğundan Rusiya Federasiyası "Moskva X4" tərəfindən 78828 qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, 11 iyul 2007-ci il tarixli diplomu ilə Dövlət Attetstasiya Komissiyasının 20 iyun 2007-ci il tarixli Qərarına əsasən mənə verilmiş "Tərcümə və Tərcüməşünaslıq" ixtisası/istiqaməti üzrə linqivist və tərcüməçi üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyənin) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair şəhadətnamə verilməlidir. Belə ki, İddiaçı xx xxxx 1986cı il tarixdə Türkmənistan SSR-nın Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Ümumi təhsili Türkmənistan SSR-nin Krasnovodsk şəhərində yerləşən məktəbdə almış, bundan sonra Türkmənistan Respublikası vətəndaşı olaraq 2002-ci il tarixdə Rusiya Federasiyası Ali peşə təhsilinin dövlət təhsil müəssisəsi olan "X8 Universiteti"nin "Tərcümə və Tərcüməşünaslıq" ixtisası üzrə əyani təhsil formasına qəbul olunmuşdur. Qohumları Azərbaycan Respublikasında yaşamaları və ali təhsilini maddi cəhətdən rahat davam etdirmək məqsədi ilə həmin Universitetin Bakı filialında davam etdirmək məcburiyyətində qalmış və 2007-ci il tarixdə isə həmin Universiteti bitirərək "Tərcümə və Tərcüməşünaslıq" ixtisası/istiqaməti üzrə linqivist və tərcüməçi üzrə ali təhsilə aid kvalifikasiyasını almışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 3373 saylı, 18 iyul 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuşdur. Bu səbəbdən gələcəkdə ixtisasına uyğun Azərbaycan Respublikası əmək qanunvericiliyinə əsasən əmək münasibətlərinə daxil olmaq məqsədi ilə peşə və ali təhsil pilləsində təhsilini davam etdirmək məqsədi ilə akademik tanınma zərurəti yaranmışdır. Bununla bağlı, qeyd edilir ki, iddiaçı ilə eyni qrupda təhsil almış şəxslərin ali təhsilə aid kvalifikasiyaları tanınmışdır. Belə olan halda, cavabdeh tərəfindən bir vətəndaşa münasibətdə tanıma prosesini həyata keçirilməsi, digər vətəndaşa qarşı isə keçirilməməsi diskriminasiya yol açmış olur, bu isə konstitusiya ilə iddiaçıya birbaşa verilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyası X8 Universiteti tərəfindən ona verilmiş “Linqvistika və mədəniyyətlərarası kommunikasiya” bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Müraciətə baxılaraq İddiaçı Rusiya Federasiyası X8 Universitetinin lisenziyasız fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə xx.xx.2023-cü ildə iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bildirilir ki, iddiaçının təhsil aldığı müəssisə 2007-ci ildə lisenziya alaraq fəaliyyətə başlamışdır. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Yekun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı” nın Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997- ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilməsindən sonra bu sahədə lisenziyasız fəaliyyət göstəərən qanunsuz filiallarla bağlı tədbir görülməsinə başlamış, ali təhsil müəssisələrinin rektorlarına bu baraədə rəsmi məktublar göndərilmişdir.(əlaqəli sənədlər qoşmaya əlavə olunur) Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək, tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Təhsildə Keyfiyyət X3 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, NA0010941 saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edildiyi üçün xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -X8 Universitetinin xx.xx.2007-ci il tarixli, 78828 qeydiyyat nömrəli diplomunun surətindən görünür ki, İddiaçı “Tərcümə və tərcüməşünaslıq” ixtisası üzrə “Linqvist, tərcüməçi” ixtisaslaşmasına yiyələnmişdir. -X8 Universiteti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, BCA ******* saylı diploma əlavənin tərcümə edilmiş surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı 2002- 2007-ci illər ərzində X8 Universitetinin “Tərcümə və tərcüməşünaslıq” ixtisasının “Linqvist, tərcüməçi” ixtisaslaşması üzrə, əyani formada təhsil almışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -16.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. -16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. -16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. -16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin şəhadətnamənin verilməsi ilə başa çatır. -16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə iddiaçı 2002-2007-ci illərdə X8 Universitetinin Bakı filialında “linqvist, tərcüməçi” ixitasası üzrə təhsil alımış və ona Moskva Dövlət Universiteti tərəfindən xx.xx.2007-ci il tarixli diplom verilmişdir. İddiaçının təhsil aldığı müddətdə X8 Universitetinin Bakı filialı ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) almamışdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, sözügedən filialın fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2007-ci ilin noyabr ayında xüsusi razılıq (lisenziya) verilmiş və 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə müvafiq əmrə əsasən həmin filialının fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilmişdir. İddiaçı tərəf özü də təsdiq edir ki, iddiaçı 2007-ci ildə Filiala xüsusi razılığın (lisenziyanın) verilməsindən 3 ay əvvəl adı çəkilən Universitetdən məzun olmuşdur. Göründüyü kimi, X8 Universitetinin Bakı filialın tam qanuni fəaliyyəti 2007-ci ildən 2010-cu il tarixədək olmuş və iddiaçının təhsil aldığı müddətdə (2002-2007-ci il) Universitetin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilməmişdir. Belə olan halda isə iddiaçının qeyri-qanuni fəaliyyət göstərmiş X8 Universitetinin Bakı filialında müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini təsdiq edən müvafiq diplomun ölkə ərazisində tanınması barədə iddiası əsaslı sayılmamalıdır. Məhkəmə iddiaçı ilə eyni vaxtda təhsil almış şəxslərin ali təhsilə dair kvalifikasiyalarının tanınması ilə bağlı iddiaçının dəlili ilə razılaşmayaraq qeyd edir ki, qanuna uyğun olmayan inzibati praktika tətbiq edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsində göstərilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, analoji mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1879/2020 saylı, xx.xx.2023-cü il tarixli qərarında da eyni hüquqi mövqe göstərilmiş və qeyd edilmişdir ki, “...Universitetinin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.” Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar