Məhkəmə qərarları › İş №2-1(112)-15996/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15996/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15996/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrdə dəyişiklik edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin bərpa edilməsini, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri əsasında baş vermiş vəzifə dəyişikliyi nəticəsində vəzifə maaşının azaldılmasının qanunsuz hesab olunması, bu hüquqi vəziyyətin nəticələrinin aradan qaldırılması, əvvəlki 980 manat məbləğində olan vəzifə maaşının saxlanılması, azaldılmış maaşı (2021-2023 illərdə) və nəticədə pensiya fərqlərinə (2023- 2025 illərdə) görə geriyə dönük ödənişlərin (maaş, əlavələr, digər ödənişlər və pensiya fərqləri) həyata keçirilməsi, ehtiyata buraxılarkən pensiya hesablanmasında 980 manat olan əvvəlki vəzifə maaşının əsas götürülməsinin təmin edilməsi və qanunvericiliyə uyğun olaraq, gecikdirilmiş məbləğlərə görə faizlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, – ehtiyyatda olan polkovnik İddiaçı, Azərbaycan Ordusunda 30 il (1993-2023) həqiqi hərbi xidmət keçmişdir, Vətən Müharibəsinin iştirakçısıdır və 2023-cü ilin yanvar ayında öz arzusu ilə ehtiyata buraxılmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi (v/m-980 manat) vəzifəsində “polkovnik” ştat kateqoriyasında xidmət etmiş və Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, müvafiq əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən xidməti zərurət olduqda tutduğu vəzifədən azad olunmuş və N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi (v/m-860 manat) vəzifəsinə “polkovnik” ştat kateqoriyasına təyin olunmuşdur. Hər iki vəzifə eyni adda və ştat kateqoriyası “polkovnik” dərəcəsinə uyğun olsa da, bu dəyişiklik nəticəsində vəzifə maaşı 980 manatdan 860 manata endirilmişdir. Qeyd edir ki, dəyişiklik onun razılığı alınmadan, yalnız “xidməti zərurət” adı ilə həyata keçirilmişdir və hüquqi baxımdan, belə hallarda, qulluqçuların sosial təminat hüquqlarının qorunması, xüsusilə də vəzifə maaşının əvvəlki səviyyədə saxlanılması məqsədi ilə bu hal əmrdə ayrıca göstərilməli və təmin edilməli olduğu qənaətindədir. Əmr Müdafiə Nazirliyinin hüquq idarəsi ilə razılaşdırılaraq heç bir düzəliş, dəyişiklik aparılmadan imzalanmışdır. Nəticədə onun vəzifə maaşı qanuni əsas olmadan azalmışdır. 2023-cü ilin yanvar ayında Müdafiə nazirinin müvafiq əmri ilə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “j” bəndi ilə (öz arzusu ilə) N №-li hərbi hissənin şəxsi heyətin uçotu şöbəsinin rəisi “polkovnik” ştat kateqoriyası vəzifəsindən ehtiyata buraxılmış və pensiya hesablanmasında vəzifə maaşı 860 manatla hesablanmışdır. O, dəyişiklik nəticəsində əmək haqqının qanunsuz azaldıldığından və bu azaldılmanın pensiya hesablanmasına birbaşa təsir etdiyindən xəbərsiz olmuşdur. Rəsmi məlumat verilməməsi və müqayisə imkanın olmaması səbəbi ilə uzun müddət dəyişiklik nəticəsində maaşının qanunsuz azaldıldığını fərq etməmişdir. 2021-ci ildə maaşının azaldığını dərk etməmiş, mövcud halın hüquq pozuntusu olmasını 2025-ci ilin avqust ayında hüquq pozuntusunu gec başa düşdüyü nəzərə alaraq, həmçinin bu halın onun maddi təminatında itkilər, pensiya hesablanmasında mənfi təsir və ümumilikdə sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi nəticələrini görərək, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəsininə və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisinə ərizə ilıə müraciət etmişdir. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli, x/o 4/2- 5960 №-li cavab məktubunda onun xidmət yerinin dəyişdirilməsi zamanı qüvvədə olan qanunvericliyin pozulması hallarının aşkar edilmədiyi, inzibati aktın qəbulundan 2 ildən artıq müddət keçməsi və şikayət verilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxıldığı nəzərə alınaraq, N №-li hərbi hissədə müvafiq vəzifəyə təyin olunmaq barədə əmrin dəyişdirilməsinə hüquqi əsaslar müəyyən edilmədiyi bildirilmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-cü il tarixli bildirişi ilə tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqana iddia tələbinə dair yazılı münasibət bildirməsi təklif olunmuşdur. xx.xx.2025-ci il tarixdə cavabdeh inzibati orqan adından Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: İddia tələbinə dair yazılı münasibət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsi əsassızdır və mətndə qeyd olunan səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndi ilə (bərabər vəzifəyə) xidməti zərurət ilə əlaqədar olaraq N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçının mübahisəsi ondan ibarətdir ki, N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsinin görə vəzifə maaşı ilə razılaşmaması ilə bağlıdır. İddiaçının vəzifə maaşı tutduğu vəzifəyə uyğun olaraq hərbi hissənin ştatında nəzərdə tutulmuş məbləğə görə ödənilib. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 3.1-ci bəndinə əsasən: “Hərbi qulluqçulara vəzifə maaşları tutduqları vəzifələrə uyğun olaraq hərbi hissənin ştatında nəzərdə tutulmuş məbləğdə və ya tarif dərəcələrinə görə ödənilir”. İddiaçı 2021-ci il tarixdə həmin vəzifəyə təyin olunandan hər ay pul təminatı alıb və onun miqdarını bilib, çünki maaş kartı şəxsin özündə olur və oradan çıxarış etmək, həmçinin bununla bağlı müvafiq banka və ya xidmət etdiyi inzibati orqana müraciət etməklə məlumat toplamaq olar. Buna görə İddiaçı yalnız 2025-ci ildə (yanvar 2023-cü ildə ehtiyata buraxılıb), 2021-ci ilin yanvarından təyin olunmuş vəzifənin miqdarı barədə illərlə xəbərsiz olması, hətta ehtiyata buraxılandan 1 il 8 ay aydan sonra xəbər tutması barədə sözləri mötəbər sayıla bilməz. İddia müddətinin tətbiqi ilə bağlı bildirmək lazımdır ki, iddiaçı iddia müddətini qat- qat ötürmüşdür. O, 2021-ci ildə təyin olunmuş vəzifə maaşı ilə razı olmaması ilə bağlı 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 1101/22 nömrəli qərarı (bəndlər 22-28) nəzərə alınmalıdır. Həmin qərara əsasən: "... iddianın mümkünlük (b.23) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur, (b. 24)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki,... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. İPM-nin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İPM-nin 35.1.-ci maddəsinə əsasən: “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” Qeyd edilənlərə əsasən və İPM-nin 35, 47.2-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarını rəhbər tutularaq, Məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xidmətdə olduğu vaxtda vəzifə maaşının qanunsuz azaldılması, pensiya hesablanmasının pozulması və iddia müddətinin bərpası haqqında” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və vəsatətlə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını və iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü, tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçı həmin əmri mübahisələndirmək imkanını itirmişdir. İddiaçı müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, əmrdən iddia verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İPM-nin 24-cü maddəsində göstərilmişdir: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmrin (Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmri) mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasından 4 (dörd) ildən artıq bir müddət keçdiyindən həmin müddət bərpa oluna bilməz. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər tələblər də mübahisələndirilən əmrin nəticələrindən irəli gəldiyindən məhkəmə hesab edir ki, iddia digər hissələrdə də mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair vəsatət təmin olunmasın. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar