Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-160/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 19 may 2020-ci il tarixli 2-1(112)-1307/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1322/2020 saylı 05 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı İnzibati Məhkəmənin 19 may 2020-ci il tarixli 2-1(112)- 1307/2020 saylı qərardadından verilmiş apelyasiya şikayəti təmin edilərək qərardad ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 02 mart 2020-ci il tarixə təyin edilmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X5 ilə 1989-cu ildə rəsmi nigaha daxil olmuş və yuxarıda göstərilən ünvana ailə üzvü kimi köçmüşdür. 1990-cı ildə həmin ünvana pasport qeydiyyatına düşmüşdür. Övladları X12 həmin ünvana da qeydiyyata düşmüşdür. Bir müddətdən sonra mənzilin kirayə müqaviləsində göstərilmiş X11, X2 və qeydiyyatda olan X5 həmin ünvandan qeydiyyatdan çıxaraq köçüb getmişdir. Həmin ünvanda iddiaçı və oğlu X12 qeydiyyatdadır, yaşayırlar və mənzil kirayə müqaviləsindən irəli gələn hüquqlardan istifadə edirlər. xx.xx.2017-ci ildə iddiaçı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həmin mənzilin iddiaçının adına özəlləşdirilməsi, adına çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar rəsmi müraciət etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi ona rədd cavabı verərək bildirmişdir ki, təqdim olunan sənədlərə mənzil sahəsinə dair order əlavə edilməmişdir. Orderin həmin sənədlərə əlavə olunmasına baxmayaraq, həmin cavabı dəqiqləşdirmək üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada ona izah etmişlər ki, onun göstərilən mənzili özəlləşdirmək hüququ o vaxt ola bilər ki, mənzilin kirayə müqaviləsi onunla bağlansın, (yəni ki, order onun adına rəsmiləşdirilsin). Bundan sonra iddiaçı 2018-ci ilin avqust ayında Xətai rayon İcra Hakimiyyətinə həmin mənzilə dair mənzilin kirayə müqaviləsinin onunla bağlanması barədə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2019 -cu ildə rədd cavabı verilərək bildirilmişdir ki, kirayəçi ilə aralarında qohumluğu sübut edən sənədləri təqdim etməmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin rədd cavabı qanunsuzdur, əsassızdır. Cavabdehin rəd cavabı onun mənzil məcəlləsinin 66-cı maddəsində göstərilmiş hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh Xətai rayon İcra hakimiyyətinin rədd cavabının qanunsuz hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının nümayənəsinin izahatınını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, - Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış X-12/8-092 saylı, 21 may 2019-cu il tarixli imtina məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərində müvafiq ziddiyət təşkil olunduğundan araşdırılması məqsədilə mənzilin kirayəçisi ilə İddiaçı arasında qohumluğu sübut edən sənədlərin təsdiq edilmiş surətlərinin X14 təqdim edilməsi bildilmişdir. - Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə ünvan 4 ünvanda pasport qeydiyyatındadır. - ASAN2-1 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE № 13910023 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1988-ci ildə ünvan 5 ünvanda pasport qeydiyyatındadır. -Azərbaycan SSR Bakı Şəhər X6 İcraiyyə Komitəsinin 099564 №li 12 mart 1971-ci il tarixli Orderindən görünür ki, ünvan 7 ünvanda yerləşən 32 saylı mənzil X4 və X1 adına ayrılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 verilmiş 21 noyabr 2017-ci il tarixli, 3381 №li Arxiv Çıxarışından görünür ki, Nərimanov rayon X6 İcraiyyə Komitəsinin yığıncağının 12 fevral 1971-ci il tarixli, 67 №li protokoluna əsasən X11 ünvan 8 ünvanda yerləşən 32 №li mənzilə köçürülmüşdür. - Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-2015 2006-cı il tarixli Qətnaməsindən görünür ki, İddiaçı ilə X7 (Xəlilov) arasında 19 oktyabr 1989-cu ildə Bakı şəhəri Xətai rayon VVAQ Şöbəsində bağlanmış nikahın pozulması qət edilmiş, həmin qətnamənin icrası ilə bağlı tərəflər arasında bağlanmış nikah 31 yanvar 2007-ci il tarixdə pozulmuşdur. - Bakı şəhər Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 82 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 noyabr 2017-ci il tarixli, 694 saylı arayışdan görünür ki, İddiaçı, ailə tərkibi olan 1988-ci il təvəllüdlü X15 ünvan 10 ünvanda yerləşən 32 saylı mənzildə qeydiyyatdadırlar. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 26 iyul 2017-ci il tarixli 08/32264 №li müqavilədən görünür ki, ünvan 11 ünvanda yerləşən 32 saylı mənzilin qazla təmin edilməsinə dair qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında “Qazdan istifadə Qaydaları” na uyğun olaraq müqavilə bağlanmışdır. - X10 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanda yerləşən 32 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. - X10 02 mart 2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi razılıq ərizəsindən görünür ki, o Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanda yerləşən 32 saylı mənzilin anası İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - Azərbaycan Respublikası DİN ASAN 2 tərəfindən verilmiş 28 oktyabr 2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X15, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 10 ünvanda yerləşən 32 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Beləliklə işin hallarından görünür ki, iddiaçının ailə üzvləri ilə birlikdə uzun müddət faktiki yaşadığı mübahisəli yaşayış sahəsi dövlət fonduna aid olmaqla yaşayış üçün yararlıdır. İddiaçı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin yaşayış sahəsinə dair onun adına icarə müqaviləsi bağlanmasını xahiş etmiş, lakin İcra Hakimiyyəti İddiaçı təqdim etdiyi sənədlərində müvafiq ziddiyət təşkil olunduğundan araşdırılması məqsədilə mənzilin kirayəçisi ilə İddiaçı arasında qohumluğu sübut edən sənədlərin təsdiq edilmiş surətlərinin X14 təqdim edilməsi bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Azərbaycan SSR Bakı Şəhər X6 İcraiyyə Komitəsinin 099564 №li 12 mart 1971-ci il tarixli Orderinə əsasən ünvan 7 ünvanda yerləşən 32 saylı mənzil X4 və X1 adına ayrılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1322/2020 saylı 05 avqust 2020-ci il tarixli qərardadı ilə müəyyən edilən hallara əsasən iddiaçının sözügedən mənzilə adı orderdə göstərilən şəxslərin razılığı ilə köçürüldüyü müəyyən edilmişdir. İddiaçının X7 (Xəlilov) arasında bağlanmış nikahı pozulsa da, lakin həmin dövrdən etibarən mənzil bütünlüklə iddiaçının özü ilə oğlunun istifadəsində olmuşdur. Hazırda iddiaçı ailə üzvü (oğlu) ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin 1989-cu il tarixindən fasiləsiz olaraq iddiaçının və ailə üzvünün (oğlunun) istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxs (oğlu) mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Göründüyü kimi iddiaçının həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 12 saylı evin, 32 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 12 saylı evin, 32 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-160/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-160/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver