Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16008/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: AZ-1008 ünvan 1sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.09 ha olan 671 nömrəli bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən vətəndaşların notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri bir sıra vətəndaşların adlarına sənədləşdirilmişdir. Həmin Sərəncamın 36-cı bəndində Mərkədakanda yerləşən 67 nömrəli bağ sahəsi Bağırova (nikahdan sonra Səlimova) Tamilla Tofiq qızının adına sənədləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 139 nömrəli sərəncamına əsasən “Vətəndaşların rəsmi notarial qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki, bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahəslərinin ayrılması barədə” X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli protokolu təsdiq edilmişdir. İcra Hakimiyyətinin həmin sərəncamı əsasında X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən Mərdəkan ərazisində 0.09 ha 67 İ saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Daha sonra iddiaçı həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən imtina edilmişdir. İmtinaya səbəb kimi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritədə 67 İ bağ nömrəsinin mövcud olmaması, həmçinin iddiaçı tərəfindən göstərilən hissədə sxematik xəritədə bağ sahəsinin qeyd edilməməsi əsas göstərilmişdir. Hesab edirlər ki, imtina əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritədə 67 i bağ nömrəsi mövcud deyildir, həmçinin göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat veriməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 13 avqust 2025-ci il tarixli 3-21-3-30/2-S0320-8/20255 **********28 nömrəli məktubla imtina edilmişdir.
8. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Departamenti ilə X6 arasında bağlanmış “Bağ sahəsinin icarəyə verilməsi haqqında” 35169 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Əzizbəyov rayonu, Mərdəkan ərazisində, 0.09 ha torpaq sahəsi olan 67 i nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir.
9. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 3-52/2-S-99- 112/2025 nömrəli məktubla təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 139 nömrəli sərəncamından çıxarışa əsasən Mərdəkandakı 67 e nömrəli bağ – X4 ayrılmışdır.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-55203/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, 67 i saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. İşin hallarından göründüyü kimi, iddiaçı “Mərdəkan ərazisindəki 67 i” nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 139 nömrəli müqaviləyə əsasən ona ayrılmış 0,09 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
20. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilməmişdir.
21. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsaslarında bağ sahəsinin nömrəsinin sxematik xəritədə aşkarlanmamasına, iddiaçının göstərdiyi bağ sahəsinin sxematik xəritədə nömrələnməmiş ərazidə yerləşməsinə istinad edilmişdir.
22. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
23. İlk öncə, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə qanuni əsaslarla verilməsi mübahisəli məsələ deyildir.
24. Belə ki, 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinin ikinci hissəsinin tələbindən də, göründüyü kimi, həmin Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, ərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələləri onların xüsusi mülkiyyətinə keçirilir.
25. Eyni ilə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
26. İşin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi ona ayrıldığı vaxtdan iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi bugünədək onun istifadəsindən geri alınmamış, müqaviləyə birtərəfli qaydada xitam verilməmiş və ya torpaq sahəsinə dair fiziki və ya hüquqi şəxslə bağ sahəsinin icarəyə verilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Beləliklə, iddiaçının iddia olunan torpaq sahəsinə yuxarıda istinad edilən normalara əsasən mülkiyyət hüququ əldə etmişdir. Sözügedən torpaq sahəsi üzərində yeni fərdi yaşayış evi inşa edilmiş, iddiaçının hazırda torpaq sahəsinin üzərində əvvəllər mövcud olmuş fərdi yaşayış evi ilə bağlı hər hansı bir iddiası mövcud deyildir.
27. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən imtinanın əsaslarında qeyd edilən hallara gəldikdə isə, bağ sahələrinin sxematik xəritəyə uyğunlaşdırılması və bu uyğunsuzluğun aradan qaldırılması öhdəliyi cavabdehə məxsusdur. Bununla bağlı formalaşmış kifayət qədər məhkəmə təcrübəsi mövcuddur.
28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində 0.09 ha ölçüdə, 67 i saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva