Məhkəmə qərarları › İş №2-1(112)-1601/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1601/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1601/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək, yaradıcılıq emalatxanasının 1990-cı ildən etibarən istifadəsində olmasını qeyd etmiş və məhkəmədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m. olan fərdi yaradıcılıq emalatxanası ilə bağlı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8510/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazında göstərmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2948/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə aktı ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair etirazında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan mübahisə predmeti olan yaradıcılıq emalatxanası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, X3 İdarəsinin balansındadır. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli 1251 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X4 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Hazırda iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, X3 İdarəsinin balansında olmaqla, güzəştli şərtlərlə yaradıcılıq emalatxanası kimi Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanına uyğun olaraq icarəsinə verilmişdir. İcarəyə verilmiş dövlət əmlakı “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilə bilər. Eyni zamanda bildiririk ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) üzərində “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. Belə ki, məhkəmə qeyd olunan iddianın rədd olunmasına əsas kimi emalatxananın balanssaxlayıcısının Azərbaycan Respublikası Rəssamlar İttifaqı deyil, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi olduğunu, bu səbəbdən də Rəssamlar İttifaqının balansında olmayan qeyri-yaşayış sahəsinə münasibətdə yuxarıda qeyd olunan Sərəncamın müddəalarının tətbiq olunmasının yolverilməz olduğunu qeyd etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan Sərəncamın fərdi yaradıcılıq emalatxanalarının əvəzsiz olaraq Azərbaycan Rəssamlar ittifaqı üzvlərinin istifadəsinə verilməsi ilə bağlı müddəaları hazırkı mübahisə predmeti olan əmlaka münasibətdə tətbiq edilə bilməz. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilmiş etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m. olan fərdi yaradıcılıq emalatxanası üçüncü şəxs tərəfindən icarə müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. Həmin emalatxana Azərbaycan Rəssamlar İttifaqının balansında deyildir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə uyğun sənədlərin təqdim edilməməsi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina etdiyindən, hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 19 iyun tarixli, 1251 nömrəli Sərəncamında aşağıdakılar təsbit olunmuşdur: “Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X4 14 iyul 2000-ci il tarixli qərarı ilə İttifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirsin.” Göründüyü kimi, Sərəncamda Azərbaycan Rəssamlar X4 qərarı ilə İttifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları ilə yanaşı həmin Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə, mübahisə predmeti qeyri-yaşayış sahəsi Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığından, tələbin maddi əsasını “qeyd edilən Sərəncamın birinci bəndi və ona uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi” təşkil edir. Üçüncü şəxsin etirazının əsas dəlili ondan ibarətdir ki, “...yalnız Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanaları əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilə bilər” Etirazın dəlilləri əsassızdır. Belə ki, istinad edilən Sərəncamın məzmunundan aşkar göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onalrın mülkiyyətinə verildiyini Sərəncamın birinci bəndinə təsbit etmişdir. Sərəncamın ikinci bəndi isə Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə həm dövlət mülkiyyətində olan, Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş və artıq həmin Sərəncamın birinci bəndi ilə onların mülkiyyətinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının, həm də Azərbaycan Rəssamlar X4 qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanalarının üzərində rəssam və heykəltəraşların mülkiyyət hüquqlarını rəsmiləşdirmək öhdəliyi qoyulmuşdur. Başqa sözlə, Xidmətin öhdəliyi Sərəncama əsasən əldə edilmiş mülkiyyət hüququnu qeydə almaqdan və bununla bağlı sənədləri mülkiyyətçiyə verməkdən ibarət olmuşdur. Həmin öhdəlik iddiaçıya münasibətdə hal-hazıradək icra olunmadığından, iddiaçı haqlı olaraq öhdəliyin icrasını tələb edir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə (fərdi yaradıcılıq emalatxanasına) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv.m. təşkil edən qeyriyaşayış sahəsinə (fərdi yaradıcılıq emalatxanasına) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar