Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16013/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “Şəxsin arzuolunmaz hesab edilməsi barədə qərarın ləğv edilməsinə” dair inzibati işə (ünvan 1 ünvanda) məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “Şəxsin arzuolunmaz hesab edilməsi barədə” qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuş və birgə nikahlarından övladları olmuşdur. Hal-hazırda övladından biri onunla yaşayır. Onun digər ailə üzvləri və qohumları da Azərbaycan Respublikasında yaşayır. Digər övladı Rusiya Federasiyasında yaşadığı üçün o, həm də, bəzən Rusiya Federasiyasına gedib-gəlir. Axırıncı dəfə 2018-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və 2024-cü ilin əvvəlinə kimi burada yaşamışdır. COVİD-19 pandemiyası ilə əlaqədar quru sərhədləri bağlı olduğu üçün o, Rusiya Federasiyasına gedib gələ bilməmişdir. Ona görə də, yararsız vəziyyətə salınmış pasportunu dəyişə blməmişdir. Ona görə də, yararsız vəziyyətə salınmış pasportunu dəyişə bilməmişdir. Bu yaxınlarda həm yararsız pasportunu dəyişmək üçün həm də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Miqrasiya Xidmətinin əməkdaşları bildirmişdir ki, sənədləşmə işlərini icra etmək üçün hər hansı bir xarici dövlətə gedib qayıtması, yəni sərhəddi keçməsi vacibdir. Buna görə də, məcbur olub Gürcüstan Respublikasına getmişdir. Lakin, Gürcüstandan qayıdarkən onun Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulmuş və o, bir neçə gün Azərbaycan Respublikasının gömrük sərhədində, daha doğrusu Heydər Əliyev adına X3 neytral zonada saxlanılmışdır. Onun hansı səbəbdən Azərbaycan Respublikasına buraxılmadığını soruşduqda Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız yaşamasını və bununla əlaqədar barəsində “İnzibati xəta haqqına” protokol tərtib edildiyini və cərimə olunduğunu, cəriməni ödəmədiyinə görə ölkəyə girişinin qadağan edildiyini bildirmişlər. Bundan sonra, o, həmin 400 manat cəriməni ödəmiş və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təqdim etmişdir. Lakin, buna baxmayaraq yenə də, onun Azərbaycan Respublikasına girişinə şərait yaradılmamışdır. Buna görə də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən onlara onun barəsində məktub göndərilmiş və həmin məktubda onun arzuolunmaz şəxs hesab edilməsi barədə məlumat olduğunda görə onun Azərbaycan Respublikasının ərazisinə buraxılmasına icazə verilməmişdir. O, Azərbaycan Respublikasının dövlət mənafeyi və təhlükəsizliyinə qarşı hər hansı bir əməl törədilmədiyi halda cavabdeh tərəfindən barəsində belə bir qərarın qəbul edilməsi tamamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz (münasibət) bildirilməsi üçün sərəncam göndərilmiş və sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq DTX tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində apardığı araşdırmalar zamanı İddiaçı qanunsuz fəaliyyətinə dair aşağıdakı faktlar aşkarlanmışdır. Məlum olmuşdur ki, insan alveri ilə bağlı törətdiyi əməllərə görə İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 04 iyun 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək ona 3500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bununla yanaşı, İddiaçı Rusiya Federasiyasının vətəndaşı kimi 2018-ci ildə Azərbaycan Respublikasına səfər etmiş, 2024-cü ilin may ayına qədər ölkədə yaşamışdır. Həmin şəxs pasportunun etibarlılıq müddətinin 18 iyun 2020-ci il tarixdə bitməsinə baxmayaraq 2020-2024-cü illər ərzində əcnəbi şəxs qismində Azərbaycan Respublikasında müvafiq qeydiyyat olmadan qanunsuz yaşamış və buna görə barəsində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən inzibati xəta haqqında protoko tərtib edilmişdir. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə əsasən insan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir. Azərbaycan Respublikasında yaşadığı müddət ərzində iddiaçının qanunsuz əməlləri barədə kifayət qədər məlumat əldə olunduğundan Miqrasiya Məcəlləsinin 23.1-ci və 79.1.2-ci maddələrinin tələbinə uyğun olaraq DTX tərəfindən DMX-yə 30 aprel 2024-cü l tarixli 24/5-1476 nömrəli məktub ünvanlanmış və həmin məktub əsasında İddiaçı arzuolunmaz şəxs qismində DMX tərəfindən ölkə hüdudlarından kənarlaşdırılması təmin olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə ölkə hüdudlarını tərk etmiş, miqrasiya qanunvericiliyinə uyğun olaraq 5 illik müddətə arzuolunmaz şəxs qismində ölkə ərazisinə girişinə məhdudiyyət qoyulmuşdur. Bundan sonra, 27 avqust 2024-cü il tarixdə İddiaçı yenidən qanunsuz əməllərə yol verərək ölkə ərazisinə saxta sənədlə daxil olmağa cəhd etmiş, lakin Dövlət Sərhəd Xidmətinin əməktaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd), 320.2-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə iddiaçının həbsdə olduğu 2 ay 3 gün nəzərə alınaraq ona təyin edilmiş 3000 manat cərimə cəzası 1000 manat cərimə cəzası ilə əvəz edilmiş və həbs qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı qanunsuz əməlləri ölkənin milli təhlükəsizliyinə, eləcə də ölkədə ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyindən Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədi ilə Miqrasiya Məcəlləsinin 23.1-ci maddəsi rəhbər tutulmaqla iddiaçının arzuolunmaz şəxs hesab edilərək ölkə hüdudlarından kənara çıxarılması üçün DTX tərəfindən yenidən DMX-yə xx.xx.2024-cü il tarixli 24/5-3876 nömrəli məktub ünvanlanmışdır. DMX tərəfindən iddiaçının 25 noyabr 2024-cü il tarixdə ölkə hüdudlarından kəanra çıxarılması təmin edilmişdir. Miqrasiya Məəlləsinin 23.2-ci madədsinə əsasən şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Kənara çıxarma haqqında DMX-in qərarı hazırda qüvvədə olduğundan İddiaçı ölkə ərazisinə girişi məhdudlaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, İddiaçı barəsində qəbul edilmiş qərarlar və həyata keçirilmiş tədbirlər Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olmaqla DTX-nın və DMX-nin səlahiyyətləri çərçivəsində tətbiq edilmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli 2-1(112)-1546/2025 nömrəli qərarına əsasən İddiaçı DMX-yə qarşı eyni məzmunlu iddiası əsassız hesab edilmiş, DTX-nin rəyi əsasında qəbul olunmuş DMX-nin qərarı qanuni və əsaslı sayılaraq iddia tələbi rədd edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə hazırlıq iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, İddiaçı qanunsuz əməlləri ölkənin milli təhlükəsizliyinə, eləcə də ölkədə ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyindən Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədi ilə Miqrasiya Məcəlləsinin 23.1-ci maddəsi rəhbər tutulmaqla cavabdeh tərəfindən iddiaçının arzuolunmaz şəxs hesab edilərək ölkə hüdudlarından kənara çıxarılması üçün DTX tərəfindən DMX-yə xx.xx.2024-cü il tarixli 24/5-3876 nömrəli məktub ünvanlanmışdır. DMX tərəfindən iddiaçının 25 noyabr 2024-cü il tarixdə ölkə hüdudlarından kəanra çıxarılması təmin edilmişdir. Kənara çıxarma haqqında DMX-in qərarı hazırda qüvvədə olduğundan İddiaçı ölkə ərazisinə girişi məhdudlaşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli 2-1(112)- 1546/2025 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə” qərarının ləğv edilməsi ilə bağlı iddiası əsassız hesab edilmiş, DTX-nin rəyi əsasında qəbul olunmuş DMX-nin qərarı qanuni və əsaslı sayılaraq iddia tələbi rədd edilmişdir. İddiaçı hazırda Dövlət Təhlükəsizlik Xidmətinin sözügedən rəyi razı deyil və buna görə də, rəyi (məktubu) mübahisələndirərək məhkəmə icraatı çərçivəsində ləğv edilməsini xahiş edir. İlk növbədə məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktlarının etibarsızlığının (qanunsuz) tanınamsı barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yerni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarətmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi akt qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.2.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr ayaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da, hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi akt isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, konkret icraatın təşkili ilə bağlı digər inzibati orqan tərəfindən qəbul edilmiş aralıq inzibati aktdır və həmin akt özlüyündəm müstəqil surətdə iddiaçı barəsində hər hansı bir hüquqi nəticə yaratmayıb, onun nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş inzibati akt (Azərbaycan Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə qərar) iddiaçı üçün müəyyən hüquq və nəticələr yaradır. İddiaçı barəsində qəbul edilmiş həmin rəy özlüyündə müstəqil surətdə məcburi xarakterə malik olmamaqla miqrasiya orqan üçün konkret icraatın təşkili məqsədilə tərtib edilmiş aktdır və yalnız həmin akt nəzərə alınmaqla miqrasiya orqanı tərəfindən iddiaçı barəsində Azərbaycan Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə qəbul edilmiş qərar onun üçün məcburi xarakter daşıya və tərəfindən mübahisələndirilə bilər. Hazırki halda isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən artıq Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində qəbul edilmiş qərar inzibati məhkəmə icraatında mübahisələndirilmiş və məhkəmə baxışı çərçivəsində mübahisələndirilən qərarın qanuniliyinə hüquqi qiymət verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, məcburi xarakter daşımayan, nizama salma və hüquqi nəticə yaratmaq qabiliyyətindən məhrum olan aralıq inzibati akt inzibati akt kimi qiymətləndirilə və onun ləğvi ilə bağlı tələbinə ayrıca iddia icraatı qaydasında baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırki ərizəsində göstərilən dəlillərə artıq başqa inzibati məhkəmə icraatında hüquqi qiymət verilmişdir və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə məhkəmə, bütün yuxarıda göstərilən işin hallarına əsasən belə bir qənaətə gəlir ki, iddiaçının tələbləri iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd edildiyi kimi, həmin Qərarda qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-16013/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16013/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver