Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16014/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2021-ci ildən 2025-ci il tarixədək kəsilən sosial yardımın təmin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN-ə) qarşı “2021-ci ildən 2025-ci il tarixədək kəsilən sosial yardımın təmin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 2021-ci ildən 2025-ci il tarixədək kəsilən sosial yardımın təmin edilməsini və İİ qrup əlilliyinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏƏSMN Tibbi-Sosial Ekspertiza Komissiyasının mübahisələndirilən qərarından aydın olduğu kimi iddiaçıya mövcud xəstəliyə görə, 2013-cü ildən 2021-ci ilədək əlillik təyin edilmişdir. Belə ki, TSEK-in mübahisələndirilən qərarının diaqnoz hissəsindən iddiaçının ağciyər vərəmi olması, bu xəstəliyin əlillik təyin edilən xəstəliklər siyahısında olması və bu səbəbdən müəyyən dövr əlillik təyin edildiyi təsdiqini tapır. İddiaçı bildirir ki, 2013-cü ildən vərəm xəstəliyinə yoluxmuşdur. Sonradan ona İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, ona İİ dərəcə əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən tələbin təmin olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarət olmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə aşağıdakı vəzifələrin qoyulmasını nəzərdə tutur:
1. 2021-ci ildən 2025-ci ilə qədər ödənilməmiş əlilliyə görə əmək pensiyasının (yaxud əlilliyə görə müavinətin) ödənilməsi;
2. xx.xx.2025-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsi. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələblərinin bir iddiada birləşdirilməsinin mümkünlüyünü nəzərə almamışdır. Belə ki, İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı ərizədə iddia tələbləri bir-biri ilə əlaqəli olmayan və hər biri müstəqil qaydada ayrı-ayrı cavabdeh inzibati orqanlara qarşı irəli sürülməli tələblər olduğundan bir iddiada baxılması yolverilməzdir. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Tələbin birinci hissəsində iddiaçı 2021-ci ildən 2025-ci ilə qədər əlilliyə görə ödənilməli olan sosial ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh ƏƏSMN-nə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək DSMF-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq dövr üzrə (2021-ci ildən 2025-ci il tarixədək) hüquqi marağını təsdiq edən əlilliyinə dair sənədləri, eyni zamanda, iddiaçının eyni tələb bağlı ilə nə cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, nə də aidiyyəti səlahiyyətli inzibati orqan olan həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciətini məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Plenum Qərarının 2.3-cü bəndindən göründüyü kimi, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını aydınlaşdırılmalıdır. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tələbin ikinci hissəsində iddiaçı ona xx.xx.2025-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsini xahiş edir. Plenum Qərarında göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7ci bəndlər). Məhkəmə qeyd olunan tələbə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətinə aid edilmişdir. Odur ki, hazırkı tələb üzrə səlahiyyətli orqan Agentlik olduğundan, iddiaçı hüquqi marağına nail olmaq üçün həmin quruma qarşı ya İİİ dərəcə əlilliyin təyin edilməsi haqqında qərarı qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mübahisələndirə bilər, ya da səlahiyyətli tibb müəssisəsindən müvafiq qanunvericiliyə uyğun yeni göndəriş (Forma 88) almaqla aidiyyəti üzrə müraciət edə, əgər imtina cavabı verilərsə, əvvəlki qərarın ləğv edilməsi və İİ dərəcə əlilliyin təyin edilməsi haqqında iddia qaldıra bilər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Plenum qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.) Məhkəmə istinad olunan müddəaların tələblərinə uyğun olaraq iddia sənədindəki çatışmazlıqların aradan qaldırılması və dəqiqləşdirilməsini təklif edərək bunun üçün iddiaçıya müddət təyin etmiş və bununla bağlı iddiaçının cəza çəkdiyi AR ƏN PX-nin 7 saylı Cəzaçəkmə müəssisəsinə məktub göndərilmişdir. Poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub iddiaçıya çatdırılmışdır. Lakin iddiaçı ötən müddət ərzində qeyd olunan çatışmazlıqların aradan qaldırılması və iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, həm hüquqi yardım məktubunda, həm də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçı tərəfə səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Tural Məlikov