Məhkəmə qərarları › İş №2-1(112)-1602/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1602/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1602/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (böyük mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu 2014-cü ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1957-ci il tarixdə doğulmuş və 1978-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildən müxtəlif vəzifələrdə işləmiş və “X8” MMC-nin 15 iyul 2020-ci il tarixli 129 “k” saylı əmri ilə onunla işəgötürən arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. 2014-cü ilin aprel ayında 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə pensiya müəyyən edilməsi üçün müraciət etmişdir. Lakin uzun müddət davam edən süründürməçilikdən sonra cavabdeh **********1 saylı, 08 yanvar 2020-ci il tarixli mətkubu ilə ona güzəştli şərtlərlə yaşa görə pensiya müəyyən edilməsindən imtina etmişdir. İmtina məktubunda onun 20 dekabr 1981 -ci il tarixdən 16 may 1983-cü il tarixədək olan dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi əsas göstərilərək işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında nəzərdə tutulmadığı və bu səbəbdən onun əmək stajının 12 il 06 aydan az olduğu göstərilmişdir. Göstərilən məktubda ona məxsus olan İT-İ № ******* saylı əmək kitabçasına istinad edilmişdir. Halbuki ona məxsus olan İT-İ № ******* saylı əmək kitabçasında ümumiyyətlə onun 20 dekabr 1981-ci il tarixdən 16 may 1983-cü il tarixədək olan dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işləməsi barədə qeyd yoxdur. Əmək kitabçasına əsasən o, 20 dekabr 1983-cü il tarixli 84/k saylı əmrlə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinə böyük mühəndis vəzifəsinə qəbul olunmuş və 18 aprel 2001-ci ilədək həmin qurumda işləmişdir. Sonra isə 04 aprel 2002-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək “X8” MMC-də işləmişdir. "xxxx" ASC-nin 118 saylı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, o, 20 oktyabr 1983-cü il tarixdən 18 aprel 2001-ci il tarixədək əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 3-cü hissəsinin 5-ci sırasının 2040500a-24125-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiya ala bilər. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə siyahısına daxildir. Bu halda onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var və cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin (7), dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı bəndində (7.5) sex rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20 fevral 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 20.12.1981-16.05.1983-cü il tarixləri arasındakı dövr ərzində “Azərtəkrarqarametar ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1957-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilməklə tərcümə olunmuş surətindən görünür ki, İddiaçı 03.08.1978-ci il tarixdən 20.07.1983-cü il tarixədək Şəki birliyində mexaniki şöbədə keyfiyyət üzrə usta və usta vəzifəsində işləmişdir. 20.10.1983-cü il tarixdə Azərbaycan Respublikası Təkrarqara metallurgiya birliyi texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, 12.07.1985-ci il tarixdə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, 01.01.1986-cı il tarixdən ştat cədvəlinə görə ETMS rəisi təyin edilmiş, 01.07.1993-cü il tarixdən əmək haqqının vahid tarif şkalasının tətbiq edilməsi ilə əlaqədar ETMS rəisi 13-cü tarif dərəcəsi verilmişdir. Metallurgiya Dövlət Şirkətinin “Təkrarqarametal” X5 Əmlakı Nazirliyinin 08.08.2000-ci il tarixli 119 saylı sərəncamı ilə X9 Cəmiyyəti (ATSC) adlandırılmış və 18.04.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 04.04.2002-ci il tarixdən 01.09.2009-cu il tarixədək “X8”də satış şöbəsində fəhlə, 18.03.2010-cu il tarixdən hazır məhsullar anbarına dəstləyivi vəzifəsinə keçirilmiş, 15.07.2020-ci il tarixdən işdən azad olunmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06 may 1976-cı il tarixdən 10 may 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus Э № 013546 saylı diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə X1 daxil olmuş və 1976-cı ildə “Metalların kəsməklə emalı” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 118 saylı, 12 mart 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Təkrarqarametal” İB-də işləmişdir və əmək kitabçasındakı qeydləri təsdiq olunur. 20.10.1983-cü il tarixindən “Təkrarqarametal” İB-nə texniki təhlükəsizlik şöbəsinə böyük mühəndis qəbul edilib. (əmr84/k 23.10.1983) 12.07.1985-ci il tarixdən Elektrik Təmir sexinə müvəqqəti rəis keçirilib. (əmr 49//k 16.07.1985) 01.01.1986-cı il tarixindən ştat cədvəlinə əsasən Elektrik Təmir sexinin rəisi keçirilib. (əmr 5/k 15.01.1986) 01.04.1993-cü il tarixindən vahid tarif dərəcəsinin tətbiq olunması ilə əlaqədar olaraq Elektrik Təmir sexinin rəisinə 13-cü dərəcə təyin edilib. (əmr 50/adm 29.04.1993) 18.04.2001-ci il tarixindən öz xahişi ilə işdən azad olunub. (əmr 10/k 18.04.2001) Xüsusi əmək şəraitli sahədə təmir işləri ilə məşğul olduğuna görə əlavə məzuniyyət günləri verilib. Xüsusi əmək şəraitli sahədə işlədiyi illərə görə: 20.10.1983-ci il tarixindən 18.04.2001-ci il tarixinə qədər (17 il 09 ay). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahının İİİ bölməsinin Metallurgiya istehsalatı (qara metal): 5-ci sırasının 2040500a-24125 bəndinə uyğun güzəştli təqaüd ala bilər. Azərbaycan Respublikası “Təkrarqarametal” İB-yi Dövlət Əmlak Nazirliyinin 119 saylı, 08.08.2000-ci il tarixli sərəncamı ilə həmin tarixdən "xxxx" ASC adlandırılır. İşdə olan cavabdeh tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, **********1 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə ona əlavə olunmuş sənədlərlə baxılaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin (7), dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı bəndində (7.5) sex rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 20 fevral 1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 20.12.1981-16.05.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxx 1957-ci il təvəllüdlü olmaqla, hazırda pensiyaçı deyildir. Onun 57 yaşı 24 aprel 2014-cü il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən onun 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olmadığı əsası ilə imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmiş və iş materiallarında olan sənədlər əsasında onun həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 25 ildən artıq sosial sığorta stajına malik olması öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının 01 yanvar 2006-cı il tarixədək işlədiyi peşə və vəzifələrin güzəştli iş stajı verən peşələrə aid olmadığı əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyindən, məhkəmə tərəfindən göstərilən xüsusatlarla bağlı araşdırma aparılmış və cavabdehin imtinasının əsassız olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmaqla tərcümə olunmuş surətindən və "xxxx" ASC tərəfindən verilmiş 118 saylı, 12 mart 2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı 20.10.1983-cü il tarixdə Azərbaycan Respublikası Təkrarqara Metallurgiya Birliyinə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, 12.07.1985-ci il tarixdən Elektrik təmir sexinə müvəqqəti rəis keçirilmiş, 01.01.1986-cı il tarixindən Elektrik təmir sexinin rəisi keçirilmiş və 18.04.2001-ci il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçının 12.07.1985-ci il tarixdən 18.04.2001-ci il tarixədək Azərbaycan Respublikası Təkrarqara X2 təmir sexində sex rəisi vəzifəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın İİİ Metallurgiya istehsalatı (qara metallar) adlı bölməsinin (Kod ********) Dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı (Kod 2040500) adlı 5-ci yarımbölməsinin sex rəisləri və onların müavinləri (Kod 2040500a-24125) vəzifəsinə uyğundur və həmin dövr üzrə iş stajı 15 il 09 ay 06 gün təşkil edir. Cavabdehin dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı bölməsi üzrə sex rəisləri və onların müavinlərinin güzəştli iş stajı verən vəzifələrə aid olması, iddiaçının isə elektrik təmir sexində sex rəisi işləməsi ilə bağlı etirazında və iddiaçıya verdiyi imtina məktubunda göstərilən dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın İİİ Metallurgiya istehsalatı (qara metallar) adlı bölməsinin “Dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı” adlı 5-ci yarımbölməsində elektrik işləri ilə məşğul olan digər peşələrin; - elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 2040500a—19861), sex, sahə elektrikləri (2040500b—25401), avadanlığın təmiri üzrə ustalar və böyük ustalar (2040500b—23362) peşə və vəzifələrin güzəştli iş stajı verən peşə və vəzifələrə aid edildiyi halda, elektrik təmir sexinin rəisinin (həmin siyahıda sex rəisləri və onların müavinlərin güzəştli iş stajı verən vəzifələrə aid edildiyi halda) güzəştli iş stajı verən vəzifələrə aid edilməməsi düzgün deyildir. Digər tərəfindən həmin dövrün güzəştli iş stajına aid olması barədə iş yerinin arayışı cavabdeh orqana təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 24 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 24 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar