Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1602/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi ilə İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3 (üç) aydan çox müddətdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Müraciətlərinə müxtəlif bəhanələrlə imtina cavab verilir. Belə imtina cavablarından birini sonuncu dəfə 07.07.2021-ci il tarixdə 1 saylı Bakı “ASAN” Kommunal mərkəzində xidmət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçi qrupundan qəbul etmişdir. Cavabdeh orqan öz imtina məktubunda fərdi yaşayış evinin "hansısa xəttin mühafizə zonasında" yerləşməsi səbəbindən müraciətinə imtina cavab vermişdir və bildirmişdir ki, fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyildir. Buna görə də cavabdeh orqanın üzərinə fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin etməsi vəzifəsinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evin yerləşən ərazi yaşayışın çox və sıxlıq olduğu ərazidə yerləşir. Ərazidəki hər bir ev elektrik enerjisi ilə təmin olunmuşdur. Sadəcə olaraq bir çox vətəndaş evinə işıq xətti çəkdirmək üçün qanuna uyğun qaydada müraciət edərək müəyyən olunmuş 160 manat məbləği ödəməklə nail olmur bu xidmətə. Belə ki, qanunla müəyyən olunmuş qaydada "xxxx" ASC-nin ərazi üzrə fəaliyyət göstərən əməkdaşları tərəfindən dolayı yollarla çətinliklər yaradıldığı üçün vətəndas göstərilən 160 manat məbləğin bir necə qatını ödəməyə məcbur edilir. Onun müraciətinində hazırki vəziyyətə çatdırılmasının səbəbi onun fərdi qaydada bilavasitə müraciət edərək xidmət üzrə müəyyən olunmuş 160 manat məbləğin əlavə bir neçə qatını ödəməyi təklif etməməyi olmuşdur. Onun fərdi yaşayış evi, oranın enektrik enerjisi ilə təchiz olunmasına maneə törədəcək hansısa yüksək gərginlikli elektrik xəttinin mühafizə ərazisində yerləşmir. Həmçinin nəzərə alınmalıdır ki, yüksək gərginlikli elektrik xəttinin mühafizə ərazisinə "xxxx" ASC tərəfindən nəzarət olunmalıdır və həmin ərazilərdə fərdi yaşayış evlərinin tikintisinə icazə verilməli deyil. O, evini inşa edərkən "xxxx" ASC tərəfindən hansısa müdaxilə olunmamışdır. Bundan başqa cavabdeh orqan imtina məktubunuda fərdi yaşayış evinin hansı xəttin mühafizə zonasında yerləşdiyini də göstərməmişdir. Onun fərdi yaşayış evinin ətrafındakı hər bir ev işıq xətti ilə təmin olunmuşdur. Onun evinin də işıq xətti ilə təmin olunacağına şübhə yoxdur, sadəcə olaraq yuxarıda göstərilən qeyri-qanuni qaydada təkliflər etmədiyi üçün müraciətinə süni qaydada süründürməçilik yaradılır. Məhkəmə iclasının yeri və vaxtı barədə lzaımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş yükü çox olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə qərarının elan edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin elektron surətindən görünür ki, İddiaçı xx.xx.1990-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Yaşayış yeri Gədəbəy rayonu, Novosaratovka ərazi dairəsi, Novosaratovka kəndidir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış 15.09.2021-ci il tarixli və 21 sentyabr 2021-ci il tarixli məktublardan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 2 ünvanında yerləşən yeni tikili olan fərdi yaşayış evininin enerjitəchizatı şəbəkəsinə (ETŞ) qoşulmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciətinə X1 Agentliyinin (bundan sonra - Agentlik) Bakı filialında araşdırılmışdır. Müraciəti ilə əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən 18.08.2021-ci il tarixində göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evindən təxminən 5 metr məsafədə, yəni evin həyətyanı sahəsindən (evin hasarının içərisindən) 0,4 kV-luq ÖİN xətti keçir və ev 0,4 kV-İuq xəttin mühafizə zonasında tikilmişdir. Fərdi yaşayış evinin ETŞ-yə qoşulması üçün "ASAN xidmət" mərkəzinə etdiyi 30.06.2021-ci il tarixli, ATS**********4187 nömrəli müraciətə cavab olaraq "Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin məktubunda göstərilən evin həyətyanı sahəsinin 0,4 kV-luq xəttin mühafizə zonasında yerləşməsi əsas gətirilərək ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonası Qaydalarının (bundan sonra - Qaydalar) 3-cü bəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının har tərəfindən 2 metr aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsidir. Lakin sözügedən Qaydalarda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yeni tikili olan fərdi yaşayış evininin ETŞ-yə qoşulması məsələsinə yenidən baxılması üçün tərəfləridən 20.08.2021-ci il tarixli AERA- 20-2855/21 nömrəli məktubla "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC-nin 13.09.2021-ci il tarixli, 01/11/4560 nömrəli cavab məktubunda fərdi yaşayış evinin 0,4 kV-luq SİP xəttinin mühafizə zonasında yerləşməsi səbəbindən ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilmişdir. Lakin cavab məktubunun təhlili zamanı məlum olmuşdur ki, müraciətə aidiyyəti üzrə baxılmamışdır. Odur ki, sözügedən mübahisəli məsələ ilə əlaqədar bilavasitə məhkəməyə müraciət etmək hüququ vardır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialı tərəfindən məhkəməyə daxil olmuş 04.03.2022-ci il tarixli, AERA-20-955/22 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, 2-ci döngədə yerləşən İddiaçı məxsus yeni tikili olan fərdi yaşayış evinə baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin həyətyanı sahəsindən (evin hasarının içərisindən) 0,4 kV-luq özüdaşıyıcı izoləedilmiş naqillər (ÖİN) keçir və ev 0,4 kV-luq xəttin mühafizə zonasında tikilmişdir. Fərdi yaşayış evi enerji təchizatı şəbəkəsinə qoşulmamış və elektrik enerjisi ilə təmin edilmir. Həmçinin müəyyən edilmişdir ki, fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə (bundan sonra - ETŞ) qoşulması üçün vətəndaş İddiaçı “ASAN xidmət” mərkəzinə etdiyi 30.06.2021-ci il tarixli, ATS**********4187 nömrəli müraciətinə cavab olaraq "xxxx" ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin məktubunda qeyd olunan evin həyətyanı sahəsinin 0,4 kV-luq xəttin mühafizə zonasında yerləşməsi əsas gətirilərək ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyin 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonası Qaydaları”nın 3-cü hissəsinin “a” bəndinə əsasən hava ekektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 metr aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün mühafizə zonaları müəyyən edilir. Bununla belə bildirilir ki, məişət abonentlərinin tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması məsələləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.1-ci bəndinə görə bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli, 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. Həmin Qaydanın 1.3-cü və 2.6-cı bəndlərinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüquq vardır. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, sözügedən Qaydada, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonası Qaydaları”nda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, 2-ci döngədə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış elektron imtina məktubundan görünür ki, "xxxx" ASC-yə daxil olmuş 30-06-2021-ci il tarixli ATS**********4187 saylı müraciəti əsasında ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evi xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu Qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci il tarixli ''Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, 2-ci döngə ünvanında fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilmiş həmin fərdi yaşayış evi 0,4 kV-luq elektrik xəttin mühafizə zonasında yerləşir. İddiaçı həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədləri cavabdehə, eyni zamanda məhkəməyə təqdim etməmişdir. İddiaçı fərdi yaşayış evinin elektirk enerjisi ilə təmin edilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir - 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. - 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. - 1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. - 1.2.3-cü bəndinə əsasən sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. - 1.2.4-cü bəndinə əsasən məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır. - 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 2.3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. - 2.4-cü bəndinə görə ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 2.4.1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer); 2.4.2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda); 2.4.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri. - 2.5-ci bəndinə əsasən ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının: - 1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. - 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. - 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - 12-ci bəndinun a) yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. - 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda göstərilmiş normativ hüquqi aktların tələblərindən görünür ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın 2.4cü və 2.5-ci bəndlərində səciyyələnmiş sənədləri təqdim etməlidir ki, bu sənədlərdən biri də sifarişçinin tikintiyə və ya torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd təşkil edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur ki, hazırki mübahisə üzrə iddiaçının elektrik enerjisi ilə təchis edilməsini tələb etdiyi yaşayış sahəsinə və ya onun yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının həm iddiaçıya, həm də məhkəməyə ünvanladığı məktublar nəzərə alınsa belə iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,4 kV-luq (4000 volt) xəttinin mühafizə zolağında yerləşməsi, iddianın təmin edilməsini istisna edir. Belə ki, həm torpaq münasibətlərini tənzimləyən qanunvericilik, həmçinin elektrik enerjisindən istifadə qaydaları və elektrik şəbəkələrinin mühafizəsi qaydalarını tənzimləyən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələri yalnız kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin torpaq sahələrinin digər təyinat (hazırki mübahisə üzrə - yaşayış kimi) üzrə istifadəsinə yol verilmir. İşin qeyd olunan hallarına qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tikiliyə və ya torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən sənədlər olmadığından, həmçinin enerji ilə təmin edilməsi istənilən obyekt elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyindən cavabdeh inzibati orqanın iddiaçının iddia etdiyi yaşayış sahəsinin elektrik enerji ilə təchiz edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1602/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1602/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver