Məhkəmə qərarları › İş №2-1(112)-1602/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1602/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1602/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona 65 yaşının tamam olduğu vaxtdan (xx.xx.2024-cü il tarixindən) xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü ildən xx.xx.2006-cı il tarixədək çalışdığı illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1977-ci ildən hazırkı dövrə qədər bir sıra vəzifələr üzrə əmək fəlaiyyəti ilə məşğul olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixinədək isə hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci ildən "xxxx" MMC-də sürücü vəzifəsi üzrə çalışır. O, qanunla müəyyən olunmuş qaydada əmək stajını tamamlamış, yaşa görə əmək pensiyasının müəyyən olunması üçün tələb olunan yaş həddinə çatmışdır. Qanunla müəyyən olunmuş qaydada yaşa görə əmək pensiyası hüququndan istifadə etmək üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixdə 3-17-1/2-H-123163/2024 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda xx.xx.1976-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixədək çalışdığı illər nəzərə alınmamaqla ümumi sığorta stajının tələb olunan iş stajından az olduğu, qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalının toplanmadığı, həmçinin xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək çalışdığı illərin doldurulma qaydasının pozulmasına görə nəzərə alınmadığı göstərilmişdir. Belə ki, cavabdeh orqanın ümumi sığorta stajına daxil etmədiyi xx.xx.1976cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək çalışdığı illər iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmış, o, qanunla müəyyən edilmiş qaydada əmək fəaliyyəti ilə məşğul olmuşam. Doldurulma qaydası və s. ondan asılı olan bir hal olmadığından cavabdehin belə bir qanunsuz əsasla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Bundan başqa, sözügedən imtina məktubunda iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1994-cü il tarixində işdən azad edilmə əmrinin kiril qrafikalı möhürlə təsdiq edilməsi kimi əsaslandırılma edilərək ona yaşa görə əmək pensiyasını təyin etməkdən imtina olunmuşdur. Halbuki, xx.xx.1991-ci il tarixində latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında qanuna əsasən 1940-cı ilə qədər Azərbaycanda istifadə olunan 32 hərfdən ibarət latın qrafikalı əlifba kiçik dəyişikliklərlə bərpa edilmişdir. Həmin tarixdən etibarən bütün dövlət qurumlarının möhür və digər hüquqi sənədlər məhz latın qrafikalı əlifba əsasında yazılmağa başlanılsa da, tam tətbiqi bir neçə il sonra mümkün olmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən latın qrafikalı əlifbaya keçid prosesinə başlanılmış və əmək kitabçasında əmək stajına dair qeydlərin latın və kiril qrafikası əsasında tərtib olunması iddiaçının iştirakı ilə həyata keçirilməmişdir, belə bir əsaslandırma ilə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması qanunvericiliklə müəyyən olunmuş hüquqlarına toxunur. Məhz bu səbəbdən də hesab edir ki, cavabdehin imtinası bu hissədə də əsassızdır. Bundan başqa, xx.xx.1994-cü ildən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu qeyd edilmişdir. Halbuki, iddiaçı sözügedən müəssisədə çalışmış və buna dair müvafiq qeyd əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçı iddia ərizəsində göstərilənlərə əsasən cavabdehin imtinasının əsassız hesab edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-m-123163/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Təqdim etdiyi əmək kitabçası, hərbi biletin surəti və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 7 il 10 ay 5 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 5 il 4 ay 5 gün sığorta stajına uyğun olaraq 5388,18 manat (2024-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2021-ci il tarixindən 01,04.2024-cü il tarixinədək 5586,17 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 10974,35 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1976cı il tarixindən xx.xx.1988-ci il tarixədək olan dövr ərzində hərbi xidmətlə əlaqədar işdən azad olması və hərbi xidmətdən qayıtdıqdan sonra işə bərpa olması qeyd edilmədiyindən, xx.xx.1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə və xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğdə yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin istənilən filialına müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən əsaslardan çıxış edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr ərzində hərbi xidmətlə əlaqədar işdən azad olunması və hərbi xidmətdən qayıtdıqdan sonra işə bərpa olunması qeyd edilmədiyindən) həmin dövrün sığorta stajına daxil edilmədiyini bildirmişdir. Eyni zamanda qeyd edilir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövr sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək vətəndaşın fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr sığorta stajına daxil edilməmişdir. Cavabdeh etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2024-cü il tarixdə yaranmışdır. НЗ seriyalı ******* nömrəli hərbi biletin iş materiallarına əlavə edilmiş surətinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçmişdir. İddiaçı izahatında bildirmişdir ki, atası vəfat etdiyinə və çoxuşaqlı ailə olduqlarına görə vaxtından əvvəl təxris olunmuşdur. İddiaçıya məxsus xx.xx.1986-cı ildə doldurulmuş ПТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: Qeyd: əmək kitabçasının 2-ci səhifəsində, kitabçanın doldurulmasına başlanmamışdan, ilk olaraq “Syünik sovxozuna daxil olanadək ümumi iş stajına malik olmamışdır” qeydi aparılmışdır. xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək “Syünik sovxozu”nda müxtəlif vəzifələrdə (xx.xx.1976-cı ildən üçüncü dərəcəli sürücü, xx.xx.1987-ci il tarixdən yem hazırlama sexində işçi, xx.xx.1987-ci il tarixdən avtoqarajda sürücü, xx.xx.1987-ci il tarixdən nasosxanada nasosçu); (11 il 10 ay 11 gün) xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Syünik sovxozu”nda sürücü; (5 ay) xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Toz metallurgiyası üzrə təcrübə zavodunda çilingər-təmirçi; (2 il 9 ay 18 gün) xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azot” kiçik müəssisəsində üçüncü dərəcəli çilingər-təmirçi; (1 il 2 ay) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Azərəlvanmetal” İstehsalat Birliyində sürücü; (6 ay 16 gün) xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Merkuri” çoxprofilli kiçik müəssisəsində fəhlə; (10 ay 18 gün) xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Azot” kiçik müəssisəsində dördüncü dərəcəli çilingər; (3 il 5 ay 9 gün) xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixədək həmin müəssisədə beşinci dərəcəli çilingər; (9 il 27 gün) (xx.xx.2006-cı il tarixədək 8 il 4 ay 27 gün) xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Testinq and Engineering Services MMCdə sürücü vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə Testinq and Engineering Services MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət dövrü, xx.xx.1988-xx.xx.1988-ci illər (Syünik sovxozu), xx.xx.1989-xx.xx.1992-ci illər (Toz metallurgiyası üzrə təcrübə zavodu), xx.xx.1992xx.xx.1993-cü illər (Azot kiçik müəssisəsi) üzrə iş stajı mübahisələndirilməmişdir. Mübahisələndirilən dövrlərə münasibətdə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.1976-xx.xx.1988-ci illərdəki iş stajı Syünik sovxozuna təsadüf edir ki, həmin sovxoz Qafan rayonunda yerləşmişdir və həmin sovxoza dair sənədlərin məhkəmə tərəfindən əldə edilməsi mümkün deyildir. Lakin əmək kitabçasındakı qeydlərin mötəbərliyini cavabdeh tərəfindən təkzib edəcək hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, bunun əksinə iddiaçı tərəfindən əmək kitabçasının əsli məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş X1 (ПТ-İ ******* nömrəli) və X3 məxsus əmək kitabçalarının təsdiq edilmiş surətlərinə baxış keçirilərək müəyyən edilmişdir ki, hər üç şəxsin əmək kitabçasındakı Syünik sovxozuna aid qeydlər eyni möhürlə təsdiq edilmişdir. İddiaçının kolxozda işlədiyi dövrə nəzərən iddiaçının iş stajını nəzərə almamasına əsaslardan biri iddiaçının hərbi biletində göstərilən hərbi xidmət dövründə onunla əmək müqaviləsinə xitam verilib yenidən əmək müqaviləsinin bağlanmaması olmuşdur. Lakin bu kimi formal əsas əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala və iddiaçının əmək stajının nəzərə alınmaması üçün əsas qismində çıxış edə bilməz. Belə ki, qeyd olunan dövr iddiaçının kolxozda işlədiyi dövrlə əhatə olunduğundan cavabdeh tərəfindən ümumi şəkildə həmin dövrün iddiaçının əmək stajına nəzərə alınması istisna olunmur. Eyni zamanda iş materiallarında olan imtina və cavabdehin etirazına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Syünik sovxozu”nda işlədiyi dövr üzrə iş stajı mübahisələndirilməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2024-cü il tarixdə yaranması istisna edilməmiş, həmin tarixdən iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmadan (belə ki, kolxozda işlədiyi dövrlə əhatə olunur) yuxarıda göstərilən dövrlər üzrə xx.xx.2006-cı il tarixədək (xx.xx.2006-cı ildən sonra iddiaçının işdən çıxdığı xx.xx.2006-cı il tarixədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövr nəzərə alınmır) ümumilikdə 29 il 6 ay 9 gün iş stajı vardır. Cavabdehin etirazının digər dəlili isə iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-xx.xx.1994-cü il tarilərdə olan dövrün doldurulma qaydasının polzulması və xx.xx.1994-cü il tarixdə işdən aza olma əmrinin kiril qrafikalı möhürlə təsdiqlənməsi ilə bağlıdır. Möhürün kiril qrafikası ilə yazılmasına münasibətdə məhkəmə qeyd edir ki, 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ Respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il dekabrın 25də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. Belə olan halda, cavabdeh tərəfindən həmin dövrlərin sığorta stajına nəzərə alınmaması əsassızdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2025-ci il tarixli 2-1(103)-133/2025 nömrəli vahid təcrübə qərardadında analoji mövqedən yanaşmışdır. İddiaçının göstərilən iş stajına malik olması hərbi bileti və əmək kitabçasında əks olunan qeydlər əsasında öz təsdiqini tapır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında əks olunan əmək stajı müddətləri nəzərə alındığı halda, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbini ödəmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar