Məhkəmə qərarları › İş №2-1(112)-1603/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1603/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1603/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,ixtisası: iqtisadçı, işləmir), cavabdehin nümayəndəsi X1 (Zəngilan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı 84 nömrəli mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı 84 nömrəli mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı 29 may 2014-cü il tarixdə "xxxx" MTK-dan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,80 kv.m olan, 3 otaqlı 84 nömrəli mənzil almışdır və həmin mənzilin alınması üçün MTK-yə 102,570 manat məbləğində pul vəsaiti ödəmişdir. MTK tərəfindən 29 may 2014-cü il tarixli borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İddiaçı tərəfindən 08 noyabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə dair ərizə ilə müraciət edilmişdir. Cavabdehin 28 noyabr 2018-ci il tarixli cavab məktubunda iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin Bakı Ərazi İdarəsinə təqdim edilmədiyindən ərizənin icrası mümkün olmaması bildirilmişdir. Halbuki, mənzilə aid olan bütün sənədlər qaydasındadır. Hal-hazırda iddiaçının alınmış mənzilə görə heç bir borcu yoxdur. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, sərəncamın icrası ilə əlaqədar araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədləri təqdim edilməmişdir. Müayinə üçün şərait yaradılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı 84 nömrəli mənzili (payçıya) İddiaçı verilməsini, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK –nin xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa olunan yaşayış binası "xxxx" MTK-yə məxsusdur. Bu binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı 84 nömrəli mənzilin pay dəyərinin 102,570 manat məbləği payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, xx.xx-7123 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən bina istismara qəbul edilməmişdir. Cavabdehin **********26 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən yaşayış binasının istismarına icazə sənədləri cavabdehə təqdim edilmədiyi üçün həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı muraciəti təmin edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. İddiaçı həmin binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı 84 nömrəli mənzilin pay dəyərini tam şəkildə ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir, iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Məcəllənin 144-1.1, 144-1.2, 144-1.3-cü maddələsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İşin faktiki hallarına əsasən iddiaçının istifadəsində olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün bütün hallar mövcuddur, belə ki, iddiaçı tərəfindən mənzilin pay dəyəri tam ödənilmişdir. 5 ildən artıqdır ki, həmin mənzil iddiaçının istifadəsindədir və o, binanın digər sakinləri kimi öz mənzilində yaşayır. Mülki Məcəllənin 144-1-ci maddəsinin tələblərinə əsasən tikintisi başa çatmayan və istifadəyə verilməyən binalar üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması mümkün olduğu, cavabdeh tərəfindən artıq 5 ildən artıq yaşayış olan və istifadə edilən binanın mənzili üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyat alınmasında imtina edilməsi əsassız və qanunsuzdur. Buna görə də, iddiaçı cavabdehə qarşı hazırkı tələbində haqlıdır. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 84 nömrəli mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci,34-cü, 62-ci, 68ci, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilən binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 84 nömrəli mənzilə mülkiyyət hüquqnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar