Məhkəmə qərarları › İş №2-1(112)-16060/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16060/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16060/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M saylı evin 18 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 18 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixli 14 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən mənzilin əvvəlki sahibi X2 tərəfindən pay haqqı tam olaraq ödənilmiş və bununla da İddiaçı Cəmiyyətə heç bir borcu olmamışdır. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi, 13 M saylı evin 1-ci giriş, 5-ci mərtəbə, 18 saylı, 1 otaqlı (71,2 kv.m) mənzil İddiaçı adına keçirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli, **********59 nömrəli məktubla cavab verib formal mülahizələrə əsaslanaraq tələbini icra etməkdən imtina etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda sözügedən bina orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bəzi sakinlər öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Hesab edir ki, hazırkı ünvanda yaşayan sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdirsə, onun da belə bir hüququ vardır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. "xxxx" MMC ilə "xxxx" MTK arasında 25 iyul 2005-ci il tarixli müqavilə bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” “A.R. & Ko" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%i ilə yanaşı həmin binadan 1,2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqları itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarım) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi "xxxx" MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK- dan alınaraq "xxxx" MMC-yə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İcra qurumu tərəfindən xx.xx.2023-cü il tarixdə yaşayış binasının istismarının, binaya və sakinlərə məxsus bütün sənədlərlə birlikdə "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-yə verilməsi təmin edilmişdir. Bununla da “Badu-Kübə" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasına dair bütün hüquqlarını, o cümlədən binanın istismarı və yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsi də daxil olmaqla itirmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 18 saylı mənzilə dair xx.xx.2025-ci il tarixli protokoldan çıxarış, 14 saylı, xx.xx.2025-ci il tarixli müqavilə, 25/32 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 18 saylı mənzilə dair xx.xx.2025-ci il tarixli protokoldan çıxarış, 14 saylı, xx.xx.2025-ci il tarixli müqavilə, 25/32 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 65,0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-nın tərtib etdiyi xx.xx.2025-ci il tarixli 14 saylı müqavilə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi İBM ünvanda "xxxx" MMC-nin sifarişi ilə podratçı "xxxx" МTK tərəfindən Payçıların hesabına inşa edilmiş 4 bloklu, 15 mərtəbəli yaşayış binasından sonuncunun xx.xx.2007-ci il tarixli, 22 saylı müqavilə ilə X1 adına rəsmiləşdirilmiş, 1-ci giriş, 5-ci mərtəbə, 18 saylı mənzili sonuncunun (N.Bozdiyevin) xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən addan-ada keçirməklə «Payçı» İddiaçı verməyi, «Payçı» isə həmin mənzili Bina Payçılarının öncədən müəyyənləşdirilmiş qanun və tələblərinə əməl etməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzil 1 (Bir) otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi: 71.2 kv.m; Mənzilin girişi: 1 (Bir); Mərtəbə: 5 (Beş).

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 25/32 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi, "xxxx" MMC-nin istifadəsində olan 13M saylı binanın 1-ci giriş, 5-ci mərtəbə, 18 saylı, 1 otaqlı (71,2 kv.m) mənzil İddiaçı adına keçirilmişdir. Mənzilin ümumi dəyəri əvvəlki sahibi X2 tərəfindən tam ödənildiyinə görə İddiaçı Cəmiyyətə heç bir borcu yoxdur.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi 13 M ünvanında yerləşən 1-ci giriş, 5-ci mərtəbə, 71.2 kv.m. ümumi sahəyə malik,1 otaqlı, 18 saylı mənzilin "Payçı" sı olması təsdiq edilsin.

8. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilən məktublarda Bakı şəhəri, Suraxanı rayonu, "V" yaşayış sahəsi, 13M saylı binada 9 ədəd mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi bildirilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

16. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

18. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 182 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

19. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Habelə bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 18 saylı mənzilə dair xx.xx.2025-ci il tarixli protokoldan çıxarış, 14 saylı, xx.xx.2025-ci il tarixli müqavilə, 25/32 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

20. Bununla bağlı məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli protokoluna əsasən İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi 13 M ünvanında yerləşən 1-ci giriş, 5-ci mərtəbə, 71.2 kv.m. ümumi sahəyə malik,1 otaqlı, 18 saylı mənzilin "Payçı"sı olması təsdiq edilsin. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 25/32 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi, "xxxx" MMC-nin istifadəsində olan 13M saylı binanın 1-ci giriş, 5-ci mərtəbə, 18 saylı, 1 otaqlı (71,2 kv.m) mənzil İddiaçı adına keçirilmişdir. Mənzilin ümumi dəyəri əvvəlki sahibi X2 tərəfindən tam ödənildiyinə görə İddiaçı Cəmiyyətə heç bir borcu yoxdur. - "xxxx" MTK-nın tərtib etdiyi xx.xx.2025-ci il tarixli 14 saylı müqavilə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi İBM ünvanda "xxxx" MMC-nin sifarişi ilə podratçı "xxxx" МП tərəfindən Payçıların hesabına inşa edilmiş 4 bloklu, 15 mərtəbəli yaşayış binasından sonuncunun xx.xx.2007-ci il tarixli, 22. saylı müqavilə ilə X1 adına rəsmiləşdirilmiş, 1-ci giriş, 5-ci mərtəbə, 18 saylı mənzili sonuncunun (N.Bozdiyevin) xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən addan-ada keçirməklə «Payçı» İddiaçı verməyi, «Payçı» isə həmin mənzili Bina Payçılarının öncədən müəyyənləşdirilmiş qanun və tələblərinə əməl etməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür.

21. Məhkəmə müəyyən edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. “A.R. & Ko " MMC ilə “Badu-Kübə" MTK arasında 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1,2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

22. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, “A.R. & Ko " MMC ilə “Badu-Kübə" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsindən görünür olur ki, podratçı "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 0.40 hektar ərazidə dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması, tikinti başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqlarının itirilməsi, eləcə də binanın istismarının sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Odur ki, müqavilədə "xxxx" MTK tərəfindən tikinti ilə bağlı işlərinin aparılması müəyyən edilmiş, bina üzərində müqavilədə MTK-nın mülkiyyət hüququnun yaranması qeyd olunmamışdır. Digər tərəfdən "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanda yerləşən daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını təsdiqləyən hər hansı digər hüquqmüəyyənedici sənəd mövcud deyil.

23. Belə olan təqdirdə məhkəmə nəzərə alır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-287/2015 nömrəli Qərardadına əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanda yerləşən əmlakına həbs qoyulmasının qadağan edilməsinə baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanda yerləşən daşınmaz əmlak üzərində "xxxx" MTK-nın mülkiyyət hüquqlarının qeydiyyata alınması faktı müəyyən edilməmişdir.

24. Məhkəmə nəzərə alır ki, qanunvericilikdə fiziki və ya hüquqi şəxsin məhz xüsusi mülkiyyətində olan daşınmaz əmlak üzərində həbsin qoyulması müəyyən edilmişdir.

25. Məhkəmə nəzərə alır ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 25/32 nömrəli maliyyə arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi, "xxxx" MMC-nin istifadəsində olan 13M saylı binanın 1-ci giriş, 5-ci mərtəbə, 18 saylı, 1 otaqlı (71,2 kv.m) mənzil İddiaçı adına keçirilmişdir. Mənzilin ümumi dəyəri əvvəlki sahibi X2 tərəfindən tam ödənildiyindən İddiaçı Cəmiyyətə heç bir borcu yoxdur.

26. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan məlumatlara əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 13M saylı binada bir çox mənzillər daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə sözügedən binada qeydiyyata alınmış mənzillərlə bağlı hüquqmüəyyənedici sənədləri nəzərdən keçirərək müəyyən edir ki, həmin mənzillər üzərində digər fiziki şəxslərin mülkiyyət hüquqları əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-287/2015 nömrəli Qərardadı qəbul edildikdən sonrakı dövrdə tanınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

34. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 18 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar