Məhkəmə qərarları › İş №2-1(112)-1607/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1607/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1607/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün (keçmiş Plexanov küçəsi) 14 ünvanında yerləşən 1926-cı il tarixdə istismara verilmiş 2 girişlı, 2 mərtəbəli yaşayış binasının yaşayış sahəsi 37,5 kv.m olan 3 otaqlı 9 saylı mənzili 1933-cü ildə iddiaçının qaynatası X3 və ailəsinin istifadəsinə verilmişdir. Keçmiş Lenin adına Toxuculuq Kombinatının rəhbərliyi və Partiya həmkarlar ittifaqı komitəsinin 17 sentyabr 1986-cı il tarixli 36 saylı birgə iclas protokoluna əsasən mənzilin kirayəçisi X3 27 fevral 1978-ci il tarixdə ölümü ilə əlaqədar mənzilin şəxsi hesabı iddiaçının əri X4 adına keçirilmişdir. Bundan əlavə, mənzilə dair 15 sentyabr 1986-cı il tarixli 34 saylı kirayə müqaviləsi onun adına bağlanmışdır. Həmin mənzildə 1986-cı ildən qeydiyyatda olmaqla 3 nəfər ailə üzvü ilə birlikdə (iddiaçı, əri və oğlu) yaşayır. Mənzilinin kirayəçisi X6 21 may 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 17 mart 2023-cü il tarixli 09/2 saylı sərəncamı ilə faktiki yaşadığı ünvan 2 evin, yaşayış sahəsi 37,5 kv.m olan 3 otaqlı 9 saylı mənzilinin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və oğlu) iddiaçının adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. ünvan 2 ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 1999-cu il tarixli 149 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı ŞİH-in 23 mart 1999-cu il tarixli 266 saylı sərəncamı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27 dekabr 2001-ci il tarixli 308 saylı sərəncamı və «H.Z.Tağıyev adına X2» ASC-nin 19 dekabr 2002-ci il tarixli 8 saylı əmri ilə 2003-cü ilin iyul ayında Departamentin balansına verilmişdir. İddiaçı həmin ildən mənzilə dair kommunal xidmət haqqlarını Departamentin 133 saylı MKİS-ə ödəyir və bu günə kimi borcu yoxdur. Mənzili öz vəsaiti hesabına üzün illərdir cari və əsaslı təmir edir. İddiaçı yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının, İPM-in və digər qanunvericilik aktlarının müddəalarına əsaslanaraq, iddiaçının ünvan 2 evin, yaşayış sahəsi 37,5 kv.m olan 3 otaqlı 9 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 20 may 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə (ünvan 2 evin, yaşayış sahəsi 37,5 kv.m olan 3 otaqlı 9 saylı mənzilinə) dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 09/2 saylı sərəncamı 17 mart 2023-cü il tarixdə verilmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı edilmişdir ki, mənzil ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 23-cü maddələrinə əsaslanaraq, İPMin 48.2-ci maddəsini rəhbər tutaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, mənzilin orderi yoxdur, lakin iddiaçının qaynatası 1933-cü ildən həmin mənzildə yaşamışdır, H.Z.Tağıyev adına Kombinatda işləmişdir, iddiaçı həmin ailəyə 1984-cü ildə gəlin kimi ailə üzvü gəlmişdir. 1986-cı ildə mənzil iddiaçının ərinin adına keçirilmişdir. İddiaçının əri 3 il bundan əvvəl vəfat etmişdir. Mənzildə iddiaçı oğlu ilə yaşayır, mənzil 2023-cü ildə iddiaçının adına keçirilmişdir. O, iddia ərizəsində göstərilənləri təsdq etdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdi olunmuş yazılı etirazı müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1986-cı ildən ünvan 2 evin, 9 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Mənzilin əvvəlki kirayədarı onun əri X6 olmuşdur. X6 21 may 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı mənzilə dair icarə müqaviləsinin bağlanması məqsədi ilə Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Departamentin 17 mart 2023-cü il tarixli 09/2 nömrəli sərəncamı ilə ünvan 2 evin, 9 saylı mənzilinin kirayə müqaviləsinin hazırkı İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin icarəçısi hesab edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin 09/2 saylı müvafiq sərəncamı 17 mart 2023-cü il tarixdə, yəni 1 oktyabr 2009-cu il tarixdən sonrakı dövrdə qəbul olunmuşdir İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir, lakin həmin Qanunun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: - (maddə 146.4) Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”un verilməsini birmənalı şəkildə nəzərdə tutur. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi öz mövqeyi üzrə gətirdiyi dəlilə, yəni Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamının 17 mart 2023-cü il tarixdə qəbul olunmasına münasibətdə məhkəmə qeyd edir ki, bir tərəfdən mənzilə dair müvafiq müqavilə “sosial kirayə müqaviləsi” deyil, “icarə (kirayə) müqaviləsi”dir, digər tərəfdən isə sərəncam 2023cü ildə verilsə də, mənzil münasibətləri 1 oktyabr 2009-cu il tarixdən, hətta «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Həmçinin qeyd olunmalıdır ki, 1 oktyabr 2009-cu ildən əvvəlki dövrdə mənzil münasibətləri yaranmış şəxslərlə həmin vaxtdan əvvəlki və sonrakı tarixlərdə bağlanmış müqavilələr üzrə hüquqlarının qeydiyyata alınmasına “fərq qoyulması” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Çünki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda bağlanmış müqavilələr predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Odur ki, Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı 17 mart 2023-cü il tarixdə verilsə də, mənzil münasibətləri 2009-cu ilin 1 okyabr tarixindən əvvəlki dövrə aid olduğundan, Mənzil Məcəlləsinin 29 avqust 2019-cu il tarixdən qüvvəyə minmiş 146.4-cü maddəsi də iddiaçının mənzilinə münasibətdə tətbiq olunmamalıdır. Eyni zamanda, məhkəmə icraatında mübahisənin obyekti olan ünvan 2 evin, 9 saylı mənzilinin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 6-cı maddəsində nəzərdə tutulan kateqoriyalara (təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində olan mənzil, xidməti mənzil) aid olması müəyyən edilməmiş, cavabdeh tərəf də bu barədə dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 2 evin, 9 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, ünvan 2 evin, 9 saylı mənzili ilkin hüquqi qeydiyyata alınmaqla İddiaçı həmin mənzilə mülkiyyət hüququnun qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 2 evin, 9 saylı mənzili ilkin hüquqi qeydiyyata alınmaqla İddiaçı həmin mənzilə mülkiyyət hüququnun qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar