Məhkəmə qərarları › İş №2-1(112)-16075/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16075/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16075/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsinə qeydiyyata alınma öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra Suraxanı RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 15 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Suraxanı RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Həmin fərdi yaşayış evinin 1/4 hissəsi mərhum nənəsi X9 məxsus olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə nənəsinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi 15/3 saylı evin 1/4 hissəsini atası X19 qəbul etməsi faktı müəyyən edilmiş, həmin evin iddiaçı Y.Əliyeva və cavabdeh Ə.Əliyev arasında alqı-satqı müqaviləsi xx.xx.2004-cü il tarixdə bağlanmış hesab edilmiş, bu hissəyə Y.Əliyevanın mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri Texniki-invertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması, atasının həmin evə yaşayış hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, Y. Əliyevanın iddiası rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1mk 1812/05 nömrəli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsinin icrasında dönüş edilmiş və atasının qeydiyyatı bərpa edilmiş, eyni zamanda Y.Əliyevanın adına verilmiş çıxarış ləğv edilmişdir. Bununla bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məlumata əsasən, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yaşayan X12 və Fərman Kərimzadə küçələrində yaşayan X10 iştirakı ilə notarial qaydada təsdiq olunmuş ərizəyə istinadən bildirilmişdir ki, o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Bundan əlavə, atasının notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, atası onun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə tərəfindən məsələ ilə bağlı müraciətinə Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda halhazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin olmamasına istinad edilmiş və ərizəsi qanunsuz və əsassız olaraq təmin olunmamışdır. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdm olunmamışdır. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən: 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Balandin küçəsi-42 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5- 20/2-2-132/2025 №-li məktubunun surətindən müəyyən olunur ki, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yaşayan X12 və Fərman Kərimzadə küçələrində yaşayan X10 iştirakı ilə notarial qaydada təsdiq olunmuş ərizəyə istinadən bildirilmişdir ki, İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. X19 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisində təsdiq edilmiş və səlahiyyətli orqanlara təqdim edilmək üçün xx.xx.2025-ci il tarixli, **********870 №-li ərizəsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanına xx.xx.2000-ci il təvəllüdlü qızı – İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir. İddiaçının hazırki iddia tələbi ilə müraciətinə cavabdeh Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli, 57/2-Ə-148D8/11/25 №-li cavab məktubunun surətindən müəyyən olunur ki, ərizə ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının halhazırda yaşadığı ünvan 7 ünvanının “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi yoxdur. Bu səbəbdən müraciət edən vətəndaşı həmin ünvana qeydiyyata almaq mümkün deyil. Aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Reyestr Xıdməti”nə müraciət edilməsi tövsiyyə olunmuşdur. 4 saylı “ASAN Xidmət” mərkəzi tərəfindən xx.xx.1966-cı il təvəllüdlü X22 verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* №-li Arayışın surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X13, xx.xx.1967-ci il təvəllüdlü X14, xx.xx.1991-cı il təvəllüdlü X15, xx.xx.1960-cı il təvəllüdlü X20, xx.xx.1992-ci il təvəllüdlü X27, xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.1966-cı il təvəllüdlü X21 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-30667 nömrəli məktubu ilə təqdim edilmiş məlumatdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X14, xx.xx.1966-cı il təvəllüdlü X29, xx.xx.1991-cı il təvəllüdlü X15, xx.xx.1992-ci il təvəllüdlü X27, xx.xx.1960-cı il təvəllüdlü X20, xx.xx.1993-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X18 ünvan 8 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-49429/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 15/3 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1967-ci il tarixdə X2 və X7 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X5 məxsus hissəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1974-cü il tarixli 1516 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1974-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 15/3 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1967-ci il tarixdə X2 və X7 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X5 məxsus hissəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1974-cü il tarixli 1516 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1974-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. - Sözügedən əmlakın X11 məxsus hissəsi Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1979-cu il tarixli 2kn”N”-1298 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1979-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. - Sözügedən əmlakın X3 məxsus hissəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 2V1/107 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə X17 və X4 adlarına qeydiyyatdan keçmişdir. - Sözügedən əmlakın X17 və X6 məxsus hissəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4Ə/3-363 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 24. Fiziki şəxs anlayışı 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. ... Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. ... Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”: ... Bənd 3.1.10. Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmənin mövqeyi: İddianın hüquqi əsası ilə bağlı nəzərə alınmalıdır ki, bu mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının və hətta cari iş üzrə iddia ərizəsinə istinadən iddiaçının atasının hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçı sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyət, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Bununla da, iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi fərdi yaşayış evinə köçmək üçün əsas verən sənəd (order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya qanunda nəzərdə tutulmuş digər sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının yaşayış sahəsində faktiki yaşaması, kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi, mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Eyni zamanda məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı həmin ünvanda müvəqqəti olaraq məskunlaşması da onun yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas vermir. Belə ki, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Belə ki, istənilən halda şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu hal isə həmin şəxsin qeydiyyatının aparılmasının məhz “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları ilə həyata keçirildiyinin göstəricisidir. Hazırda isə iddiaçıın yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bununla bağlı məhkəmə xüsusi bir məqama toxunmaq istəyir ki, elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumatlar və iddia ərizəsi ilə birgə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surəti əsasında iddiaçının ünvan 9 ünvanında pasport qeydiyyatında olduğu və “aktiv” şəxsiyyət vəsiqəsinə malik olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 892/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yuxarıda sadalanmış normalarının tələblərinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlərdən birini təqdim etmiş olmalıdır. İddiaçı tərəfindən isə belə bir sənəd təqdim olunmamışdır. Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə inzibati orqan qeydiyyatın aparılmasından imtina etməkdə haqlıdır. Ona görə də, cavbadehin imtinası qanuni olmuşdur. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar