Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1609/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X2 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 56B/9 saylı evdən qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 6 iddiaçıya məxsus olmuşdur. O X8 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxt da onun evinə qeydiyyata düşmüşdür. Hal-hazırda cavabdeh X8 ilə aralarında bağlanmış nikah Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və Tamilla evdən çıxıb getmişdir. X4 həmin evdə qeydiyyatda olmağına baxmayaraq, həmin dövrdən də həmin evdə yaşamamışdır. Bu müddət ərzində X8 bir gün də olsun həmin evdə yaşamamış, başqa evdə yaşasa da, onun rəsmi qeydiyyatı iddiaçıya aid evdə qalmışdır. İddiaçı X4 həmin evdən qeydiyyatdan çıxarılması üçün Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etsə də onun həmin evdən qeydiyyatdan çıxarılmasından imtina edilmiş bu barədə ona rəsmi məktub da verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X4 həmin evdən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi X8 ailəsi ilə birlikdə başqa ünvanda yaşayır və ünvan 1 onun daimi və ya daha çox yaşadığı ev olmamış, ailə qurandan sonra o, həmin ünvanda yaşamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10410/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münabasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 1157/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh X8 arasında xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X8 arasında nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 233 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən Bakı şəhəri, ünvan 1ında xx.xx.1960-cı il təvəllüdlü X8 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)2344/2018 saylı, 31 may 2018-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Hövsan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 1325 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ona görə ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanda istifadəsində olan 200 kv.m torpaq və 50 kv.m əmlak sahəsinin vergi ödəyicisi kimi Hövsan Bələdiyyəsində qeydiyyatdadır. Vergilərdən borcu yoxdur. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********89 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 56B/9 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Suraxanı rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 19540-1222 nömrəli məktubunda bildirilmişdir ki, məktubda adları qeyd olunmuş vətəndaşların qeydiyyata alınmasına əsas olmuş sənədlər Suraxanı RPİ-nin X3 aşkar olunmamışdır. Məhkəmə sorğusuna əsasən Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1/91 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı və vətəndaş X1 Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi 56B/9 ünvanınada qeydiyyatdadır. Sözügedən ünvanda mövcud fərdi yaşayış evinin isə hüquqi sənədləri müəyyən edilmədi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 14818A-1222 nömrəli məktubda bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Sizin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, İddiaçı ünvan 6 ünvanında yaşayır və həmin ünvan üzrə qeydiyyatdadır. İddiaçının yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, özbaşına tikilidir. İddiaçı həmin ünvana qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)2344/2018 saylı, 31 may 2018-ci il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X8 iddiaçının keçmiş həyat yoldaşıdır. Belə ki, İddiaçı 31 may 2018-ci il tarixli qərarına əsasən sözügedən ünvana qeydiyyata alındıqdan sonra xx.xx.2018-ci il tarixdə X8 ilə nikaha daxil olmuş, X8 nikahdan sonra həmin ünvana qeydiyyata düşmüş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1157/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə üçüncü şəxsin nikahları pozulmuşdur. Hazırda üçüncü şəxs iddiaçının ailə üzvü deyildir və faktiki olaraq həmin ünvanda yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması iddiaçının həmin ev üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməyə mane təşkil etmir. Belə ki, qanun şəxsin yalnız yaşadığı yer üzrə qeydiyyatını tələb edir. Yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir, qeydiyyatın məqsədi şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrasının təmin edilməsi ilə bağlıdır. Bu baxımdan hazırkı iş üzrə iddiaçının yaşadığı ev özbaşına tikili olsa da həmin ev Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi ev 56B/9 ünvanı olaraq təkrarlanmayan ünvan göstəricisinə malikdir. İddiaçı fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair torpaq və əmlak vergisinin ödəyicisidir. İddiaçı həmin evdə yaşayır və həmin ünvanda qeydiyyadadır. Eyni zamanda müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2344/2018 saylı, 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddiaçı (İddiaçı) sözügedən evə dair istifadə (sahiblik) hüququnu rəsmi şəkildə təsdiq edən hüquqi sənədi təqdim edə bilməsə də, işin araşdırılması ilə müəyyən olunur ki, iddiaçının həmin ünvanda yaşaması faktı müəyyən edilmişdir. Belə ki, bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 316 nömrəli, xx.xx.2018-ci il tarixli arayışla sübut olunur. Həmçinin iddiaçının mərhum həyat yoldaşı X5 da iddiaçı ilə birlikdə yaşadığı ünvan 3 ünvanda qeydiyyatda olmuşdur". Beləliklə, üçüncü şəxs iddiaçının ailə üzvü olmamaqla, faktiki yaşamadığı ünvanda qeydiyyatda qalmışdır. Üçüncü şəxsin sözügedən evə dair əmlak hüququnun olmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə olan halda iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X4 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X4 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1609/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1609/2023
13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver