Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1610/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsinə qarşı «açıq məkanda reklam yerləşdirmək üçün müqavilə bağlanması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsinə qarşı «açıq məkanda reklam yerləşdirmək üçün müqavilə bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində “Spar” ticarət obyektinin sahibidir. Onun nümayəndəsi dəfələrlə cavabdeh Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsinə müraciət edərək, “Spar” adı ilə bağlı müqavilə bağlanmasını, dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. lakin cavabdeh müqavilə bağlanmasından imtina etmiş və biıdirnişdir ki, ticarət obyektinin pəncərəsinə vinil vurulmuşdur və bu da reklam hesab olunur, buna görə də pul vəsaiti ödənilməlidir. Hal-hazırda həmin ticarət obyektində 8 nəfər işləyir, Bakı Reklam İdarəsi ona (hazırkı iddiaçıya) qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır və məhkəmə onun xeyrinə qərar çıxararaq, boş vinilin reklam sayılmadığı qənaətinə gəlmişdir. Göstərilənlərə əsaslanaraq, “Spar” adına görə İddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, İddiaçı iddiasına etiraz olunur. Açıq məkanda reklam yerləşdirilməsinə görə icazə müqaviləsinin bağlanması «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 5 mart 2019-cu il tarixli 1523-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə «Reklam haqqında» Qanundan, Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Fərmanı ilə «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu barədə nəzarətin həyata keçirilməsi Qaydası»ndan çıxarılmışdır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilikdə açıq məkanda reklam yerləşdirilməsinə görə icazə müqaviləsinin bağlanması tələbi mövcud deyildir. Qüvvədə olan qanunvericiliyə əsasən reklam yerləşdirilməmişdən əvvəl açıq məkanda reklam yerləşdirilməsinə görə icazə alınmalıdır. Reklam yayıcısı müvafiq icazəyə uyğun olaraq açıq məkanda reklam yerləşdirə bilər. Reklam yayıcısı açıq məkanda yerləşdirdiyi və yerləşdirəcəyi bütün reklamlara görə icazə almalıdır. Lakin İddiaçı yalnız bir ədəd reklama görə icazə almaq istədiyini, digər reklamlara görə isə, icazə almaqdan imtina etdiyini iddia ərizəsində bildirmişdir. Bu günədək heç bir reklama görə icazə alınması üçün müvafiq formada və qaydada müraciət edilməmişdir. Açıq məkanda reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə 28 fevral 2023-cü il tarixdə İdarənin əməkdaşları tərəfindən xidməti vəzifələrini icra edən zaman ünvan 1ndə İddiaçı məxsus “Araz market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklamlar yerləşdirilməsi faktı aşkar edilmiş və hər bir pozuntu təsvir edilməklə akt tərtib edilmişdir. Qeyd olunan akt həmin mağazanın müdiri X1 tərəfindən imzalanmışdır. Bundan sonra İdarə tərəfindən 30 mart 2023-cü il tarixli məktubla 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün İdarəyə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması barədə icrası məcburi olan göstəriş göndərilmişdir. Həmin sənəd 31 mart 2023-cü il tarixdə mağaza müdiri F. Şahverdiyeva tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Reklam yayıcısı yazılı göstərişdə verilmiş müddətin bitdiyi tarixdən 1 iş günü ərzində göstərişə uyğun olaraq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün protokol tərtib ediləcəyi, protokolun tərtibində iştirak etmək, izahatlar vermək, sübutlar təqdim etmək və həmin Məcəllədə nəzərdə tutulmuş digər hüquqlarının olduğu və bu hüquqlardan istifadə etməsi üçün obyektin yerləşdiyi ünvanda olması barədə məlumatlandırılmışdır. Bundan sonra əməkdaşlar tərəfindən təqdim edilmiş yazılı göstərişə uyğun olaraq göstərilən pozuntuların aradan qaldırılıb-qaldırılmadığı yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus “Spar market” (göstəriş göndəriləndən sonra “Araz market” adını “Spar market” adı ilə dəyişdirmişdir) adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımlamaqda davam etmişdir. Göstəriş yerinə yetirilmədiyi üçün 27 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun surəti İddiaçı göndərilmiş və 3 may 2023-cü il tarixdə mağaza müdiri tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. İddiaçı protokolun surətini aldıqdan sonra 8 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokoldan narazılıq və müqavilə bağlanması barədə Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmişdir. Onun müraciəti Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 2.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün müraciətə baxılması və müvafiq icazə verilməsi məsələsinə baxılması mümkün olmamışdır. Həmin müraciət İdarə tərəfindən 17 may 2023-cü il tarixli cavab məktubu ilə cavablandırılmışdır. Cavab məktubu 19 may 2023-cü il tarixdə mağaza müdiri tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 2.1-ci və 2.2-ci bəndlərinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı «İnzibati icraat haqqında» Qanunun 29 və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir: reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti; reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı; reklamın eskizi və ölçüləri; istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti; reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi. İddiaçı iddia ərizəsində qeyd edir ki, rəngli vinillər reklam hesab edilmir. Lakin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “Spar market” adlı obyektin üzərində açıq məkana ünvanlanmaqla yerləşdirilmiş rəngli vinillər «Reklam haqqında» Qanunun 2.0.1 və 26.1-ci maddələrinə, «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 1.5-ci bəndinə və Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş «Reklam qurğularına Texniki Tələblər»in 3.18-ci bəndinə əsasən reklam hesab olunur və həmin vinillərin açıq məkanda yerləşdirilməsinə görə müvafiq icazə alınmalı, dövlət rüsumu və yayım haqqı ödənilməlidir. «Reklam qurğularına Texniki Tələblər»in 2.2-ci bəndinin reklam qurğusunun yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməsi ilə bağlı tələbi pozulacaqdır. Bu hal isə, Azərbaycan Respublikası X3 açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı təsir mexanizimlərinin işləməməsinə səbəb olacaqdır. Bununda məntiqi nəticəsi olaraq obyektlərin üzərində müxtəlif rənglərdə vinil növündən olan reklam daşıyıcısı yerləşdiriləcək ki, nəticədə reklamların yerləşdiyi ərazinin estetik görünüşü ciddi şəkildə pozulacaqdır. İddaçı həmçinin iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının 8 may 2023cü il tarixdə müqavilə bağlanması barədə Bakı Şəhəri Reklam İdarəsinə etdiyi müraciət İdarənin 17 may 2023-cü il tarixli cavab məktubu ilə təmin edilməmişdir. Cavab məktubu 19 may 2023-cü il tarixdə mağaza müdiri tərəfindən poçt qəbzinə imza edilməklə qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçı İPM-in 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdeh tərəf gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsi rəhbər tutaraq, iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, iddiaçı cavabdehin üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulmasını tələb edir. 5 mart 2019cu il tarixdə Qanuna edilmiş dəyişikliyə görə öhdəlik kimi müqavilə bağlanması qanunvericilikdən çıxarılmışdır. Müqavilə bağlanması mümkün deyil. İddiaçı reklamlara görə müraciət edir, müvafiq olaraq hesab-faktura ilə ödəniş edildikdən sonra icazə sənədi təqdim edilir. İddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 2.2.2-cü maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Reklam haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 35.3-cü maddəsinə görə açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 2.1-ci bəndinə görə açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) «İnzibati icraat haqqında» Qanunun 29 və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən «İnzibati icraat haqqında» Qanunun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 2.19-cu bəndinin 17 oktyabr 2019-cu il tarixədək qüvvədə olan redaksiyadakı tələblərinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan icazə müqaviləsində müəyyən edilir. Həmin Qaydanın 2.19-cu bəndinin 17 oktyabr 2019-cu il tarixdən sonra qüvvədə olan redaksiyadakı tələblərinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş «Reklam qurğularına Texniki Tələblər»in 3.18-ci bəndinə görə vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Hazırkı məhkəmə icraatında İddiaçı iddiasında cavabdeh inzibati orqanın üzərinə ona məxsus ticarət obyektinin üzərində açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı müqavilənin bağlanması öhdəliyinin qoyulmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik normaları açıq məkanda reklam yerləşdirilməsini bununla bağlı aidiyyəti inzibati orqanla müqavilə bağlanması deyil, həmin qurumdan müvafiq icazənin alıması ilə şərtləndirir. İddianın dəyişdirilməsi məsələsinə gəldikdə isə, iddiaçının reklam yerləşdirilməsi ilə bağlı müvafiq icazə verilməsi barədə cavabdeh inzibati orqana ayrıca müraciəti olmadığından, məhkəmə iddianın dəyişdirilməsinin iddiaçıya tövsiyə edilməsini məqsədəuyğun saymır. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı cavabdeh Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1610/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1610/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver