Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16113/2025 09.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 İdris oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ) qarşı “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2025-ci il tarixli imtina məktubu aşağıdakı məzmundadır: Təqdim edilən sənədlər surətdir. Bundan başqa X1 X2 əsasən göstərilən ərazi dövlət mülkiyyəti torpaqlarına aiddir. Həmçinin göstərilən torpaq sahəsinin 60 kv.m hissəsi digər iki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılan yerlər olmaqla Buzoxna Tərəvəzçilik-Südçülük Sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazisinin hüdudları daxilində yerləşir. Odur ki, xx.xx.2004-cü il tarixdə müvafiq torpaq sahəsinin ayrılması Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Buzovna Bələdiyyəsinin səlahiyyətləri xaricində olmuşdur. Eyni zamanda, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin Buzovna Bələdiyyəsinin müvafiq qərarına istinad edilməmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 700 kv.m qeyd edilsə də, faktiki 661 kv.m təşkil edir. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyə sədrinin xx.xx.2004-cü il tarixli, 75 nömrəli sərəncamında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında AR «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» 7 dekabr 1999-cu il tarixli və Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması va razılaşdırılması qaydaları haqqında» 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş Əsasnaməni rəhbər tutaraq və vətəndaş İddiaçı xx.xx.2004-cü il tarixli ərizəsini nəzərə alaraq, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 700 m2 torpaq sahəsini «Torpaq Məcəlləsi» nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq bazar qiyməti ilə vətəndaş İddiaçı satılmışdır. Buzovna Bələdiyyəsinin 19 may 2022-ci il tarixli, 02/242 nömrəli Azərbaycan Respublikası OMDK yanında DƏDRXnın Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2004-cü ıl tarixli 75 saylı sərəncamına əsasən, alqı-satqı yolu ilə 700 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 25 aprel 2025-ci il tarixli, 3-48-21xx-xx-1939-8-2002/2025 N-li məktubunda qeyd edilmişdir ki, 3 saylı Bakı ‘’Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinizə əsasən Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 75 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş kserosurətləri 2 vərəqdən ibarət göndərilir. İmtina qanunsuz və əsassızdır. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı deyil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********18 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, sahənin 60 kv.m hissəsi iddiaçının adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılan yerlər olmaqla, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazisinin hüdudları daxilində yerləşir. Odur ki, xx.xx.2004-cü il tarixdə müvafiq torpaq sahəsinin ayrılması Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Buzovna Bələdiyyəsinin səlahiyyətləri xaricində olmuşdur. Əlavə olaraq, son sərhəd məlumatlarına əsasən sahə Qala qəsəbəsi hüdudları daxilində yerləşir. Eləcə də, təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin cigidə Buzovna Bələdiyyəsinin müvafiq sərəncamına istinad olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 700 kv.m qeyd edilsə də, faktiki 661 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(112)-16113/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdehin nümayəndəsi bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin xx.xx.2025-ci il taixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, X1 X2 əsasən göstərilən ərazi dövlət mülkiyyəti torpaqlarına aiddir. Həmçinin göstərilən torpaq sahəsinin 60 kv.m hissəsi digər fiziki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılan yerlər olmaqla, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazisinin hüdudları daxilində yerləşir. Odur ki, xx.xx.2004-cü il tarixdə müvafiq torpaq sahəsinin ayrılması Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayonu Buzovna Bələdiyyəsinin səlahiyyətləri xaricində olmuşdur. Eyni zamanda, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin Buzovna Bələdiyyəsinin müvafiq qərarına istinad edilməmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 19 may 2022-ci il tarixli, 02/242 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixli, 75 saylı sərəncama əsasən alqı-satqı yolu ilə 700 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Dövlət Arxivinin Bakı Filialının 22 dekabr 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004cü il tarixli, 75 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş kserosurətləri göndərilmiş və qeyd edilmişdir ki, sərəncama cizgi əlavə edilməmişdir. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 75 nömrəli sərəmcamlı ilə vətəndaş İddiaçı Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçının nümüayəndəsi və vəkili Vəkil2 xx.xx.2026-cı il tarixdə məhkəməyə əzirəyə ünvalayaraq bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə qonşu ərazidə yerləşən ünvan ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir (çıxarış qoşma edilmişdir). Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:
55. müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur.
65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İddiaçı Bakı şəhəri Əzizbəyov rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 75 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsindən ayrılmış torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini tələb etməkdədir. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin imtinası formal xarakter daşıyır. Odur ki, digər torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınarkən hər hansı uyğunsuzluq və torpaq sahələrinin üst-üstə düşməsi halı aşkar edilmədiyindən hazırda eyni torpaq sahələrinə münasibətdə üst-üstə düşmə əsası ilə imtina əsaslı hesab edilə bilməz (torpaq sahələrinin hər hansı birinin ölçüsündə dəyişiklik müəyyən edilməmişdir) və etimadın qorunması prinsipi baxımından ziddir. Belə ki, bu prinsipin mahiyyətinə görə maraqlı şəxs inzibati orqanın davranışını qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə torpaq sahəsinin faktiki ölçüsünün sənədlərdə göstərilən ölçüdən az olması belə iddiaçının əleyhinə hüquqi nəticə doğurmur. Çünki iddiaçı yalnız ona qanuni əsaslarla ayrılmış və artıq mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə münasibətdə çıxarışın və plan və ölçünün verilməsini tələb edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri Əzizbəyov rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 75 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsindən ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
Qərara aldı:
İddiaçı iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X6