Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1612/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə üçüncü şəxs qismində Cavabdeh2 Fərzalı oğlunu, X4 və X7 cəlb etməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia qaldıraraq “ünvan 1 ünvanda yerləşən 0,065 ha torpaq sahəsində Cavabdeh2 tərəfindən tikilinin sökülməsi, torpaq sahəsinin zəbt olunmuş hissəsinin əvvəlki vəziyyətə bərpa edilməsi, iddiaçıya məxsus torpaq sahəsinə dair cavabdeh tərəfindən qanunsuz əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş və ünvan 2 ünvanda yerləşən və istifadəsində olan 0,065 ha torpaq sahəsindən 3-cü şəxs Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinə həyətindən bölünən 4 sot torpaq sahəsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması barədə çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,065 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır, lakin Cavabdeh2 adlı şəxs iddiaçıya məxsus torpaq sahəsinin hasarını sökərək torpaq sahəsinin 0,04 ha hissəsini zəbt etmiş və yeni hasar çəkmişdir, həmin torpaq sahəsi də iddiaçıya məxsus olduğu halda cavabdeh tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının idarənin mütəxəssislərinə göstərdiyi 340,0 kv metr torpaq sahəsinin 11 kv metr hissəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır, sonuncu tərəfindən X6 adına özgəninkiləşdirilmiş və daha sonra notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X3 adına rəsmiləşdirilmişdir və hazırda onun sərəncamındadır. Bundan əlavə Nizami rayon İcra Hakimiyyətinin başçısının 1212 saylı, xx.xx.1997-ci il tarixli sərəncamında ayrılması nəzərdə tutulmuş 200 kv metr torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgiləri digər fiziki şəxslərin adına olmaqla heç bir istinad nöqtəsi və istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçü konfiqurasiyada uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəməyə təqdim edilmiş: Nizami rayon İcra Hakimiyyətinin Başçısının 1212 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2593-cü məhəllədə fərdi yaşayış evi tikmək üçün 200 kv metr torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanlanmış məktublarına əsasən iddiaçıya müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Nizami rayon İHB-nın 29 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3056 saylı, xx.xx.2013-cü il tarixli sorğuya cavab məktubuna, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəlmə Komitəsinin 35559 saylı, 03.09.213-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 Fərzalı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır, iddiaçıya habelə bildirlmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; AN-İ ******* nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Fərzalı oğlu ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,040046 ha olan torpaq sahəsini X8, sonuncu isə xx.xx.2023-cü il tarixli, 449123 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini X5 satmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirndən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi xx.xx.2023-cü ildə X3 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır; Cavabdeh tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”na əsasən iddiaçının baxışa şərait yaratdığı torpaq sahəsinin ölçüsü 349,9 kv metr təşkil edir, iddiaçı həmin torpaq sahəsinin şimal şərq tərəfindən ayrıca daş hasara alınmış və üzərində 2 mərtəbəli təmir-tikinti işləri gedən, digər şəxs tərəfindən inşa etdirilən tikili olan sahənin bir hissəsinin də ona aid olduğunu bildirmiş və bu sahənin digər şəxslə aralarında mübahisəli olduğunu qeyd etmişdir.
İV. Məhkəmənin mövqeyi
10. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası əsassızdır.
11. Azərbaycan Respublikasının Mülki Məcəllənə əsasən -139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
13. İşin faktiki hallarına əsasən həqiqətən də Nizami rayon İcra Hakimiyyətinin Başçısının 1212 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2593-cü məhəllədə fərdi yaşayış evi tikmək üçün 200 kv metr torpaq sahəsi ayrılmışdır, eyni zamanda Nizami rayon İcra Hakimiyyətinin Başçısının 29 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Cavabdeh2 Fərzalı oğluna Bakı şəhəri, Şərifli küçəsi, 2593-cü məhəllədə 0,04 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi də sonuncunun adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır, daha sonra Cavabdeh2 Fərzalı oğlu həmin torpaq sahəsini X8, sonuncu isə həmin torpaq sahəsini X5 satmışdır, hal-hazırda ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi X3 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır və bu barədə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir, hazırda həmin torpaq sahəsinə dair çıxarış X3 adınadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həm iddiaçının, həm də üçüncü şəxs Cavabdeh2 Fərzalı oğlunun adına Nizami rayon İcra Hakimiyyəti Başçısı tərəfindən müxtəlif nömrəli və tarixli sərəncamlarla sahəsi də müxtəlif olan torpaq sahələri ayrılmışdır. Hal-hazırda iddiaçı onu adına ayrılmış ( 0,02 ha) torpaq sahəsinin Cavabdeh2 Fərzalı oğlu tərəfindən zəbt edilməsini və məhz iddiaçıya ayrılmış torpaq sahəsinə X2 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarış verilməsini iddia edir. Lakin iddiaçıya ayrılmış torpaq sahəsi ilə hal-hazırda iddiaçının ləğv edilməsini tələb etdiyi – barəsində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə ilkin olaraq Cavabdeh2 Fərzalı oğlunun, sonradan isə X6 və nəhayət X3 adına qeydiyyat aparılmış torpaq sahələri fərqli torpaq sahələridir. Yəni inzibati məhkəmə icraatının gedişində üçüncü şəxslər Cavabdeh2 Fərzalı oğlunun, sonradan isə X6 və nəhayət X3 adına barəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və barəsində daşınmaz əmlakın dövlət reyetsirindən çıxarış verilmiş 0,04 ha torpaq sahəsinə dair iddiaçı qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərə malik deyildir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
15. Məhkəmə hesab edir ki, üçüncü şəxslər Cavabdeh2 Fərzalı oğlunun, sonradan isə X6 və nəhayət X3 adına Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2593-cü məhəllədə 0,04 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən imtina etməklə cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun normalarına uyğun olmuşdur, belə ki, Cavabdeh2 Fərzalı oğlunun adına Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2593-cü məhəllədə 0,04 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman ilkin hüquqmüəyyənedici sənəd məhz X1 adına verilmiş Nizami rayon İcra Hakimiyyətinin 0,04 ha torpaq sahəsinin həmin şəxsə ayrılması barədə sərəncamı olmuşdur.
15. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən və istifadəsində olan 0,065 ha torpaq sahəsindən 3-cü şəxs Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinə həyətindən bölünən 4 sot torpaq sahəsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməməlidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ünvan 1 ünvanda yerləşən və istifadəsində olan 0,065 ha torpaq sahəsindən 3-cü şəxs Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinə həyətindən bölünən 4 sot torpaq sahəsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova