Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16133/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 30 sentyabr 1982-ci il tarixdən 04 oktyabr 2004-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq orqanlarında, 04 oktyabr 2004-cü il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (DTX) sərəncamına ezam edilərək 31 oktyabr 2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1ci və 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin hakim kimi stajınız 15 ildən az (14 il 4 ay 13 gün (xx.xx.2011-xx.xx.2025-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də sizə hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 40 (qırx) il (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İstintaq orqanlarında, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işlədiyim illər və məhkəmə hakimi vəzifəsində işlədiyi illər ümumi əmək stajına daxil edilməklə) işlədiyi xidmət illərini rəhbər tutub ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixədək işləməyini və pensiya yaşına çatdığına görə hakimlik fəaliyyətinə xitam verilməsini nəzərə alaraq sabiq hakim kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin istintaq orqanlarında, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işlədiyi illər də ümumi əmək stajına daxil edilməklə ona sabiq hakim kimi əmək pensiyasının hesablanması, habelə, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, sabiq hakim kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də sonrakı artımlar, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiyaya 14 il 4 ay 13 gün hakim stajına görə əlavələr nəzərə alınaraq xx.xx.2025-ci il tarixdən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi, həmçinin xx.xx.2011-ci ildən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində pensiya kapitalının yenidən hesablanaraq yığılan kapitala uyğun olaraq əlavə məbləğlərin pensiyaya daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş fəaliyyətini 30 sentyabr 1982-ci il tarixdən başlamışdır. Belə ki, 30 sentyabr 1982-ci il tarixdən 04 oktyabr 2004-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 04 oktyabr 2004-cü il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına ezam edilərək 31 oktyabr 2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq, şöbə rəisi, İbtidai İstintaq İdarəsinin rəis müavini vəzifələrində xidmət edərək, ədliyyə polkovniki hərbi rütbəsində çalışmışdır. 31 oktyabr 2007-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən (səhhətimlə əlaqədar) Silahı Qüvvələrin ehtiyatına buraxılmışdır. 1-ci Qarabağ Müharibəsinin veteranıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 01 noyabr 2007-ci il tarixdə xidmət illərinə görə ona 1197 man. 50 qəpik ömürlük pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyaya çıxdıqdan sonra 16 il işlədiyi üçün əmək pensiyanın məbləği yenidən hesablanaraq 23 avqust 2024-cü il tarixdən əmək pensiyası 4881 manat 61 qəpik hesablanmışdır. Pensiya kapitalı 179.186 manat 52 qəpik müəyyən edilmişdir. Əmək fəaliyyətini davam etdirilməsi üçün 2008-2010-cu illər ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən təşkil olunmuş təhsil və praktik kurslarında 8 imtahan mərhələsindən müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli 1167 nömrəli Sərəncamı ilə 01 yanvar 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilərək, yenidən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2015-ci il tarixli 1668 nömrəli Sərəncamı ilə xx.xx.2016-cı il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmişdir. Məhkəmə-Hüquq Şurasının 14 may 2025-ci il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı nəzərə alınaraq 14 may 2025-ci il tarixdən xitam verilmişdir. Həmin tarixdən ona əmək pensiyası təyin edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili işlər orqanları, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və məhkəmə sistemində onun iş stajının müddəti ümumilikdə 40 ildən çox təşkil edir. Bu isə, əmək pensiyasının maksimum həddə hesablanması üçün əsasdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı A.X3 müraciət edərək, ona hakim kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin onun hakim kimi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 20.7.1-ci və 20.7.2 -ci maddələrinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 20.1.4 -cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək / qrup əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7.1-ci maddəsinə əsasən 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlarda nəzərə alınmaqla 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında təyin edilir. Həmin Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 37.2 -ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.4-cu maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21- ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959cu il təvəllüdlü İddiaçı xx.xx.2024-ci il tarixindən hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. Onun ümumilikdə hakim kimi sosial sığorta stajı 14 il 1 ay 03 gün (xx.xx.2010—xx.xx.2024) təşkil etmişdir. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-ci il tarixindən yaranmışdır. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun xx.xx.2017ci il tarixədək (qanunun həmin redaksiyasına əsasən əmək pensiyasına əlavələr hakim vəzifəsindəki 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında təyin edilir), yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona pensiya təyin edilməli olduğunu iddia etsə də, yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-ci il tarixində yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilməməlidir. Beləliklə, qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı hakim kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 109 Hakimlərin sosial müdafiəsi (xx.xx.2021-ci il tarixədək olan redaksiya) 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdehin imtinaya yeganə və əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi iş stajı 15 ildən az (14 il 4 ay 13 gün (xx.xx.2011-xx.xx.2025-ci il tarixləri arasındakı dövr)) olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş 20.7.1 və 20.7.2 maddələrinin mətnləri ona şamil edilə bilməz. Belə ki, həmin dövrdə edilmiş dəyişikliyə əsasən ancaq 15 ildən yuxarı hakim peşəsində işləmiş şəxslərə hakim kimi əmək pensiyası təyin edilə bilər. Məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edərək aşağıdakıları bildirir: “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan (xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi hakimlərin maddi təminatını tənzimləyir. Həmin maddə ilə hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2025-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ... Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir... ... Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2025-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı sabiq hakim kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, 40 təqvim günü müddətində məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də sonrakı artımlar, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiyaya 14 il 4 ay 13 gün hakim stajına görə əlavələr nəzərə alınaraq xx.xx.2025-ci il tarixdən ona hakim kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı həmin tarixdən, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanıb ödənilməsi, həmçinin xx.xx.2011-ci ildən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində pensiya kapitalının yenidən hesablanaraq yığılan kapitala uyğun olaraq əlavə məbləğlərin pensiyaya daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-16133/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16133/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver