Məhkəmə qərarları › İş №2-1(112)-1615/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1615/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1615/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun 1973-cü il tarixdən 1974-cü il tarixədək, 1980-cı il tarixdən 1983-cü il tarixədək, 1985-ci il tarixdən 1995-ci il tarixədək Zaqatala rayon Danaçı kəndi “K.Marks” adına kolxozda kolxozçu, 01 oktyabr 1977-ci il tarixdən 29 dekabr 1979-cu il tarixədək kolxozlararası tikinti idarəsində bənna işlədiyi illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilərək 14.01.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü il tarixdən 1974-cü il tarixədək, 1980-ci il tarixdən 1983-cü il tarixədək, 1985-ci il tarixdən 1995-cil tarixədək Zaqatala rayon Danaçı kəndi “K.Marks” adına kolxozda kolxozçu, 01 oktyabr 1977-ci il tarixdən 29 dekabr 1979-cu il tarixədək kolxozlararası tikinti idarəsində bənna işləmişdir. Həmin iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivindən 30.04.2021-ci il 4857 №-li arxiv arayışı ilə təsdiq olunur. 09 noyabr 1974-cü ildə hərbi xidmətə getmiş, 8 dekabr 1976-cı il tarixdə hərbi xidmətdən qayıtmışdır. 08.04.1996-cı il tarixdə Balakən 5 №-li T.P.U. idarəsinə bənna peşəsi işinə qəbul olunmuş, 02.08.2004-cü il tarixdə işdən olunmuşdur. Zaqatala Rayon Dövlət Arxivindən aldığı arayışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə müraciət etsə də, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona imtina məktubu verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin 30.04.2021-ci il tarixli 4857 nömrəli arayışına əsasən İddiaçı işlədiyini iddia etdiyi “K.Marks” adına kolxozda iş stajı minimum əmək iştirakı normasına görə 1974- 1987-ci illər üzrə (1392 işlədiyi gün x 12 ay: 250 minimum adam gün norması = 66,8 ay: 12 ay) = 5 il 6 ay; 1988-ci il üzrə 1 il; 1989-cu il üzrə 8 ay 4 gün; 1990-cı il üzrə 1 il; 1991- 1995-ci illər üzrə 5 il ümumilikdə 13 il 2 ay 4 gün təşkil edir. Həmçinin iddiaçının Zaqatala rayon Kolxozlararası təmir-tikinti idarəsində işlədiyi 1977-1978-ci illər üzrə isə əmək haqqının hesablanmasına 1 il iş stajı yaranır. 1979-cu il üzrə isə sözügedən idarədə dövlət arxiv arayışına əsasən əmək haqqı barədə heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, İddiaçı 10 il 4 ay 23 gün (əmək kitabçası və hərbi xidmət illəri üzrə) +13 il 2 ay 4 gün (arxiv arayışı üzrə) +1 il (arxiv arayışı üzrə)= 24 il 6 ay 27 gün iş stajı mövcuddur. Göstərilənlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı yaranmadığı yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığı üçün əmək pensiyası hüququ yoxdur. İddiaçı 21.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində onun 1973-cü il tarixdən 1974-cü il tarixədək, 1980-cı il tarixdən 1983-cü il tarixədək, 1985-ci il tarixdən 1995-ci il tarixədək Zaqatala rayon Danaçı kəndi “K.Marks” adına kolxozda kolxozçu, 01 oktyabr 1977-ci il tarixdən 29 dekabr 1979-cu il tarixədək kolxozlararası tikinti idarəsində bənna işlədiyi illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilərək 14.01.2020ci ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 21 fevral 2022-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir. Belə ki, İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.1955-ci il təvəllüdlü olması nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 64 yaşına çatdıqda (həmin maddədə nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda), yəni 14.01.2019-cu il tarixdə yarandığından, onun pensiyasının 14.01.2020-ci ildən hesablanaraq ödənilməsi barədə iddianın dəyişdirilməsi məqsədəuyğun deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, təyin olunmuş məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində doğulmuş, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatdadır; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.11.1974-08.12.1976-cı illərdə hərbi xidmət keçmişdir; 08 aprel 1996-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabaçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 08.04.1996-cı il tarixdə 9 №-li əmrlə Balakən 5 №-li T.T.İ idarəsinə bənna peşəsinə işə qəbul edilmiş, 02.08.2004-cü il tarixdə 04.08.2004-cü il tarixli 1 №-li əmrlə Balakən 5 №-li T.T.İ idarəsində işdən azad edilmişdir; Zaqatala Rayon Dövlət Arxivinin 4857 №-li, 30.04.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, Həlləyev X3 rayon Danaçı kəndi “K.Marks” adına kolxozda 1973-cü ildə 150+75, 1974-cü ildə 139+56, 1980-ci ildə 130, 1981-ci ildə 71, 1982-ci ildə 130, 1983-cü ildə 40+131, 1985-ci ildə 139, 1986-cı ildə 30+124, 1987-ci ildə 40+137, 1988-ci ildə 333, 1989-cu ildə 30+139, 1990-cı ildə 30+255+21, 1991-ci ildə 247, 1992-ci ildə 261, 1993-cü ildə 292, 1994-cü ildə 232, 1995-ci ildə 215 əmək günü işləmişdir.Adam günü minimumu 1973-1988-ci illər üzrə 250,1989-1990-cı illər üzrə 240, 1991-1995-ci illər üzrə 210 olmuşdur. Həmçinin 01 oktyabr 1977-ci il tarixdən 28 dekabr 1979-cu il tarixədək Zaqatala rayon kolxozlararası tikinti idarəsində bənna işləmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 03 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi Zaqatala Rayon İcra Hakimiyyətinin Zaqatala Rayon Dövlət Arxivinin 30.04.2021-ci il tarixli № 4857 saylı arxiv arayışlarında qeyd edilən 1974-1995-ci illərə aid əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmədiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi 08.04.1996-cı il tarixində tərtib olunmuş ИТ-İ №1073568 nömrəli əmək kitabçasına və НЗ №3209940 nömrəli hərbi biletə əsasən onun ümumi sığorta stajı 01.01.2006-cı il tarixinədək 10 il 4 ay 23 gün olmaqla tələb olunan müddətdən (25 ildən) və stajına uyğun olaraq 7512,40 manat pensiya kapitalı (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1- 1-ci maddələri tətbiq olunmaqla) tələb olunan pensiya kapitalından (28800 manat) azdır. Ş.X1 X4 altsistemində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin Zaqatala Rayon Dövlət Arxivinin 30.04.2021-ci il tarixli № 4857 nömrəli arxiv arayışlarında qeyd edilən 1974-1995-ci illərə aid əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil edilməmişdir. 01.01.2020-ci il tarixindən İddiaçı yaşa görə 130 manat məbləğindəə müavinət təyin edilib və ödənilir; Zaqatala Rayon Dövlət Arxivinin 24.09.2021-ci il tarixli məktubu ilə, İddiaçı Zaqatala rayon kolxozlararası tikinti idarəsində 1977/1979-cu illərdə əmək fəaliyyətinə dair sənədlərin, işə girmə və işdən çıxma əmrlərinin, əmək haqqın cədvəllərinin çıxarışlarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, 64 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1974-1995-ci illərə aid əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx xxxxxx 1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 14 yanvar 2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 10 il 4 ay 25 gündür: 09.11.1974-08.12.1976 (2 il 1 ay); 08.04.1996-02.08.2004 (8 il 3 ay 25 gün). Cavabdeh iddiaçının kolxozda və kolxozlararası tikinti idarəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, əmək kitabçasında əks olunmamış arxiv arayışında göstərilən dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1973-1995-ci il tarixlərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda və kolxozda və kolxozlararası tikinti idarəsində işlədiyi Zaqatala rayon Dövlət Arxivinin arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəllərində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və iquqüh“ müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı qeyd olunan sənədlər ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışı, əmrlərdən çıxarışlar və əmək haqqı cədvəlləri nəzərə alına bilər. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan da göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı). 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Zaqatala rayon Dövlət Arxivinin 30 aprel 2021-ci il tarixli 4857 nömrəli arxiv arayışındakı məlumatlar nəzərə alındıqda Zaqatala rayon Danaçı kəndi “K.Marks” adına kolxozda tələb olunan minimum əmək iştirakı norması 1973-1988-ci illər üzrə 250,1989-1990-cı illər üzrə 240, 1991-1995-ci illər üzrə 210 olmuşdur gün olmuşdur. Buna qarşılıq iddiaçı 1973-cü ildə 150+75, 1974-cü ildə 139+56, 1980-ci ildə 130, 1981-ci ildə 71, 1982-ci ildə 130, 1983-cü ildə 40+131, 1985-ci ildə 139, 1986-cı ildə 30+124, 1987-ci ildə 40+137, 1988-ci ildə 333, 1989-cu ildə 30+139, 1990-cı ildə 30+255+21, 1991-ci ildə 247, 1992-ci ildə 261, 1993-cü ildə 292, 1994-cü ildə 232, 1995-ci ildə 215 əmək günü işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1988, 1990-1995-ci illər üzrə olmuşdur. Digər illərdə isə, iddiaçı minimum əmək iştirakı normasından az işlədiyindən, həmin illər ona tam əmək stajı kimi hesablanmamalı, həmin illər iş stajına yalnız faktiki müddət nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablanma isə iddiaçının faktiki işlədiyi günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama nəticəsində iddiaçının 1973-cü il üzrə 10,8 ay, 1974-cü il üzrə 9,36 ay, 1980-ci il üzrə 6,24 ay, 1981-ci il üzrə 3,4 ay, 1982-ci il üzrə 6,24 ay, 1983-cü il üzrə 8,2 ay, 1985-ci il üzrə 6,67 ay, 1986-cı il üzrə 7,39 ay, 1987-ci il üzrə 8,49 ay, 1989-cu il üzrə 8,45 ay olmaqla, ümumilikdə həmin illərdə kolxozda işlədiyi müddət 75,24 ay, yəni 6 il 3 ay 8 gün təşkil edir. İddiaçının minimum əmək iştirakı normasını ödədiyi illər də nəzərə alındıqda ümumilikdə kolxozdakı iş stajı 13 il 3 ay 8 gün müəyyən edilir. İş materiallarında olan arxiv arayışı və 1977-1979-cu illərə aid əmrlərdən çıxarışlar, əmək haqqı cədvəllərinə əsasən, iddiaçının 1977-1979-cu illərdə Zaqatala rayon kolxozlararası tikinti idarəsində işləməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 64 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 64 yaşının tamam olduğu, 14.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 64 yaşının tamam olduğu, 14.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar