Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16156/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhuma məxsus olması” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi”nə dair iddiası üzrə inzibati işə 27 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı tərəvəzçilik-südçülük sovxozunun 02 protokoluna əsasən ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin sonuncu dəqiqləşməsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 may 2003-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikaı Kənd Təsərüffatı müəssisəsinin əmrdən çıxarışına əsasən mərhum X2 10 sot torpağ sahəsi ayrılmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış, yaşadığı müddətdən bu günə kimi kommunal xərclərini ödəmişdir. Lakin, həyat yoldaşı xx.xx.2011-ci ildə X4 vəfat etdikdən sonra qızı ilə birlikdə yaşayır. İddiaçı mülkiyyət hüquqlarının mərhuma məxsus olması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər surətdir. Bundan başqa,torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik Südçülük sovxozunun 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmrinin arxiv arayışı və yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında X1 adı aşkar edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddianın əsaslılığı: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışa əsasən baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X2 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri 38 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2010-ci ildə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən torpaq almış vətəndaşların siyahısında X1 adı yoxdur. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən torpaq almış vətəndaşların siyahısında X1 adı yoxdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.5-1-ci bəndinə əsasən, sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyət hüquqlarının mərhuma məxsus olması barədə arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Tərəvəzçiliksüdçülük sovxozu) xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışın surətini təqdim etdiyindən, məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının müddəalarına uyğun həll edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Fərmanın 7-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə istinad edildiyi hallarda, qanunverici hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müəyyən məhdudiyyətlər müəyyən etmişdir. Başqa sözlə, bu halda hüququn dövlət qeydiyyatına alınması yalnız torpaq sahəsinə dair təqdim edilən hüquqmüəyyənedici sənədlərin arxiv əsasları mövcud olduqda mümkündür. Lakin iddiaçı tərəfindən torpaq sahəsinə dair sənədlərin arxiv əsaslarının mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı da qeyd olunan sənədlərin arxiv əsasları müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən torpaq almış vətəndaşların siyahısında X1 adı yoxdur. Ona görə də qeyd olunan sənəd hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı torpaq sahəsinin yerini və sərhədlərini müəyyən etməyə imkan verən sənəd də təqdim etməmişdir. Belə ki, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin, həqiqətən də, onun mərhum ərinə sovxozun əmri ilə ayrıldığını bildirdiyi torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün deyil. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması üçün həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə yanaşı, torpaq sahəsinin planının və ölçüsünün də təqdim edilməsi zəruridir. Hüquqi baxımdan vurğulanmalıdır ki, torpaq sahəsinin ayrılması prosesi qanunvericiliyə uyğun olaraq inzibati akt – sərəncam, əmr, qərar kimi hüquqmüəyyənedici sənədin qəbul edilməsi ilə başlanır, daha sonra həmin sərəncama əsasən sahənin sərhədlərinin naturada ayrılması, texniki parametrlərinin müəyyən edilməsi və yerləşmə cizgisinin hazırlanması mərhələsi həyata keçirilir. Nəzərə alınmalıdır ki, “yerləşmə cizgisi” və ya “yerləşmə sxemi” adlanan sənəd texniki sənəddir. Həmin sənəd özü-özlüyündə səlahiyyətli orqanın torpaq sahəsinin ayrılması barədə inzibati aktın daşıdığı hüquqi qüvvəyə malik deyil. Başqa sözlə desək, torpaq sahəsinin şəxsə ayrılmasını təsdiq edən əsas sənəd əmrdir, yerləşmə cizgisi isə yalnız həmin əmrin icrası üçün texniki vasitədir. Belə olan halda iddiaçı, ilk növbədə, mərhum X2 ayrıldığı iddia edilən torpaq sahəsinin arxiv əsaslarını əldə etdikdən sonra, torpaq sahəsinin yerini və sərhədlərini müəyyən etməyə imkan verən yerləşmə cizgisinin verilməsi üçün aidiyyəti yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Torpaq sahəsinin yerləşmə cizgisi ilə bağlı məsələlər həll edildikdən sonra isə göstərilən tələblə təkrar olaraq müvafiq inzibati orqana müraciət edə bilər. Beləliklə, iş üzrə araşdırılmış hallar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunda nəzərdə tutulmuş sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh tərəfindən qəbul edilmiş imtina qanunazidd hesab edilə bilməz. İddiaçının bildirdiyi faktiki hallar (torpaq və fərdi yaşayış evinin uzun müddətdir istifadəsində olması və s.) isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas vermir. Odur ki, iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-16156/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16156/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver