Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1616/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «V.Y.Axundov adına X1 İnstitutu» X7rşı “ölüm hadisəsinin istehsalatda baş verən bədbəxt hadisə olması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «V.Y.Axundov adına X1 İnstitutu» X7rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həkim-terapevt X2 “İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” ödənişinin ailəsi tərəfindən alınması üçün onun məhz peşəsi ilə məşğul olduğu vaxt (ezamiyyətdə olduğu zaman) peşə xəstəliyinə tutularaq, sağlamlığının qəflətən və kəskin pozulmasını nəzərə alaraq bu ölüm hadisəsinin istehsalatda baş verən bədbəxt hadisə olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X3 Bakı Baş Səhiyyə İdarəsinin 31; 32 saylı telefonoqraması və TƏBİB-in xx.xx.2020-ci il tarixli 01-07 saylı əmrinə əsasən Atletlər kəndinə COVİD-19-a yoluxmuş xəstələrin müalicəsi üçün 23 №-li poliklinikanın rəhbərliyi tərəfindən 10-16 iyun 2020-ci il tarixlərində ezamiyyətə göndərilmişdir. İyun ayının 17-dən virusa yoluxmuş xəstələrlə təmasda olduğundan işə çıxmamış, evdə karantində olmuşdur. İyun ayının 21-də həkimdə COVİD-19-un simptomları hiss edilməyə başlamışdır. Poliklinika personalının iştirakı ilə evdə aparılan müalicə yetərincə fayda vermədiyindən, onu iyun ayının 24-ü axşamüstü, halı yüngül ağırlaşmış halda 103 xidmətinin köməyilə Tibb Universitetinin Terapiya korpusuna yerləşdirmişlər. İyun ayının 17-si və 24-ü arası həkimin yüksək peşəkarlığı ilə özünü və digər ailə üzvlərini qoruması nəticəsində bu dövr ərzində digər ailə üzvləri (həmçinin iddiaçı) COVİD-19-a yoluxmamışlar. İyun ayının 25-dən isə 23 №-li poliklinikanın rəhbərliyi tərəfindən iddiaçının və oğlunun məcburi karantində qalmaları üçün göstəriş verilmişdir. Mərhumun vəziyyəti müalicənin 4-cü günü qəflətən ağırlaşmış, 28-ci günü – iyul ayının 22-sində isə o, vəfat etmişdir. İddiaçının əldə etdiyi sənədlərdən görünür ki, Əmək Məcəlləsinin çoxsaylı tələblərinin pozulması şəraitində ezamiyyətdə olan həkim briqadasının vaxtı uzadılmış, dözülməz iş şəraitində - iş günləri arası istirahətin verilməməsi, dalbadal 7 gün fasiləsiz, hər gün 12 saat olmaqla, ümumilikdə 84 saat işə cəlb edilməsi səbəbindən mərhum həkim COVİD-19-a yoluxmuşdur. Hadisə həkimin ezamiyyətdə qapalı şəraitdə, xəstələrlə daimi təmasda olması səbəbindən baş verdiyindən iddiaçı dəfərlərlə X5 Xidmətinə həm yazılı, həm də şifahi müraciətlər etmişdir. Buna baxmayaraq cavabdeh tərəf “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”da virusa yoluxma nəticəsində işçilərin səhhətinin pozulması halının təhqiq edilməsinin nəzərdə tutulmadığını bildirərək təhqiqat apararaq ölüm haqqında akt qeydinin tərtib edilməsindən imtina etmişlər. Bu ölüm hadisəsi həm də peşə xəstəliyi səbəbindən baş verdiyindən iddiaçı V.Y. Axundov adına Milli X1 İnstitutuna da müraciət etmişdir. Tutarlı faktlarla hadisəyə peşə xəstəliyinin səbəb olması barədə rəy verilməsini xahiş etməsinə baxmayaraq cavabdeh müraciətə cavab verilməsiin qeyri-mümkün olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti iddiaya dair məhkəməyə yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən X2 vəfatı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı olmadığından X5 Xidməti tərəfindən həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməmiş və təhqiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində hansı hallarda işçilərin səhhətinin pozulmasının təhqiq edilməsi müəyyən edilmiş və baş vermiş pandemiya ilə əlaqədar virusa yoluxma nəticəsində işçinin səhhətinin pozulması həmin hallara şamil edilməmiş və təhqiqi nəzərdə tutulmamışdır. Məlum olduğu kimi, bədbəxt hadisənin baş verdiyi dövrdə ölkənin bütün ərazisində pandemiya şəraiti hökm sürməkdə idi və peşəsindən və ya iş yerindən asılı olmayaraq hər bir şəxs virusa yoluxa bilirdi. Covid-19 xəstəliyi müxtəlif formalarda təzahür edir, şəxsin bu virusa nə vaxt və harada yoluxmasını müəyyən etmək mümkün olmur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi zamanı iş yerləri və ya işçilər fəqrləndirilmir və bu qaydalar hamıya şamil edilir. Bildirilir ki, X2 Covid-19 xəstəliyinə tutulması nəticəsində vəfatı peşə xəstəliyi ilə əlaqədar deyildir və həkim fəaliyyəti ilə məşğul olduğu üçün baş vermiş hadisənin qanunvericiliklə nəzərdə tutulmadığı halda istehsalatda bədbəxt hadisə kimi təhqiqi həm X5 Xidməti tərəfindən qanunun tələblərinin pozulmasına, həm də bütün ölkə ərazisində fəaliyyət göstərən işçilər arasında qanunvericilik sisteminin başlıca prinsiplərindən olan bərabərliyin pozulmasına gətirib çıxarardı. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həyat yoldaşı X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı hadisənin istehsalatla bağlılığının araşdırılması üçün təhqiqat komissiyasının yaradılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla X2 ölüm səbəbinin 2 saylı Bakı ASAN Xidmət mərkəzindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ №089393 nömrəli “Ölüm haqqında şəhadətnamə”də “Dig. Rubrikalarda təsnif olunan virus xəstəlikləri zamanı müşahidə edilən pnevmoniya (COVİD-19)” olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2ci bəndində virusa yoluxma nəticəsində işçilərin səhhətinin pozulması halının təhqiq edilməsinin nəzərdə tutulmaması İddiaçı diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Beləliklə, X2 vəfatı istehsalatda baş vermiş bədbəxt hadisə olmadığından və peşə xəstəliyi ilə əlaqədar olmadığından belə olan halda X2 ölüm hadisəsinin istehsalatda baş verən bədbəxt hadisə olması tələbi təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «V.Y.Axundov adına X1 İnstitutu» publik hüquqi şəxsi tərəfindən iddiaya dair məhkəməyə yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, İddiaçı, iddia ərizəsində həyat yoldaşı, mərhum, X2, 23 nömrəli poliklinikanın, sabiq əməkdaşının - həkim- terapevtinin ölümünə səbəb olan Covid-19 xəstəliyinin peşə ilə əlaqəsinin V.Axundov adına Elmi X4 İnstitutu tərəfindən araşdırılmasını və əsaslandırılmış rəy verilməsini xahiş etmişdir. Bununla bağlı müraciət, 05 iyun 2023-cü il tarixli, 132№-li məktubla cavablandırılmışdır. 1 sentyabr 2023-cü il tarixli 242 №-li məktubla isə, xx.xx.2023-cü il tarixli, 2-1(112)-11725/2023 nömrəli iddiaya münasibət bildirilmişdir. Həmçinin, İnstitutun səlahiyyətli nümayəndəsi, Peşə xəstəlikləri şöbəsinin müdiri Sevda Xəlilova məhkəmə iclasında iştirak etmiş və iddiaya münasibətini bildirmişdir. Bildirilir ki, Azərbaycan Resüpublikası Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il 7 nömrəli "Qərar”ı, yəni, “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”ı uzun müddət zəhərli və təhlükəli istehsal amilləri ilə təmasda olan işçilərin xəstəliyinin peşə ilə əlaqələndirilməsi (Xroniki peşə xəstəlikləri) üçün istinad edilən qanuni rəsmi sənəddir. Covid-19 pandemiyası ilə bağlı, Ölkəmizdə əmək fəaliyyəti prosesində bu virusla təmasda olan və yoluxan işçilərin iş yerlərinin zərərli peşələrə aid edilməsi, həmçinin, xəstəliklərinin peşə ilə əlaqədar olması ilə bağlı heç bir qanuni dövlət sənədinə əlavə və dövlət sənədi təsdiq edilməmişdir. Qeyd edilir ki, BƏT-nın və AŞ-nın, həmçinin ÜST və Həmkarlar İttifaqlarının təsdiq etdiyi sənədlərə istinad edərək, İtaliya, Almaniya, RF və s. kimi bir sira ölkələrdə, öz milli qanunverici orqanları tərəfindən təsdiq edilmiş sənədlərə və sənədlərə əlavələrə əsaslanaraq, “peşə xəstəlikləri“ siyahısına daxili məsələsi tövsiyə edilmişdir. Digər tərəfdən, bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyası”na dair Təlimatının 6-cı bəndinə əsasən, ’’Yoluxucu xəstəliklər zamanı xəstənin xəstəliyi ilə əmək fəaliyyəti arasındakı əlaqə, xəstəlik ocağında epidemioloji tədqiqat aparan ərazi gigiyena və epidemiologiya mərkəzinin mütəxəssisləri tərəfindən təyin edilir”. (Azərbaycanda Covid-19-a dair qarşılayıcı tədbirlər gücləndirildiyindən, heç bir xəstəlik ocağında aparılan tədqiqatlarla bağlı məlumatların qeydə alınmasına təsadüf edilmir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq, V.Y. Axundov adına Elmi X4 İnstitutunun rəhbərliyi tərəfindən şəxsin ölümünə səbəb olan xəstəliyinin peşə ilə əlaqəsinin araşdırılması və ona rəy verilməsi qanunla tənzimlənən qaydalarda ona həvalə edilmədiyindən, göstərilən iddiaya əsasən baş vermiş ölüm hadisəsinin işçinin öz peşəsi ilə - xəstələri stasionarda müalicə edərkən peşə xəstəliyinə tutulmasını təsdiqləyən aktın iddiaçıya verilməsi öhdəliyinin üzərinə qoyulması məqsədə uyğun hesab edilmir. İddiaçının məhkəməyə təqdim etdiyi sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “mərhum X2 məhz peşəsi ilə məşğul olduğu dövrdə (ezamiyyətdə olduğu zaman) peşə xəstəliyinə (kəskin peşə xəstəliyinə) tutulması, sağlamlığının qəflətən və kəskin pozulmasını nəzərə alaraq, bu ölüm hadisəsinin istehsalatda baş verən bədbəxt hadisə olması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İPM-in 54.1-ci maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və iddiaçının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini olduğu kimi müdafiə edərək işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (1.1-2.3-cü və 8.6-cı bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarındakı hüquqi mövqeyə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində həmçinin vurğulanır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.). Hazırkı iş üzrə iddia tələbinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mərhum arvadı X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin alınmasına yönəlmişdir. İddiaçı bu məqsədlə hazırkı tələblə cavabdehlərə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia irəli sürmüş və mahiyyət etibarilə Mətanət Atayevanın istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində ölməsi faktının təsdiq edilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş edir. İddiaçı tələbinin qanuni əsası kimi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 10.1.1-ci maddəsinə istinad edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir və o, hüquqi marağına uyğun olaraq düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan: -2.0.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. -2.0.6. faydalanan şəxs – bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) şəxsdir. -2.0.12. sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. -2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. -10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: -10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; -10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən: -307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.7. bədbəxt hadisə faktının. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 8.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi). Göründüyü kimi, bədbəxt hadisə faktının tanınması inzibati məhkəmə icraatı qaydasında deyil, mülki qanunvericiliyə uyğun olaraq həll edilir və bununla bağlı qanunverici məqsəd baxımından konkret tələblər müəyyən edir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürərkən qanunvericilikdə təsbit edilmiş və onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, hüquqi marağına nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının məqsədinə çatmaq üçün ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək imkanı vardır. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənəətə gəlir ki, hazırkı iddia tələbi mülki xarakter daşıdığından, həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan, həmçinin müdafiə edilmək istənilən hüququn təbiəti və iddiaçının hüquqi marağı baxımından hazırkı işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq iddiaçının işə üçüncü şəxsin cəlb edilməsi ilə əlaqədar vəsatətinə münasibət bildirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1616/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1616/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver