Məhkəmə qərarları › İş №2-1(112)-1617/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1617/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1617/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş qanunla qorunan hüquqlarına və əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinin tələblərinə əsaslanaraq xəstəliyi ilə bağlı ona xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5062/2021 saylı qərarının məcburetmə haqqında iddia əsasında icra olunması barədə, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 19 may 2021ci il tarixli, 2-1(112)-5062/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddia tələbi üzrə ona müddətsiz İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. O, 20 ilə yaxın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanları sıralarında polis əməkdaşı olaraq xidmət keçmişdir. Xidmətkeçmə dövründə sağlamlığını itirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb- Ekspertizası Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsi olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddia ərizəsinə əlavə etdiyi TSEK-nın arayış və müayinə aktlarında görünür ki, o, xx.xx.2011-ci, xx.xx.2012-ci, xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci, xx.xx.2016-cı il tarixə kimi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi komissiyasız olmaqla və tibbi-sosial yardımın təyin edilməməsi ilə müvafiq tibbi ekspertiza müayinələrindən keçmişdir. xx.xx.2021-ci il tarixdə onun əlillik dərəcəsinin müddətinin 10 il tamam olması, həmçinin növbəti və sonuncu müayinə müddətinin çatdığı üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyasının xx.xx.2021-ci il tarixli, 0311003AAQ4Z saylı elektron göndərişlə cavabdeh TSEK-a müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK-i tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Bakı İnzibati Məhkəməsində xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə onun iddiasına baxıldı və iddia tələbi təmin edildi. Təqdim etdiyi sənədlərdən görünür ki, o, 20 ilə yaxın DİO-nın sıralarında xidmət etməklə səhhətinə görə təqaüdə çıxmışdır. 10 il fasiləsiz olaraq (120 ay) İİ (ikinci) dərəcəli əlil polis əməkdaşı kimi Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentindən hər ay pensiya almışdır. 10 il ərzində tibbi müayinələrdən keçmişdir. xx.xx.2016-cı il tarixdə tibbi müayinə müddəti daha 5 il müddətində uzadılsa da TSEK-nin qərarı ilə ona tibbi-sosial yardım və reabilitasiya xidməti təyin edilməmişdir. Eyni zamanda artıq olnun 50 yaşı tamam olduğu üçün DİO-nı sıralarında Xidmətkeçmə haqqında Əsasnamənin 137-ci maddəsinə əsasən bu isə artıq xidmətkeçmə müddətinin başa çatması deməkdir. Cavabdeh orqan ilə əlil olmuş şəxs kimi onun hüquqlarını kobudcasına pozmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müddətinin müəyyən edilməsinə dair Əsasnamənin 4.2-ci bəndinin tələblərini, eləcə də dövlət adından çıxarılan məhkəmə aktını saymazyana olaraq icra etməmişdir. xx.xx.2021-ci il tarixdən sonra o 2 dəfə fərqli vaxtlarda cavabdeh orqana Forma 088 adlı elektron göndərişlə müraciət etsə də cavabdeh orqan açıq-aşkar şəkildə bu dəfə də ölkə qanunları ilə yanaşı onun da qanunla qorunan əlillk hüquqlarını kobudcasına pozmuşdur. Əgər cavabdeh onu sağlam hesab edirsə, o zaman DİO-nın sıralarına xidmətə yenidən qəbul edilməyi barədə sağlamlıq barədə qərar verməlidir. Əgər onun əlilliyini ləğv edilsə o zaman 10 illik əlillik müddəti 20 illik DİO-nı sıralarındakı xidmətinə əlavə edərək 30 illik xidmətkeçmə ilə bağlı pensiyasının təyin olunması barədə Hərbi Qulluqçular və Xüsusi rütbəli Şəxlərlə İş Departamentinə bu barədə təqdimat təqdim etməlidir. xx.xx.2021-ci il tarixdən bəri onun hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh orqanın hərəkətləri və qanunsuz tələbləri səbəbindən ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Maddi ziyan kimi xx.xx.2021-ci il tarixdən bəri ala bilmədiyi pensiyaları qeyd edə bilər. Mənəvi ziyan isə ölçüyə gəlməzdir. Cavabdehin qanunsuz hərəkətləri səbəbindən o dəfələrlə Bakı şəhərinə məhkəməyə gəlməli olmuşdur, xeyli miqdarda xərcləri çıxıb, əlil olmuş şəxs kimi böyük əzab və əziyyətlər çəkmiş, mənəvi işgəncə və iztirab yaşamışdır. Cavabdehin qanunsuz hərəkətləri səbəbindən ona vurulmuş mənəvi ziyanın həcmini simvolik olaraq 50000 manat məbləğində dəyərləndirir. İddiaçı X2 məhkəməyə ərizə ünvanlayaraq kompensasiyanın məbləğinin əmək haqqının təminat xərci üzrə təyin edilmiş 367,45 manat buraxılmış aylara hesablanıb ödənilməsi kimi nəzərə alaraq hesablanmasını (367,45 AZN x 10 ay = 3674,50 AZN) xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə ərizə ünvanlayaraq pensiyasının tam olaraq təmin etməklə bütün ayların pullarının kompensasiya qaydasında ona qeyri-şərtsiz ödənilməsini, maddi imkansızlıq səbəbindən məhkəmədə iştirak edə bilmədiyini göstərərək onun xeyinə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının cavabdeh orqana çoxsaylı müraciətlərinin olduğunu, lakin kompensasiya tələbi ilə bağlı müraciət etmədiyini, həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərarının tərəflərindən icra olunaraq İddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı göndəriş və tibbi sənədlərdə qeyd edilmiş “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri, çoxsaylı fibroz və bərk ocaqlar şəklində. əhəmiyyətli venitilyasiya pozuntusu” diaqnozunun anamestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığını, buna görə də xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarının verildiyini bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsidir. Lakin iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar