Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1617/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün ehtiyata buraxılarkən xidmət keçdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi vəzifəsində aldığı aylıq pul təminatının bütün növləri göstərilməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək AR Müdafiə Nazirliyində hərbi xidmət keçmişdir. (xx.xx.1992-xx.xx.2001 -ci illərdə idarə rəisi, xx.xx.2001-xx.xx.2008-ci illərdə AR Hərbi Komissarının müavini, xx.xx.2008-xx.xx.2014- AR Silahlı Qüvvələrinin Rusiya Federasiyasında hərbi attaşesi) Ona təyin edilmiş əmək pensiyasının hesablanması ilə razı deyildir. İddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək AR Müdafiə Nazirliyində “hərbi attaşe” vəzifəsinin vəzifə maaşı anlayışı mövcud olub-olmamasını, mövcud olduğu halda hansı tarixdən mövcud olması, ehtiyata buraxılarkən onun vəzifə maaşının hansı vəzifəyə uyğun olması, mənim AR Silahlı Qüvvələrinin Rusiya Federasiyasında hərbi attaşesi vəzifəsində işləyərkən hansı pul təminatı növləri ilə təmin olunduğu, ona hər ay Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin vəzifə maaşının 80 %-i miqdarında əlavə ödəniş olunub-olunmadığı, ödəniş olunduğu halda həmin ödənişin ona əmək pensiyası təyin edilərkən nəzərə alınıb-alınmadığını, ona əmək pensiyası təyin edilərkən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi vəzifəsində xidmət keçərkən aldığı aylıq pul təminatının əsas götürülübgötürülmədiyi barədə ona məlumat verilməsini, əgər əsas götürülməmişdirsə, o halda onun həmin vəzifədə xidmətnin axırıncı ayında aldığı aylıq pul təminatı (sonrakı artımlar da nəzərə alınmaqla) göstərilməklə barəmdə yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciəti bu günə qədər cavabdeh tərəfindən cavablandırılmamışdır. İddiaçı tərəfindən cavabdehin müraciətini cavablandırmaması cavabdehin imtinası kimi qiymətləndirilmişdir. İmtinanı isə əsassız və qanunsuz hesab edir.
3. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı istefada olan polkovnik İddiaçı 01 avqust 1974-cü il tarixdən 27 may 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 27 may 1992-ci il tarixdən 03 dekabr 2014-cü tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, Müdafiə nazirinin 0815 nömrəli 20 noyabr 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq 03 dekabr 2014-cü tarixdən Müdafiə Nazirliyinin aparatının şəxsi heyətinin siyahısından silinmiş, hərbi qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə göndərilmişdir. İddiaçın xidmət illəri: təqvimlə - 40 il 04 ay 02 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 08 il 02 ay 12 gün, ümumi xidmət illəri isə 48 il 06 ay 14 gün təşkil etmişdir. Bildirilmişdir ki, hərbi qulluqçuların pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərclivi barədə məlumatların təqdim olunması Qaydaları” ilə müəyyən edilmiş “Məlumat vərəqi” əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir. Hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci 19 oktyabr il tarixli 562 nömrəli Qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Hərbi qulluqçuların tutduğu vəzifəsinə, xidmət növünə, xidmət müddətinə və hərbi uçot ixtisasına müfafiq olaraq aybaay aldıqları pul təminatına aylıq təminat xərcliyi deyilir. Aylıq təminat xərcliyi (pul təminatı) mütəmadi xarakter daşıyır və aşağıda adları qeyd olunan ödəniş növlərindən ibarətdir: - aylıq vəzifə maaşı; - aylıq rütbə maaşı; - uzun müddət xidmətə görə faiz əlavəsi; o cümlədən vəzifə maaşından hesablanan əlavələr: - məharət (ixtisas) dərəcəsinə görə əlavə; - Azərbaycan Respublikasının iqlim şəraitinə görə əlverişli olmayan yerlərdə xidmətə görə faiz əlavəsi; - şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik pul əlavəsi; - kəşfiyyat fəaliyyəti subyektlərinə məxfiçiliyə görə ödənilən vəzifə maaşına əlavə; - xarici dilləri bilmək üçün verilən üstəlik pul əlavəsi; - Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq müəyyən edilən vəzifə maaşının 20 faizi miqdarında əlavə; - Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq müəyyən edilən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində, həmçinin işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçulara ödənilən əlavə; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq müəyyən edilmiş əməliyyat (komando) hərbi hissələrində və X1 tərkibində olan xüsusi təyinatlı briqadalarda xidmət edən hərbi qulluqçulara ödənilən əlavə; - Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün - üstəlik verilən pul əlavəsi; - hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; - xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; - gündəlik və mənzildə yaşamaq xərcləri; - səhrada (çöldə) xidmətetmə pulu; - ev kirayəetmə pulu. Bu siyahılardan göründüyü kimi, “rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı” ödəniş növü hərbi qulluqçuların aylıq pul təminatının, habelə üstəlik verilən pul təminatı növlərinin tərkibində öz əksini tapmamışdır. Bildirilmişdir ki, “Hərbi attaşelik aparatlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 aprel tarixli 52 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Nazirliyində hərbi attaşe aparatı yaradılmış, həmin Fərmanın 3-cü hissəsinə uyğun olaraq hərbi attaşelik aparatının strukturu Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 20 aprel tarixli 83s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan işçilərin aylıq əmək haqqı sxemi”nə uyğun olaraq hərbi attaşelik aparatında xidmət edən hərbi qulluqçuların əmək haqqı məbləği həmin ölkədəki səfirin maaşına nisbətən faizlə müəyyən edilir. Qeyd edilən sxemə əsasən hərbi attaşenin maaşı səfirin maaşının 85 faizi həcmində müəyyən edilmişdir. Hərbi attaşelik aparatının yerləşdiyi ölkədə ödənilən əmək haqqı pul təminatı deyil. Bu ödəniş həmin ölkə üçün müəyyənləşdirilmiş valyuta növünə uyğun aparılır. Bundan başqa, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.5-ci maddəsinə əsasən hərbi attaşelik aparatlarında xidmət keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi attaşelik aparatında göstərilmiş vəzifələr üzrə təminat xərcliyinin 50 faizi həcmində pul təminatı ödənililir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 17-ci abzasına əsasən rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsi pensiya hesablanması zamanı nəzərə alına bilməz. ’’Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin, ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2020-ci il tarixli Qərarına əsasən rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alına bilməz. Nəticədə, yuxarıda göstərilənlərə istinad olaraq hesab edirik ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi vəzifəsində xarici valyutada Azərbaycan Respublikası Rusiya Federasiyasındakı səfirinin əmək haqqının 85 faizi miqdarında aldığı əmək haqqından sosial sığorta haqqı tutulmadığından, bu gəlir növü onun pensiya təyinatı üçün əsas götürülən təminat xərcliyinə daxil edilə bilməz. Bu səbəbdən də, İddiaçı barəsində aylıq təminat xərcliyinə daxil edilməyən ödəniş növlərinin nəzərə alınmaqla əks etdirən yeni Məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi qanuna müvafiq deyildir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün ehtiyata buraxılarkən xidmət keçdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi vəzifəsində aldığı aylıq pul təminatının bütün növləri göstərilməklə barəsində yeni Məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması”na dair iddia tələbini əsassız olduğuna görə təmin edilməməsi xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1677/2020 nömrəli qərara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) “pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin verilməsi” tələbi ilə bağlı iddiası rədd edilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış T.Salmonovun 2008-2014-cü illər üzrə fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. (İş materiallarına əlavə edilmişdir.)
6. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
7. İddia tələbindən görünür ki, iddiaçı yeni məlumat vərəqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
11. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1677/2020 nömrəli qərara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) eyni əsaslarla - ehtiyata buraxılarkən xidmət keçdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi vəzifəsində aldığı aylıq pul təminatının bütün növləri göstərilməklə barəsində yeni məlumat vərəqinin verilməsi tələbi ilə bağlı iddiası rədd edilmişdir.
12. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hər hansı əlavə araşdırma aparılmadan hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmənin qeyd edilən qənaəti hüquq müəyyənliyi prinsipinə əsaslanır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva