Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16178/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “güzəştli mənzil növbəsinə götürülmə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların ailə üzvləri ilə birlikdə (qızı X4 və bir uşağı) şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların oğlu X5 xx.xx.2023-cü il tarixdə Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri kimi döyüşə qatılaraq Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmiş və Azərbaycan Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilmişdir. İddiaçılar mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmələri ilə əlaqədar cavabdehə müraciət etsələr də, cavabdeh bundan imtina etmişdir. İddiaçılar 2004-cü ildən Bakı şəhərində qeydiyyatsız yaşayırlar. xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mülkiyyətlərində hər hansı bir yaşayış sahəsi və ya torpaq sahəsi yoxdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. İddiaçıların Bakı şəhərində ardıcıl 5 il qeydiyyatda olmadığını nəzərə alaraq yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə iddiaçılarına adına verilmiş xx.xx.2024-cü il tarixli 011733 nömrəli və xx.xx.2024-cü il tarixli 011732 nömrəli şəhid ailəsi üzvlərinin vəsiqələrinin surəti əlavə edilmişdir. İşdə olan XXİ-JQ 250294 saylı doğum haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonu, Zoğallıq kəndində anadan olmuşdur. Atası İddiaçı1, anası isə İddiaçı2dır. İşdə olan AZ-İİ 356531 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və şəhadətnamədə ölüm səbəbi “Hərbi əməliyyatlar nəticəsində odlu silahla zədələnmələr” qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı RİH başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndələyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı2 2004-cü ildən hazıradək Zığ qəsəbəsinin Nizami küçəsindəki fərdi evdə qeydiyyatsız yaşayır. İddia ərizəsinə X1 şəxsi vəsiqəsinin, onun adına verilmiş 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenin və “Vətən uğrunda” medalının surəti əlavə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətinə dair aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İsmayıllı rayonunun Qubaxəlilli kəndində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsi, döngə 2, ev 26B-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İsmayıllı rayonunun Zoğallıq kəndində, xx.xx.2024-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının və iddiaçıların vəkilinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmələri öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçıların mənzil uçotuna götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdeh isə iddiaçının tələbindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, müəyyən kateqoriya vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciətləri əsasında mənzil uçotuna götürülə bilərlər. Yaşayış sahəsinə ehtiyacı olan şəxslər yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələr tərəfindən mənzil uçotuna götürülürlər. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında göstərilmişdir ki:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. İlk öncə qeyd edilməlidir ki, mənzil uçotuna götürülmək üçün yaşayış sahəsinə ehtiyacı olan şəxslər müvafiq yerli icra hakimiyyətinə müraciət edirlər. Qanunvericilikdə belə şəxslər dairəsi konkret olaraq göstərilmişdir. Nəzərə alınmalıdır ki, şəhid ailələri üçün əlavə xüsusi sosial müdafiə mexanizmləri var və digər kateqoriya şəxslərə nəzərən şəhid ailələri barəsində daha xüsusi rejim müəyyən edilməlidir. Belə sosial müdafiə vasitələrindən biri də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır və orada qeyd edilən xüsusatlar öz əksini tapmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İsmayıllı rayonunun Qubaxəlilli kəndində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsi, döngə 2, ev 26B-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İsmayıllı rayonunun Zoğallıq kəndində, xx.xx.2024-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçılar şəhid ailəsi olmasına əsaslanaraq mülkiyyətlərində yaşayış sahəsi olmadığı üçün onların güzəştli şərtlərlə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Cavabdeh isə onların Bakı şəhərində 5 il daimi qeydiyyatlarının olmaması səbəbindən müraciətindən imtina etmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarında yaşayış sahəsinə ehtiyacı olan şəxslərin kateqoriyası konkret olaraq göstərilmişdir. Həmin kateqoriya şəxslərdən biri də ümumiyyətlə “yaşayış sahəsi olmayan şəxslər”dir. Həmin kateqotiya şəxslərin dairəsi sosial kirayə müqaviləsi üzrə sosial kirayə müqaviləsi üzrə kirayəçi olmayanlar, kirayəçinin ailə üzvü olmayanlar, heç bir yaşayış sahəsinin mülkiyyətçisi olmayanlar və mülkiyyətçinin ailə üzvü olmayanlardan ibarətdir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı1 və onun ailə üzvləri xx.xx.1973-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1993-cü il təvəllüdlü X3 adına daşınmaz əmlakın olub-olmaması, habelə iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanının kimə məxsus olması barədə məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Sonuncunun məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi iddiaçıların yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmələrinə əsas verən hallar iş materialları ilə sübut edilmişdir. Belə ki, onların adların heç bir daşınmaz əmlak mövcud deyildir. Həmçinin, qeydiyyatda olduqları mənzil isə başqa bir şəxsin mülkiyyətindədir. Qeyd edilən hallar onların şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülmələrinə əsas verir. Belə olan halda cavabdehin imtinası isə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli və iddiaçıların ailə üzvləri ilə birlikdə (qızı X4 və bir uşağı) güzəştli mənzil növbəsinə qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə (qızları X4 və bir uşağı) şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev