Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16186/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, Cavabdeh2 nümayəndəsi (vəkili) X1, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «sərəncamın və onun əsasında verilmiş sənədlərin, tikintinin istismarına icazənin, torpaq icarəsi müqaviləsinin, əmlakın alqı-satqı müqaviləsinin və hüquqların qeydiyyatı haqqında reyestrdən çıxarışların ləğv edilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdehlər Bakı ŞİH-ə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «sərəncamın və onun əsasında verilmiş sənədlərin, tikintinin istismarına icazənin, torpaq icarəsi müqaviləsinin, əmlakın alqı-satqı müqaviləsinin və hüquqların qeydiyyatı haqqında reyestrdən çıxarışların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndələri (vəkilləri) gəlmişlər, digər cavabdehlər (təmsilçiləri) gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Cavabdeh4 ilə bigə nikah dövründə əmlak (7 mərtəbəli) əldə etmişlər, əmlak 2003-cü ildə tikilməyə başlamış və 2006-cı ildə tikinti işləri başa çatdırılmışdır. Onun məlumatı və icazəsi olmadan həmin əmlakla bağlı keçmiş əri Cavabdeh4 müvafiq sənəncamı qardaşı Cavabdeh3 adına keçirmiş, Cavabdeh3 da əmlaka dair reyestrdən çıxarış almış, bundan sonra əmlak vicdanlı alıcı kimi Cavabdeh2 satılmışdır. Hazırda sərəncamı və reyestdən çıxarışı mübahisələndirir. Reyestrdən çıxarışın mövcudluğu ona bir neçə ay bundan qabaq məlum olmuşdur. İddianı müdafiə edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, iddiaçı sərəncamın mübahisələndirilməsi üzrə 1 saylı iddia müddətini buraxmışdır, bundan başqa o əvvəlcədən Bakı ŞİH-ə müraciət etməmişdir. İddiaçı əmlaka payının müəyyənləşdirilməsi ilə bağlı 2016-cı və 2017-ci illərdə məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən etmişdir ki, birgə nikah dövründə əmlaka dair şəhadətnamə alınmışdır, iddiaçının hüquqları tanınmamışdır, əmlak 40 kv.m ölçüdə olmuşdur ki, o da sökülmüşdür. Hesab olunur ki, iddiaçının subyektiv hüququ yoxdur və iddia müddəti ötürülmüşdür. Ona görə də iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 25.2-ci maddəsinə görə ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı İddiaçı cavabdehlər qismində inzibati orqan Bakı ŞİH-ə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə, fiziki şəxslər Cavabdeh2 və digər fiziki şəxslərə qarşı aşağıdakı tələbləri irəli sürür: - (1-ci tələb) Bakı ŞİH-in 7 mart 2016-cı il tarixli 97 saylı sərəncamının və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi; - (2-ci tələb) Bakı ŞİH-in 15 fevral 2017-ci il tarixli “tikintinin istismarına icazə” sənədinin ləğv edilməsi; - (3-cü tələb) torpaq icarəsi müqaviləsinin və əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi; - (4-cü tələb) obyektə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatıının ləğv edilməsi. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, iddiaçının bu tələbi irəli sürmək üzrə subyektiv hüququ mövcud deyil. Səlahiyyətli orqan kimi Bakı ŞİH-in bir şəxsə verdiyi tikintiyə icazə onun birgə nikah dövründə əldə edilmiş əmlakı deyil. Bakı ŞİH həmin tikintiyə icazə sənədinin başqa şəxsin adına dəyişdirdirilməsi (qanuni əsaslar olubolmamasından asılı omayaraq) birincinin nikahda olduğu şəxsin razılığı ilə də şərtləndirilmir. Bundan başqa, sərəncamın qəbul olunduöu tarixdən 7 ildən artıq vaxt keçdikdən sonra iddia qaldırılmışdır. İddiaçının mübahisə predmeti olan sərəncam barədə konkret hansı tarixdə məlumatlı olması müəyyən edilməsə də, əvvəlki vaxtlarda mübahisələrin başqa predmet üzrə mülki məhkəmə icraatı müstəvisinə keçməsi onun bu barədə həmin dövrlərdə məlumatlılığını istisna etmir. İddiaçının ikinci tələbi üzrə də onu irəli sürmək üçün subyektiv hüququnun mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir. Üçüncü tələblə bağlı məhkəmə diqqətə çəkir ki, iddia inzibati orqana yönəldilməməklə yanaşı, həm də mübahisə predmetinə görə publik deyil, mülki xarakterlidir. İddaçının dövrüncü tələbinə gəldikdə isə məhkəmə vurğulayır ki, biriinci və ikinci tələblərə münasibətdə qeyd olunan xüsusatlar bu tələblə də bağlı mövcuddur. Bundan başqa, iddiaçının aidiyyəti səlahiyyətli inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi müəyyən edilmir. Bütün qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İddianın mümkünlük şərtləri ödənilmədiyindən, qaldırılan iddia tələbləri üzrə cavabdehlərin seçilməsi (onlardan bəziləri inzibati orqan deyil), həmiştirakçılıq, icraatın ayrılması və digər müvafiq məsələlər üzrə iddiaçıya tövsiyələrin verilməsi zərurəti yaranmır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 80.3-cü maddəsinə görə bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-16186/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16186/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver