Məhkəmə qərarları › İş №2-1(112)-16193/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16193/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16193/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “icarə əsasında icarə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti üzrə 12 sentyabr 2011-ci tarixli, 1888 nömrəli Sərəncamla keçmiş 3 nömrəli Zeytun sovxozu ərazisində icarədə olan 0,90 hektar torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 12 sentyabr 2011-ci il tarixli, 1888 nömrəli Sərəncamla rayonun keçmiş 3 nömrəli Zeytun sovxozuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlardan 0,90 hektar torpaq sahəsi icarə qaydasında 99 il müddətə istifadəyə verilmişdir. Ayrılmış torpaq sahəsinə görə iddiaçının müraciəti əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən texniki kadastr sənədi olan “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq 28 sentyabr 2011-ci il tarixdə 17553 nömrə ilə qeydiyyata alınmaqla iddiaçıya verilmişdir. Ötən 12 il ərzində torpaq sahəsindən mütəmadi olaraq istifadə edilmişdir. 14 sentyabr 2023-cü il tarixdə yuxarıda qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması məqsədi ilə tərəfindən torpaqayırma sənədləri təqdim edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş, 19 sentyabr 2023-cü il tarixdə sonuncu tərəfindən iddiaçının icarəsinə verilmiş 0,90 hektar torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi bildirilməklə aidiyyəti üzrə Cavabdeh X1 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. İcarəsində olan torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi ilə əlaqədar 16 oktyabr 2023-cü il tarixdə ərizə ilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək icarədə olan torpaq sahəsi ilə bağlı hazırki istifadə vəziyyətinə dair məlumatların ona verilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müraciəti ilə əlaqədar araşdırma aparılmaqla icarəsində olan torpaq sahəsinin rayonun illik torpaq balansı sənədləri əsasında hal-hazıradək Abşeron rayonunun istifadəçiliyində (sərəncamında) saxlanıldığı bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya verilən xx.xx.2023-cü il tarixli yazılı imtinada qeyd edilmişdir ki, “elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə Cavabdeh Publik Hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.”

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, 3 saylı Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində icarə hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi idarəsinə 14 sentyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, 3 saylı Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.90 ha torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid edilən hissədə yerləşmədiyi, ərazi aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinin məqsədəuyğun olacağı müəyyən olunmuşdur. Cavabdeh qeyd olunanlara əsasən 4 saylı Abşeron Ərazi İdarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

5. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, Sizə icarəyə verilmiş torpaq sahəsi Abşeron rayonunun keçmiş 3 nömrəli Zeytun sovxozuna təhkim edilmiş ərazi hüdudları daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlıdır. İcarənizdə olan torpaq sahəsi də daxil olmaqla sovxoza təhkim olunmuş torpaqların bir hissəsi 2008-ci ildə Bakı şəhərinin idarəçiliyinə qaytarılsa da bu günə qədər illik torpaq balansı sənədlərində Abşeron rayonunun istifadəçiliyindən çıxarılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rayonun torpaq istifadəçiliyinə dair torpaq balansı sənədləri hər il 01 yanvar tarixinə təsdiq olunaraq qeydə alınır.

6. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1888 nömrəli sərəncamına əsasən qərara alınmışdır: Abşeron rayonunun X2 Fondunda saxlanılmış torpaqlardan 3 saylı Qala Zeytunçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,90 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilsin. Fiziki şəxsə tapşırılsın kı, torpaq üzərində hüquqların qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin Abşeron rayon ərazi idarəsi vasitəsi ilə təmin etsin.

7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən xx.xx.2011-ci il tarixdə İddiaçı adına Abşeron rayonu Qala qəsəbəsində yerləşən 9000 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

8. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 097 saylı Abşeron rayonu, Qala qəsəbəsi, 3 saylı Qala Zeytunçuluq sovxozu ərazisində yerləşən istehsalat sexinə dair tikinti obyektinin istismarına icazə verilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə verilmiş keçmiş 3 saylı Zeytun sovxozunun hüdudları daxilində yerləşir.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti üzrə 12 sentyabr 2011-ci tarixli, 1888 nömrəli Sərəncamla keçmiş 3 nömrəli Zeytun sovxozu ərazisində icarədə olan 0,90 hektar torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilmişdir.

12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.

26. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, iddiaçının istifadəsindədir, torpaq sahəsinin iddiaçıya 99 il müddətinə verilməsinə dair Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1911-ci il tarixli 1888 nömrəli sərəncamının və dövlət aktının ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənələrin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, 0,90 ha torpaq sahəsinin koordinatları dövlət aktı ilə müəyyən edilmişdir.

27. Odur ki, iddiaçının hüquqmüəyyənedici sənədlərlə müəyyənləşdirilmiş ölçüsü 0,90 ha olmaqla icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə plan və ölçü sənədinin verilməsinə qanuni gözləntisi var.

28. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 3 nömrəli Zeytun sovxozuna təhkim olunmuş torpaqların bir hissəsi 2008-ci ildə Bakı şəhərinin idarəçiliyinə qaytarılsa da, illik torpaq balansı sənədlərində Abşeron rayonunun istifadəçiliyindən çıxarılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rayonun torpaq istifadəçiliyinə dair torpaq balansı sənədləri hər il 01 yanvar tarixinə təsdiq olunaraq qeydə alınır.

29. Beləlilklə, cavabdeh qurum tərəfindən təqdim edilən dəlillər məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır.

30. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

31. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci bındinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

33. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia təmin edilərək, torpaq sahəsinə dair icarə hüquqlarının qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin 12 sentyabr 2011-ci tarixli, 1888 nömrəli Sərəncamı ilə keçmiş 3 nömrəli Zeytun sovxozu ərazisində icarəsində olan 0,90 hektar torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar