Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-162/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi üçün sığorta stajının təsdiq olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı 24.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay müddətində sığorta stajının əmək pensiyası təyin olunması üçün əsas götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Lakin həyatının çox hissəsini Azərbaycan Respublikasının ərazisində işləyib yaşamışdır. Hal-hazırda Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ilin iyulun 1-dən onun pensiyaya çıxmaq yaşı 63, ümumi əmək stajı isə 25 il olmalıdır. İddiaçının 1977-ci ildən 1989-cu ilə qədər 12 il 6 ay əmək stajı olmuşdur. Müəssisə bağlandığından əmək stajını təsdiq edən sənədləri toplamaq mümkün deyil. Müəssisənin arxivinin bir hissəsi məhv olduğundan işə qəbul haqqında əmrlər də məhv olmuşdur. İddiaçının milli arxivdən aldığı arayışdan görsənir ki, müəssisə arxivə sənədləri təqdim etməmişdir. Lakin onun əmək kitabçasında həmin illərdə işlədiyini təsdiq edən yazılar var. Bundan başqa iddiaçı müəssisənin arxivindən əmək haqqı haqqında cədvəlini də götürə bilmişdir. Həmin illər ərzində onunla birlikdə işləyən X6, X9, X7 onun həmin müəssisədə işlədiyini təsdiq edə bilər. Bundan başqa iddiaçı 1978-ci ildə Sosialist Əmək Yarışının qalibi medalını almışdır. İddiaçı Əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 25 il əmək stajının çatışmaması baxımından rədd cavabı vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 17.01.2022-ci il, **********8 nömrəli Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin qeyd olunan müəssisənin sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialının dövlət mühafizəsinə təhvil verilməmişdir. Əmək kitabçasına baxış keçirilərkən kiril və latın qrafikalı hərflərdən qarışıq olaraq istifadə edilməsi aydın görünür. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında işlədiyi dövr Azərbaycan SSR zamanına təsadüf edir (1977-1989), lakin möhürdə Azərbaycan Respublikası sözlərindən istifadə olunmuşdur. Həmçinin əmək kitabçasında 1 nömrəli qeydin əmək haqqına əsasən yazılması qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəli mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin cədvəl Avtomotorservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş, X2 imzası ilə təsdiqlənmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin müəssisənin bazasında "xxxx" ASC yaradılmışdır. İddiaçı məhkəmə iclası zamanı qeyd etmişdir ki, A.V.Fətəliyeva artıq həmin müəsisədə işləmir. Yəni həmin möhürün hazırda onda olmasının və Avtomotorservis və Ticarət Müəssisəsinin möhürü ilə verilmiş əmək haqqı arayışının heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin illər ərzində onunla birgə işləyən X6, X9, X7 onun həmin müəssisədə işlədiyini təsdiq edə bilər. Lakin А.V.Fətəliyeva 22.03.1963-cü il təvəllüdlüdür, 02.01.1977-ci il tarixdə 14 yaşı olmuşdur. Əmək fəaliyyət qabiliyyəti 15 yaşdan yarandığı halda, A.V.Fətəliyevanın həmin dövrdə iddiaçı ilə birgə çalışması mümkünsüzdür. Onunla yanaşı, X7 isə hazırda əlilliyə görə əmək pensiyası almaqdadır. X10 (PAS) Ə.R.Məmmədovun sosial sığorta stajına nəzər yetirilən zaman əmək fəaliyyətinə 1992-ci il tarixdən sonra başladığı müşahidə olunur. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2020-ci il tarixli 5/583-5/588 nömrəli Ekspert rəyində qeyd olunmuşdur ki, əmək kitabçasının iç üzlüyünün iç hissəsində 1-ci, 2-ci və 3-cü səhifəsində olan əlyazıları və imzalar əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur, əmək kitabçasının 2-ci və 3-cü səhifələrində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür vurulmuşdur. İddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adı (X17) tamamilə fərqlidir. Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xətai rayon xidmət nümayəndəliyi” kimi oxunması qərara alınmışdır. Həmçinin həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində işlədiyi dövr üzrə 12 il 6 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-477/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, “İddiaçının 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinin üzərinə qoyulmuşdur. Bu qərardan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-ci il tarixli, 2-1(103)-1622/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-477/2021 saylı qərarı ləğv edilərək iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 24.12.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən cavadehin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Təkrar məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iş materiallarında olan iddiaçıya məxsus 20.05.2008-ci il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı ona pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 30.1-ci maddəsinin 2019-cu il tarixə olan redakiyasına uyğun olaraq daimi yaşadığı yer üzə DSMF-nin müvafiq şöbəsinə müraciət etmiş, imtina cavabı aldıqdan sonra isə yaranmış inzbati mübahisə ilə bağlı 24.12.2019-cu il tarixdə düzgün olaraq İPM-in 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yer üzrə inzibati məhkəmə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İşdən görünür ki, iddiaçı hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İPM-in 1.2-ci madəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş ilkin olaraq aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən iddaçının sonradan yaşayış yerini dəyişməsindən asılı olmayaraq işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh 25.04.2019-cu il tarixli **********3 nömrəli məktubla iddiaçının minimum iş stajı və ya minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı mövcud olmadığından müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, ƏPQ-nin 7-ci maddəsinin 01.01.2017-ci il tarixədək olan redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ olmuşdur. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Normadan aydın olur ki, şəxsə (kişilər üçün) 01.07.2017-ci il tarixə qədər yaşa görə əmək pensiyasının təyin edilməsi üçün:
1. onu həmin tarixədək 63 yaşı tamam olmalı;
2. azı 12 il sığorta stajına malik olmalı idi. İşdən görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuş, onun 63 yaşı 08.05.2017-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı 01.07.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin ona tətbiq edilməsi üçün birinci tələbi, yəni yaş tələbini ödəmişdir. İkinci tələbə gəldikdə, işdən görünür ki, hazırda mübahisələndirilən əsas məsələ ikinci tələb, yəni iddiaçının zəruri sığorta stajına malik olub-olmamasıdır. Belə ki, iş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 14.11.1972-10.11.1974-cü illərdə hərbi xidmədə olmuşdur (1 il 11 ay 27 gün). İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında “TXE” 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2020-ci il tarixli 5/583-5/588 nömrəli Ekspert rəyindən görünür ki, əmək kitabçasının iç üzlüyünün iç hissəsində 1-ci, 2-ci və 3cü səhifəsində olan əlyazıları və imzalar əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur, əmək kitabçasının 2-ci və 3-cü səhifələrində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür vurulmuşdur. Məhkəmə iclasında iddiaçı əmək kitabçasının yandığını, təqdim edilən əmək kitabçasındakı qeydlərin müəssisə tərəfindən sonradan, əmək haqqı cədvəllərinə əsasən yazıldığını bildirmişdir. İş materiallarından görünür ki, Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi 30.06.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin dövlət qeydiyyat qovluğundakı təsis sənədlərinin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İşdə olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 210 nömrəli 31.05.2002-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” İstehsalat Birliyinin tabeliyində olan Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən Sumqayıt Avtomotoservis və ticarət müəssisəsinin çevrilməsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 210 nömrəli 31.05.2002-ci il tarixli Sərəncamına əlavədən görünür ki, Sumqayıt Avtomotoservis və ticarət müəssisəsinin ayrıca özəlləşdirilməsi nəzərdə tutulan obyektlərinə 1 saylı texniki emalatxanası, 2 saylı texniki emalatxanası, vulkanizasiya sexi və yağlama sexi daxil olmuşdur. Beləliklə, iddiaçının əmək kitabçasında göstərilən müəssisənin mövcud olması, daha sonra isə həmin müəssisənin bazasında "xxxx" ASC-nin yaradılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. "xxxx" ASC apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə ünvanlandığı 19.08.2021-ci il tarixli, 04 saylı məktubunda bildirmişdir ki, Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsinin bazasında AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəllədirilməsi Departamentinin 31.05.2002-ci il tarixli 210 nömrəli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsi özəlləşdirildikdən sonra, onun bazasında çalışmış işçilərin işə qəbulu və işdən olunmaları barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir məlumata malik deyil. Lakin, “Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsinin maliyyəarxiv sənədlərində 1977-1989-cu illər üçün əmək haqqı kitabından çıxarışa əsasən Авилов Субхан Умбат (X18) oğluna çalışdığı iş günlərinə uyğun olaraq əmək haqqı hesablanmışdır. Məktubun qoşmasına 1977-1989-cu illər üçün əmək haqqı kitabından çıxarışların surətləri əlavə edilmişdir. İşdə olan 07.11.1978-ci il tarixli vəsiqədən görünür ki, Sumqayıt Rayonlararası Stansiyada avtoçilingər işləyən iddiaçıya 1978-ci il tarixli Sosialist Müsabiqəsinin qalibi vəsiqəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, o, 1984-2005-ci illərdə müəssisədə işləmiş, əmək kitabçasında qeyd edilənə əsasən müəssisənin adı 1988-ci ildən etibarən Sumqayıt Rayonlararası Stansiya Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsi adlandırılmış, iddiaçı da həmin müəssisədə işləmiş, vəzifəsi çilingər olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, o, 1976-cı ildən Sumqayıt Nəqliyyat avadanlıqlarına texniki xidmət stansiyasında işləmiş, 1978-1981-ci illərdə hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra 1997-ci ilə kimi həmin müəssisədə işləmiş, müəssisənin adı 1988-ci ildə dəyişdirilmişdir. İddiaçı ilə həmin müəssisədə işləyərkən tanış olmuşdur, təxminən 15 ilə yaxın bir yerdə işləmişlər. İddiaçı 1 nömrəli emalatxanada çilingər işləmişdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının əmək kitabçasındakı qeydlərin sonradan yazılması işin mübahisəsiz halıdır. Lakin bu hal həmin qeydlərin düzgün olmaması, yəni iddiaçının həmin müəssisədə işləməməsi qənaətinə gəlmək üçün hələ kifayət deyil. Çünki birincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış Əsasnamənin: - 3.7-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. - 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. - 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Yuxarıda sadalananlardan görünür ki, iddiaçının əmək kitabçası olmadığından yeni əmək kitabçası verilmiş, bu zaman müvafiq qeydlər onun işlədiyi müəssisəsinin hüquqi varisi tərəfindən aparılmışdır. İkincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Göründüyü kimi, qanunvericilikdə iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamış, əmək kitabçası ilə yanaşı digər sənədlərlə də şəxsin ümumi iş stajının müəyyən edilməsinin mümkünlüyü müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçıya işlədiyi müəssəsisə tərəfindən müsabiqə qalibi kimi vəsiqə verilmiş, əmək haqqı cədvəllərinə əsasən əmək haqqı almışdır, məhkəmə iclasında ifadə verən şəxslər iddiaçının işləməsi faktını təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin sonradan tərtib edilməsi və həmin qeydlərin hazırda yoxlanılmasının mümkünsüzlüyü onun həmin dövrlərdə işləməməsi mənasını verməməlidir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhz göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər əmək haqqı cədvəlləri və şahid ifadələri ilə öz təsdiqini tapdığından 02.01.1977-ci ildən 16.06.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında 3-cü dərəcəli çilingər kimi işlədiyi 12 il 5 ay 19 gün iddiaçının iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda isə aydın olur ki, iddiaçı ona 63 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəyir. Cavabdehin etirazının dəlillərinə gəldikə, cavabdeh əmək haqqı cədvəlinin X2 imzası ilə təsdiq edildiyini, onun isə artıq həmin müəssisədə işləmədiyindən əmək haqqı cədvəllərinin mötəbər sayılmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, A.Fətəliyeva "xxxx" ASC-nin təsisçilərindən biridir və 21.01.2019-cu il tarixədək ASC-nin qanuni təmsilçisi olmuşdur. Əmək haqqı cədvəlləri A.Fətəliyeva tərəfindən imzalansa da, apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq 19.08.2021-ci il tarixdə "Sumqayıt Avtomotoservis” ASC özü də həmin əmək haqqı cədvəllərinə istinad etmiş və həmin sənədləri mötəbər saymaqla məhkəməyə təqdim etmişdir. Cavabdeh həmçinin iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adının (X17) tamamilə fərqli olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya məxsus 347743 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının adı, soyadı və atasının adı “X8” kimi qeyd edilmiş, daha sonra Xətai rayon VVADQ şöbəsi tərəfindən soyadın “Avilzadə” kimi qəbul edilməsi barədə qeyd edilmişdir. İddiaçıya məxsus hərbi biletdə də onun ad, soyad və ata adı əmək kitbaçında olduğu kimi qeyd edildiyi müəyyən olunsa da, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində onun ad, soyad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tədqiq olunan sənədlərdən aydın olur ki, iddiaçıya məxsus ilkin sənədlərin rus dilində tərtib edilməsi sonradan Azərbaycan dilində tərtib edilmiş sənədlərlə fərqliliyin yaranmasına səbəb olmuşdur və bu hal iddiaçıya pensiya təyinatından imtina üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçının cavabdehə müraciəti 2019-cu ildə olmuşdur). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 63 yaşının tamam olduğu 08.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova